Bu gün ölkəmizdə səhiyyənin inkişafı dövlət siyasətinin əsas istiqamətini təşkil edir. Muxtar respublikamızda da müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edir, yeni səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır.
Fevralın 5-də Yuxarı Əndəmic kənd həkim ambulatoriyasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanıb.
Məlumat verilib ki, ambulatoriyada baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat otaqları və aptek vardır. Müəssisə stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa və digər tibbi avadanlıqlarla təmin olunub.
Binada fərdi istilik sistemi quraşdırılıb.