Vələver kəndində həyata keçirilən quruculuq işləri çərçivəsində kənd avtomobil yolu da yenidən qurulub.
Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, ümumi uzunluğu 5,1 kilometr olan yola asfalt örtük salınıb, 29 su keçidi qoyulub, 640 metr beton su kanalı çəkilib, 1 körpü təmir edilib və 225 metr istinad divarı tikilib.
Sonra sakinlərlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Bu gün 3 kəndi özündə birləşdirən Vələver kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisi tamamilə abadlaşdırılıb. Kənd müasir kəndlər sırasına daxil olub. Yollar yenidən qurulub, elektrik, qaz xətləri yenilənib, məktəb tikilib, feldşer-mama məntəqəsi və dövlət orqanları üçün müasir iş şəraiti yaradılıb. Bir sözlə, kəndin bütün ehtiyacları nəzərə alınıb. Ölkəmiz 30 ildir ki, müstəqil dövlətdir. Müstəqilliyimizin ilk illəri çətin dövrləri idi. Həmin illərdə ölkədə qarışıqlıq, vətəndaş müharibəsi hökm sürür, eyni zamanda torpaqlarımız işğala məruz qalırdı. Lakin ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik və inkişafın təməli qoyuldu. Ölkə Prezidentinin bu gün o yolu uğurla davam etdirməsinin nəticəsidir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini tutub. Uzun illər işğal altında olan torpaqlarımız azad olunub. Bu gün ölkəmiz quruculuq meydanına çevrilib, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə başlanılıb və insanların yaşayışının yaxşılaşdırılması üçün lazım olan işlər həyata keçirilir. Vələver kəndində görülən işlər də ölkəmizin inkişafının göstəricisidir. Həyata keçirilən tədbirlər insanların rahat yaşayışına, kəndin gələcək inkişafını təmin edilməsinə hesablanıb.
Ali Məclisin Sədri deyib: Kənddə ailə təsərrüfatları inkişaf edib, meyvəçilik, maldarlıq, heyvandarlıq və arıçılıq formalaşıb. Bütün bunlar ölkəmizdəki sabitlik, inkişaf və dövlət-xalq birliyi nəticəsində mümkün olub. Qurulanlar işin bir tərəfidirsə, onların qorunması, uzun müddət istifadə edilməsi işin əsas tərəfidir. Sakinlər də gərək qurulanlardan səmərəli istifadə etsin. Sakinlər çalışmalıdır ki, Vələver, Başkənd və Qoruqlar kəndləri bundan sonra da inkişaf etsin, yeni evlər tikilsin, məskunlaşma və təsərrüfatlar artsın.
Ali Məclisin Sədri kompleks quruculuq işlərində iştirak edənlər və zəhməti olanlara təşəkkür edib, sakinləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edib.
Vələver kənd sakinləri adından minnətdarlıq edən ziyalı Muxtar İsmayılov deyib ki, muxtar respublika sürətlə inkişaf edir. Bu inkişafı görməmək mümkün deyil. Ulu öndər Heydər Əliyevin yolunun muxtar respublikada uğurla davam etdirilməsinin nəticəsidir ki, bu illər ərzində Naxçıvanın elə bir yeri yoxdur ki, orada quruculuq işləri aparılmasın. Ən ucqar kəndlərdə belə abadlıq işləri görülüb, yollar çəkilib, sosial obyektlər qurulub. Bu gün Naxçıvan 100 faiz qazlaşdırılıb, bütün evlər işığa qərq olub, elektrik, rabitə xətləri çəkilib, sürətli internetdən geniş istifadə olunur. Təkcə son 3 ay ərzində Ordubad rayonun 3 kəndində abadlıq-quruculuq işləri tamamlanmışdır. Əndəmic, Dırnısda və bu gün Vələver kəndində sosial obyektlər istifadəyə verilib. Bu gün Vələver kəndində elə bir küçə, döngə yoxdur ki, orada yollara asfalt salınmasın. Kənd şəhərə çevrilib. Əvvəlki məktəbdə qış ayları çətinliklə üzləşirdik. Lakin bu gün 3 mərtəbəli müasir məktəb ucaldılıb. Bu il bizim üçün uğurlu oldu. Gələn il də xalqımız üçün uğurlu, bərəkətli il olsun, dədə-baba yurdlarından qaçqın düşən ailələr öz yurdlarına qayıtsınlar. Muxtar İsmayılov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbriklərini çatdırıb.