Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin həllinə qayğı ilə yanaşaraq demişdir: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkəmizin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür. Son nəticədə ən önəmli sahə budur. Neft-qaz tükənən sərvətlərdir… Ancaq təbiət, ətraf mühit – bu, daimi sərvətdir. Əsrlər boyu, minilliklər boyu təbiət olub, kainat olub, dünya olubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq”.
Naxçıvan Muxtar Respublikasında təbiətin mühafizəsinə, yaşıllıq sahələrinin artırılmasına xüsusi diqqət və qayğı göstərilir. Muxtar respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Hər il yeni meyvə bağları, meşə zolaqları salınır, təbiətin zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Havaların isti keçdiyi bu günlərdə isə meyvə bağlarına və yaşıllıq zolaqlarına aqrotexniki qaydada qulluq göstərmək, ağacları vaxtlı-vaxtında suvarmaq mühüm əhəmiyyət daşıyır.
İyulun 11-də muxtar respublikada iməciliklər keçirilib, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin kollektivləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığında terras üsulu ilə salınan 15 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak ediblər. Ötən illər ərzində meyvə bağında 9300 müxtəlif meyvə ağacları, eləcə də üzüm kolları əkilib, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb. Vaxtlı-vaxtında göstərilən aqrotexniki qulluğun nəticəsidir ki, artıq ağaclar məhsul verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib.