Yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkələrinin istifadəyə verilməsi insanların rahatlığına xidmət edən mühüm sosial tədbirdir. Muxtar respublikada bu sahədə kompleks işlər həyata keçirilir, əhali ekoloji təmiz və dayanıqlı içməli su ilə təmin olunur. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni içməli su və kanalizasiya şəbəkələri qurulur.
Oktyabrın 1-də Araz kəndində içməli su və kanalizasiya şəbəkəsinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Məlumat verilmişdir ki, Babək rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi əsasında Araz kəndinə içməli su Nehrəm qəsəbəsinə çəkilmiş ana xətdən götürülərək verilir. Kənddə 14,3 kilometr içməli su xətti çəkilmiş, 53 ev birləşməsi aparılmış, sayğac quraşdırılmış, su şəbəkəsi üzərində 2 yanğın hidrantı, müxtəlif diametrli 22 siyirtmə və 2 suboşaldıcı qoyulmuşdur. Araz kəndində 8,8 kilometr daxili kanalizasiya şəbəkəsi çəkilmiş, 53 ev birləşməsi aparılmış, şəbəkə Babək şəhər kanalizasiya xəttinə qoşulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz kənd içməli su şəbəkəsinin açılışını bildirən qurğunu işə salmışdır.