Yanvarın 14-də Çərçiboğan kənd mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, 2 mərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub, 38 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 6141 kitab vardır. Rabitə evində 672 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Hazırda kənddə 255 internet istifadəçisi vardır.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 339 üzvü vardır ki, onlardan da 78-i gənc, 61-i isə qadındır. Ərazi ilk təşkilatının sədri Minayə Nəbiyeva partiya üzvləri və kənd ictimaiyyəti adından minnətdarlıq edərək deyib: Bu gün Çərçiboğan kəndində əhalinin rahatlığına xidmət edəcək yeni sosial obyektlər istifadəyə verilir. Bütün bunlar isə hakim partiya olan Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində mümkün olmuşdur. Belə ki, partiyamızın qurucusu ümummilli liderimiz Heydər Əliyev demişdir: “Mən həytımda üç şeyə arxalanmışam: Yaradanıma, xalqıma və zəhmətimə”. Həqqiətən də ümummilli liderimiz bütün həyatıboyu yaradanına inanaraq zəhməti ilə xalqına xidmət etmişdir. Uzun müddətdir ki, şahidi oluruq ki, Siz Heydər Əliyev ideologiyasını davam etdirirsiniz. İllərdir yorulmadan xalqınıza xidmət edirsiniz. Həm xalqınıza bağlılığınızdan dolayı, həm də kəndimizə bəxş etdiyiniz bu sevinc hissinə görə partiya təşkilatımız adından Sizə dərin minnətdarlığımızı bildirirəm.
Bildirilib ki, Çərçiboğan kəndində baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq baytarlıq müşahidələri aparılır, dezinfeksiya və dezinseksiya tədbirləri görülür.
Sonra iclas zalında sakinlərlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çərçiboğan kəndinin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: Bu gün Çərçiboğan kəndində yaradılan şərait bir kəndin timsalında ölkəmizdəki dövlət-xalq birliyinin göstəricisidir. Dövlətin insanlara göstərdiyi qayğının nümunəsidir. Eyni zamanda görülən işlər sakinlərin rahat yaşamasına hesablanmışdır. Əgər kənddə şərait varsa, insanların rahatlığı təmin olunubsa, onların işləməsi, fəaliyyət göstərməsi üçün lazımi şərait varsa, o kənddə inkişaf olacaq, məskunlaşma artacaqdır. Həyata keçirilən tədbirlər imkan verəcək ki, kənd bundan sonra da inkişaf etsin , daha da abadlaşsın, torpaqlar əkilsin, insanların yaşayış şəraiti daha da yaxşılaşsın. Əgər bir ölkədə sabitlik varsa, o ölkə inkişaf edəcəkdir, orada insanlar rahat yaşayacaq, insanların rifah halı yaxşılaşacaqdır. Azərbaycan 30 ildir müstəqil yaşayaraq inkişaf etmiş dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bütün bunlara dövlət-xalq birliyi və ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqət nəticəsində nail olunub. Ümummilli liderimiz Heydər Əliyev yolunun bəhrəsi də yaradılan bu şəraitdir.
Kənd ağsaqqalı İbrahim İbrahimov sakinlər adından minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin gəlişi muxtar respublikanın hər yerində olduğu kimi, bizim kəndimizdə də böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanır. Muxtar respublikanın hər yerində quruculuq işləri sürətlə aparılır və qədim diyar günü-gündən gözəlləşir. Naxçıvanın hər yerində yeni tipli məktəb binalarının salınması gənc nəslin elmli, savadlı olmasına və dünyagörüşünün formalaşmasına böyük təsir edir. Bu gün bizim də kəndimizdə müasir tələblərə cavab verən məktəb binasının, kənd və xidmət mərkəzlərinin, musiqi məktəbinin, həkim ambulatoriyasının və yeni çəkilmiş yolun istifadəyə verilməsi kənd sakinləri arasında böyük sevinclə qarşılanır. Əvvəlcə rayona gedib-gəlmək çətin idi. Kənd sakinləri çox əziyyət çəkirdi. İndi isə yollarımız abadlaşıb, kəndin küçələri asfalt döşəmə ilə örtülüb, telefon, internet, qaz və elektrik xətləri yenilənib. Bir sözlə, kəndimiz öz simasını tamamilə dəyişərək şəhər görkəmi alıb. Çərçiboğan kəndinin insanları çox zəhmətkeş, torpağa bağlıdırlar. Sakinlər əkinçilik, maldarlıq və arıçılıqla məşğul olurlar. Əldə etdikləri məhsulları həm bazara, həm də keçirilən festival və yarmarkalara çıxararaq yaxşı qazanc əldə edirlər. Biz də söz veririk ki, bundan sonra da təsərrüfatlarımızı genişləndirəcək, torpaqlarımızı əkib-becərəcək, kənd təsərrüfatının inkişaf etdirilməsində əlimizdən gələni əsirgəməyəcəyik. Söz veririk ki, qurulub-yaradılanları göz bəbəyimiz kimi qoruyacaq və gələcək nəsillərə ötürəcəyik”. İbrahim İbrahimov Ali Məclisin Sədrini doğum günü münasibəti ilə rayon sakinləri adından təbrik edib.