Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi iyul ayında da fəaliyyətini qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində qurub. Bu dövrdə vətəndaşlar arasında hüquqi-maarifləndirmə tədbirləri diqqətdə saxlanılıb, profilaktikaya geniş yer verilib. Ay ərzində aparılan maarifləndirmə işləri nəticəsində əhalidən 3 avtomat, 1 tapança, 2 qaz tapançası, 8 ov, 3 tir silahı, 1 əl qumbarası, 1 beşbarmaq, 5 xəzinə, 1068 döyüş sursаtı götürülüb.
İyul ayında polis sahə inspektorları da üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşaraq mülki hüquqi öhdəliklərin icrasından yayınan 6 nəfər barəsində axtarış işi açıb, həmin şəxslər tutularaq açılma göstəricisi 100 faiz təşkil edib.
Nazirliyin Dövlət Yol Polisi İdarəsi tərəfindən 630 sürücülük vəsiqəsi, 233 dövlət qeydiyyat nişanı, 635 qeydiyyat şəhadətnaməsi verilib, 46 nəqliyyat vasitəsinin ilkin, 552 nəqliyyat vasitəsinin təkrar qeydiyyatı aparılıb. Həmçinin ay ərzində ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqələrinin vaxtlı-vaxtında verilməsi də diqqətdə saxlanılıb, 1610 nəfər ümumvətəndaş pasportu, 5729 vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Nazirliyin “Səyyar xidmət’’i tərəfindən vətəndaşlara göstərilən xidmət də davam etdirilib. Şərur, Ordubad və Sədərək rayonlarında 1297 vətəndaşa şəxsiyyət, 126 vətəndaşa sürücülük vəsiqəsi, 19 nəfərə məhkumluq haqqında arayış verilib. Bunlarla yanaşı, iyul ayında Bakı şəhərinə ezam olunan aidiyyəti xidmət əməkdaşları tərəfindən Azərbaycanın digər bölgələrində yaşayan 2487 muxtar respublika sakini biometrik şəxsiyyət vəsiqəsi ilə təmin edilib.