Martın 1-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Polis sahə inspektorlarının fəaliyyətinin yeni tələblərə uyğunlaşdırılması ilə bağlı tədbir keçirilib, sahə inspektorları üçün xidməti çantaların təqdimatı olub.
Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov açıb.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov çıxış edərək muxtar respublikada ictimai sabitliyin, təhlükəsizliyin və asayişin qorunmasında əsas faktor olan Daxili İşlər Nazirliyinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmaqla hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasından ətraflı danışıb. Vurğulanıb ki, Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirədəki çıxışında polis sahə inspektorlarının təkmilləşdirilməsinin zəruriliyinə toxunaraq müvafiq tapşırıqlar verib. Bu baxımdandır ki, 2021-ci ilin noyabr ayında Daxili İşlər Nazirliyinin ştat strukturu yenidən hazırlanarkən nazirlik üzrə mövcud olan sahə inspektorunun ştat sayı artırılıb, muxtar respublikada mövcud olan hər bir inzibati ərazi dairəsi üzrə 1 polis sahə inspektoru ştatının yaradılması təmin olunub. Eyni zamanda sahə inspektorlarının fəaliyyətinə nəzarətin və işin səmərəsinin artırılması məqsədilə onların tabeçilik üzrə xidmət sahəsi olan şəhər, rayon polis idarələrinin ictimai təhlükəsizlik şöbələrinə 1 baş inspektor ştat vahidi əlavə edilib, həmin strukturların statusunun yüksəlməsi ilə əlaqədar polis sahə inspektorlarının aylıq əməkhaqqı orta hesabla 23,7 faiz artırılıb.
Diqqətə çatdırılıb ki, göstərilən hərtərəfli dövlət qayğısına, yaradılan şəraitə baxmayaraq, sahə inspektorlarının xidmətində də bəzi nöqsan və çatışmazlıqlar mövcud olub. Polis sahə inspektorlarının fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulması üçün İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanlarının ictimai təhlükəsizlik xidmətləri polis sahə inspektorlarının fəaliyyətini təkmilləşdirməli, aktiv çalışmalı, sahə inspektorlarının onlara təhkim olunmuş ərazilərdə xidməti vəzifələrini qanunvericiliyin tələblərinə uyğun qurmaları üçün daim əməli köməklik göstərməli, vətəndaşlarla ünsiyyətdə etik qaydalara, nizam-intizama, forma geyim qaydalarına ciddi əməl edilməsini nəzarətdə saxlamalıdır. Habelə vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinə ciddi yanaşılmalı, səlahiyyətlərinə aid olmayan müraciətlər daxil olduğu təqdirdə vətəndaşlara hüquqları izah olunaraq aidiyyəti üzrə yönləndirilməlidir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini Zahid Gözəlov çıxışında qeyd edib ki, ictimai təhlükəsizlik xidməti sahəsi üzrə fəaliyyətin günün tələbləri səviyyəsində qurulması, təkmilləşdirilməsi məqsədilə, ilk növbədə, polis sahə inspektorlarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində proqram hazırlanaraq məşğələlər keçirilib, onlara gündəlik fəaliyyətlərində istifadə olunan sənədlərin tərtibatı və inzibati qanunvericiliyin tətbiqi zamanı düzgün qərarların qəbul edilməsi əyani vasitələrlə izah edilib. Əlavə tədris məşğələləri təşkil olunub, polis sahə inspektorunun vəzifələri xüsusi kitabça formasında çap olunub, əməliyyat şəraitinin təhlili barədə yaddaş və xidməti ərazinin pasport yoxlaması kitabı yenidən hazırlanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxışında bildirib ki, sahə inspektorlarının fəaliyyət ərazisinin müəyyən edilməsi onların xidmətinin təşkilində əsas rol oynayır. İstər sovetlər dövründə, istərsə müstəqillik əldə etdikdən sonra sahə inspektorlarının fəaliyyət ərazisi qeyri-müəyyən olub. Geniş ərazidə xidmət aparılması sahə inspektorunun fiziki imkanları xaricində olmaqla xidmətin təşkilində problemlər yaradır, sahə inspektoru bu kəndlərə bəzən aylarla gedə bilmirdi. Beləliklə, sahə inspektorunun cavabdehliyi şərti xarakter daşımaqla, inzibati ərazidə hadisə baş verdikdə gəlmə halı istisna olmaqla profilaktik iş aparılmır, ərazidə digər hüquqpozmalar və qanunazidd hərəkətlər qeydə alınmırdı.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bu sahədə yeni yanaşma – 1 icra nümayəndəsi – 1 sahə inspektoru prinsipinin tətbiq edilməsinə başlanıldı. Lakin nazirliyin əvvəlki hər iki rəhbərliyi bu yanaşmanın əhəmiyyətini dərk etmədiyindən tətbiqi tam həyata keçirilə bilməyib. Hazırda ilk dəfə olaraq muxtar respublikada həyata keçirilməyə başlanıb. Qeyd olunub ki, 1 noyabr 2021-ci il tarixdə təsdiq edilən yeni ştat strukturunda qeyd edilən istiqamət nəzərə alınaraq bir inzibati ərazi dairəsinə 1 sahə inspektoru nəzərdə tutulub, böyük qəsəbə və kəndlərdə, şəhərlərdə isə əhali sayı nəzərə alınmaqla sahə inspektorları bölünüb. Bununla da 1 sahə inspektoru – 1 icra nümayəndəsi prinsipinin tətbiqi üçün tam komplektləşmə aparmaq mümkün olub. Əvvəllər isə sahə inspektorlarının əvəzinə digər xidmətlərin ştat sayının artırılması işdə dönüş yaratmayıb, əksinə polis əməkdaşlarının özləri tərəfindən qanunazidd əməllərə yol verilməsinə səbəb olub.
Cəlil Rüstəmov bildirib ki, Naxçıvan Muxtar Respublikasında inzibati ərazi bölgüsü zamanı idarəetmənin asanlaşdırılması nəzərə alınıb və inzibati ərazidəki dövlət strukturlarının vahid məkanda xidmət göstərməsini təmin etməyə yönəlib. Ali Məclis Sədrinin birbaşa təşəbbüskarı və müəllifi olduğu ağıllı və vahid mərkəzdən idarəetmə forması qanunla ayrılan xidməti ərazidə fəaliyyət göstərən bütün qurumların vahid xidmət mərkəzində əlaqəli fəaliyyət göstərməsinə, xidməti əraziyə birgə məsuliyyət daşımağa, ərazinin problemlərini birgə həll etməyə imkan verir. Bu yanaşma xidmətin qurulmasında yenilikdir, çox uğurlu və səmərəlidir. Buna görə də polis sahə inspektorları da bu idarəetmə modelinin bir parçası olmaqla ərazinin icra nümayəndəsi və digər dövlət qurumları ilə birlikdə xidməti vəzifələrini icra etməlidir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə polis sahə inspektorlarının fəaliyyətinin qanunauyğun və səmərəli təşkilinə dəstək məqsədilə onlar üçün xidməti çanta hazırlanıb. Çantada polis sahə inspektorunun fəaliyyətinin əsasını təşkil edən normativ aktlar, sənədləşmə nümunələri, fəaliyyət istiqamətləri üzrə yaddaş, pasport yoxlaması kitabı və xidmətin ardıcıllığını təmin edən digər vasitələr yerləşdirilib. Xidməti çantada bütün istiqamətlər üzrə fəaliyyət qaydası nəzərdə tutulub.
Polis sahə inspektorları “Sahə inspektorlarının xidməti əraziyə nəzarət etməsi və görməli olduğu işlərə dair Yaddaş”ın icrasını nəzarətdə saxlamalı, bu sənəddə göstərilən məsələlər əhaliyə izah olunmalıdır. Sahə inspektorları üçün hazırlanmış xidməti çanta, ilk növbədə, intizamın daha da möhkəmlənməsi üçün vacibdir. Xidməti çanta sahə inspektoruna daha da rəsmiyyət verməklə nüfuzunun artmasına, xidməti fəaliyyətini dərhal sənədləşdirməyə, zəruri blank və sənəd nümunələrinin hər zaman yanında olmasına şərait yaradır. Ondan istifadəyə isə polis sahə rəisləri nəzarət etməlidir. Xidməti çantanın itirilməsi, korlanması və səliqəsiz saxlanması məsuliyyət yaradır. Nazirliyin aidiyyəti qurumları xidməti çantada olan istiqamətverici sənədlərin təkmilləşdirilməsini, yeni vəzifələr müəyyənləşdikcə yenilənməsini, o cümlədən sənədlərdən düzgün istifadə olunmasını nəzarətdə saxlamalıdırlar.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru slaydlar vasitəsilə xidməti çanta ilə bağlı məlumat verib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov tədbirə yekun vuraraq tətbiq olunan yeniliklərin polis sahə inspektorları tərəfindən daim diqqətdə saxlanılacağına əminliyini ifadə edib, onlara işlərində ugurlar arzulayıb.
Sonda polis sahə inspektorlarına xidməti çantalar təqdim olunub, polis sahə inspektorunun fəaliyyətinə və yaradılmış xidmət şəraitinə həsr olunmuş filmə baxış olub.