Oktyabrın 25-də Dərvişlər kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub və 38 yerlik zal yerləşir. Kitabxana fondunda 3945 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 48 internet istifadəçisi vardır.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 84 üzvü vardır ki, onlardan da 18-i gənc, 18-i isə qadındır. Ərazi ilk təşkilatının sədri İsmayıl Ağayarov yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir: “Ali Məclis Sədrinin gəlişi muxtar respublikamızın hər yerində olduğu kimi, bizim kəndimizdə də böyük ruh yüksəkliyi yaratmışdır. Həyata keçirilən quruculuq işləri kəndimizə müasir görkəm vermişdir. Bu gün istifadəyə verilən müasir sosial obyektlər kənd sakinlərinin rahat yaşayışını təmin edəcəkdir. Bütün bunlar isə hakim partiya olan Yeni Azərbaycan Partiyasının fəaliyyətinin nəticəsində mümkün olmuşdur. Təşkilatımızın üzvləri kənddə gedən bütün siyasi proseslərdə fəallıq göstərirlər”.
Bildirilmişdir ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, rayonda bu sahədə heç bir xəstəlik müşahidə olunmur.
Ali məclisin Sədri dezinfeksiya işlərinin vaxtında aparılması və dərmanla təminat barədə tapşırıqlar vermişdir.
Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin tikilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilmişdir.
Məntəqə müdiri Nəzakət Mehdiyeva yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir: “Əvvəllər uyğunlaşdırılmış binada fəaliyyət göstərirdik. İndi bizim üçün müasir iş şəraiti yaradılmış, feldşer-mama məntəqəsi zəruri tibbi avadanlıqlarla təmin olunmuşdur. Bu qayğıya cavab olaraq bundan sonra da daim əhalinin sağlamlığının keşiyində duracağıq”.
Ali Məclisin Sədri tibbi xidmətin, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi, rayon mərkəzi xəstəxanasından həkim briqadalarının bura göndərilməsi barədə tapşırıqlar vermişdir.