Ərzaq təhlükəsizliyinin təmin olunmasında su ehtiyatlarından səmərəli istifadə mühüm amildir. Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələnin vacibliyini vurğulayaraq demişdir: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.
Muxtar respublikada aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı sisteminin müasirləşdirilməsi əsas istiqamət kimi götürülür, elmi əsaslara söykənən təhlillər aparılır, mütərəqqi suvarma şəbəkələri və nasos stansiyaları qurularaq istifadəyə verilir. Yaradılan şərait torpaq və su ehtiyatlarından səmərəli istifadə ilə yanaşı, əkinçiliyin inkişafına və bol məhsul istehsalına səbəb olmuşdur. Bu da əhalinin məşğulluğunun və rifahının yaxşılaşmasına xidmət edir. Son illər bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikanın Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında 5 min hektara yaxın torpaq sahəsində qapalı suvarma şəbəkələri qurulmuş, su təminatı olmayan və uzun müddət əkilməyən torpaqlar yenidən əkin dövriyyəsinə qatılmışdır. Bu il də Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri tikilir.
Martın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsinin tikintisinə baxıb.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verib ki, qapalı suvarma şəbəkəsi Böyükdüz kəndində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin, eləcə də dövlət və bələdiyyə mülkiyyətində olan 800 hektar ərazini əhatə edəcəkdir. Tikinti zamanı 5197 metr ana xətt və 73 min 217 metr paylayıcı boru xətti çəkiləcəkdir. Ümumilikdə qapalı suvarma şəbəkəsi qurularkən 80 kilometrdən artıq boru xətləri çəkiləcək, torpaq sahələrinin dayanıqlı su təminatı yaradılacaqdır. Xətlərin üzərində 145 sutənzimləyici siyirtmə, 780 hidrant və 138 suboşaldıcı quraşdırılacaqdır.
Bildirilib ki, yeni suvarma şəbəkəsinin qurulması da torpaqlardan daha səmərəli istifadə olunmasına imkan verəcəkdir. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən1300 hektar sahədə taxıl əkilmişdir. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada taxıl əkini zamanı toxuma olan tələbat yerli istehsal hesabına ödənilir.
Böyükdüz kəndində qurulacaq qapalı suvarma şəbəkəsinin su təminatı Araz su anbarında tikiləcək pilləli nasos stansiyası vasitəsilə həyata keçiriləcəkdir. Su anbarında hər birinin gücü saniyədə 1500 litr olan 2 nasos quraşdırılacaq və ikinci nasos stansiyasına qədər 2 kilometrlik boru xətti çəkiləcəkdir. İkinci nasos stansiyası üçün ərazidə yeni bina və hovuz inşa olunacaq, hər birinin gücü saniyədə 840 litr olan 3 nasos quraşdırılacaqdır. Nasos stansiyasından su 3,8 kilometrlik boru xətti ilə Böyükdüz kəndi ərazisindəki 4 min kubmetr həcmi olan paylayıcı hovuza vurulacaq və öz axını ilə qapalı suvarma şəbəkəsinə ötürüləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Muxtar respublika kənd təsərrüfatı rayonudur. Ona görə də aqrar sahənin inkişafına hərtərəfli diqqət göstərilir, yeni suvarma şəbəkələri tikilir. Bu il də muxtar respublikada əsas investisiya qapalı suvarma şəbəkələrinin qurulmasına və nasos stansiyalarının tikintisinə ayrılmışdır. Böyükdüz kəndi ərazisində yeni qapalı suvarma şəbəkəsi qurulduqdan sonra “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün ayrılmış 1500 hektardan artıq torpaq sahəsi əkin üçün tam yararlı vəziyyətə gətiriləcək, eyni zamanda dövlət və bələddiyə mülkiyyətində olan torpaqların su təminatı yaxşılaşdırılacaqdır. Şahbuz rayonunun Sələsüz, Türkeş və Mərəlik kəndlərinin ərazilərində qapalı suvarma şəbəkəsinin, eyni zamanda rayonun Külüs kəndində nasos stansiyasının qurulması isə 1600 hektara yaxın torpaq sahəsini əkin dövriyyəsinə qatacaqdır. Həyata keçirilən bu layihələr muxtar respublikada ərzaq təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edilməli, torpaqlar əkilməli, bol məhsul istehsal olunmalı, qapalı suvarma şəbəkəsinin tikilməsinə sərf olunan vəsait geri qayıtmalıdır.
Ali Məclisin Sədri torpaqların düzgün qeydiyyata alınması və kateqoriyaların uyğun icarəyə verilməsi, tikinti işlərinin mühəndis texniki tələblərə uyğun aparılması və payız əkin mövsümünə qədər başa çatdırılması, yeni qapalı suvarma şəbəkələrinin qurulması ilə bağlı layihələrin hazırlanması barədə tapşırıqlar verib.
Böyükdüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Saleh Quliyev yaradılan şəraitə görə sakinlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, torpaqlardan səmərəli istifadə edəcəklərinə, əkin sahələrini genişləndirəcəklərinə söz verib.