Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib. İclası daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında qeyd olunduğu kimi, daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb, məktəb üçün müasir kompleks istifadəyə verilib. Əhali arasında hüquq maarifi və profilaktik tədbirlərin gücləndirilməsinin nəticəsidir ki, cinayətkarlıq üzrə göstəricilərin aşağı səviyyədə olması qorunub saxlanılıb.
Sonra muxtar respublikanın daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov 2019-cu ildə daxili işlər orqanları tərəfindən görülmüş işlərin nəticələri ilə bağlı məruzə edib.
Qeyd olunub ki, daxili işlər orqanları böyük məsuliyyət hissi ilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək 2019-cu ildə bütün fəaliyyət sahələri üzrə əvvəlki illərin göstəricilərindən daha yüksək nəticələr əldə edib. Təkcə cinayətkarlığın dinamikasına nəzər yetirəndə 2018-ci illə müqayisədə 2,5 dəfə azalmanın müşahidə olunması qeyd edilənlərə əyani sübutdur.
Vurğulanıb ki, 2019-cu ildə Daxili İşlər Nazirliyi və Prokurorluq tərəfindən qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin tutulması, eləcə də cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilib.
İnsan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmayıb, – deyən general-leytenant Fazil Ələkbərov bildirib ki, 2019-cu ildə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı 2018-ci illə müqayisədə 12 inzibati fakt artıq aşkar edilib. Qanunsuz saxlanılan silahların yığılması istiqamətində də mühüm tədbirlər görülüb. Əhali arasında aparılan maarifləndirmə tədbirlərinin nəticəsidir ki, vətəndaşlar
tərəfindən 319 müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil verilib. Bu da 2018-ci ilin göstəricisindən 20,1 faiz çoxdur.
Kollegiya iclasında vətəndaş-polis münasibətlərinin qurulması, yetkinlik yaşına çatmayanlarla işin təşkili sahəsində görülən tədbirlər də ətraflı təhlil olunub.
Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyəyə çatdırılması da xüsusi vurğulanıb. Qeyd edilib ki, hazırda Şərur rayonu ərazisində əməliyyat taboru üçün yüksək standartlar səviyyəsində tikilən kompleks hərbi qulluqçuların xidmət və yaşayış şəraitini yüksəltməklə yanaşı, ərazi üzrə istənilən döyüş tapşırığını operativ yerinə yetirməyə əlavə stimul yaradacaq.
Daxili işlər naziri biometrik şəxsiyyət vəsiqələrinin verilməsi məsələsinə də münasibət bildirib. Qeyd olunub ki, bu prosesə keçid ölkəmizin inkişafının bariz nümunəsidir.
Vətəndaş məmnunluğunun təmin edilməsi də kollegiya iclasında diqqət mərkəzində dayanıb. Vurğulanıb ki, muxtar respublikada insan amillinə yüksək dəyər verilir. Səyyari xidmətin fəaliyyəti vətəndaşlar arasında böyük məmnunluq hissi yaradaraq daxili işlər orqanlarının nüfuzunu daha da möhkəmləndirib. Hesabat dövrünün yekunu və hərtərəfli təhlili onu göstərir ki, muxtar respublikanın daxili işlər orqanları 2019-cu ildə də qarşıda duran vəzifələrin icrasına, ictimai asayişin və təhlükəsizliyin etibarlı qorunmasına məsuliyyətlə yanaşıb, cinayətkarlığa qarşı mübarizə sahəsində qətiyyətli mövqe nümayiş etdirib.
Məruzə ətrafında müzakirələrdə təşkilat-inspeksiya idarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov, ictimai təhlükəsizlik idarəsinin rəisi, polis polkovniki Ələşrəf İbrahimov, Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Ayaz Quliyev, Şərur Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Nəriman İbrahimov və başqaları çıxış ediblər.
Sonra kollegiyanın qərarı qəbul olunub.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general- leytenant Fazil Ələkbərov yekun vuraraq 2020-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar şəxsi heyətə müvafiq tapşırıqlar verib. Əmin olduğunu bildirib ki, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmini sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən qarşıya qoyulan vəzifələr, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlar tam həcmi ilə yerinə yetiriləcək. Sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması təmin edilərək Naxçıvanın cinayətsiz region statusu qorunacaq, əldə olunmuş nəticələr daha da artırılacaq.