Muxtar respublikada müasir səhiyyə müəssisələrinin qurulması və icbari tibbi sığortaya keçid bu sahədə xidmətin səviyyəsini yüksəldib.
Dekabrın 28-də Böyükdüz kəndində həkim ambulatoriyasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.
Bildirilib ki, lazımi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 9 xidməti otaq, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, doğuş, manipulyasiya, peyvənd, fizioterapiya kabinəsi, qeydiyyat və aptek vardır. Qeydiyyat otağında icbari tibbi sığortanın tətbiqi üçün şərait yaradılıb.
Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Fizioterapiya kabinəsi isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultra yüksəktezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təchiz edilib.
Tibb işçisi Gözəl Babayeva əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərə görə minnətdarlıq edib.
Ali Məclisin Sədri həkim ambulatoriyasında səhiyyə işinin düzgün təşkili və icbari tibbi sığortanın tətbiqi ilə bağlı tapşırıqlar verib.