Muxtar respublikada qurulan qapalı suvarma şəbəkələri kənd yerlərində əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verir. Son illər istifadəyə verilən qapalı suvarma şəbəkələri hesabına 5 min hektara yaxın yeni torpaq sahələri əkin dövriyyəsinə qatılıb.
Dekabrın 6-da Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Məlumat verilib ki, qapalı suvarma şəbəkəsi qurulmamışdan əvvəl Türkeş kəndinin bu ərazilərini suvarmaq mümkün deyildi. Lakin 343 hektar torpaq sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsi kənddə əkinçiliyin inkişafına mühüm töhfə verəcəkdir. Heydər Əliyev Su Anbarından qidalanan “Əcəmi-1” və “Əcəmi-2” pilləli nasos stansiyaları vasitəsilə su Türkeş kəndi ərazisindəki hovuza vurulur və öz axını ilə qapalı suvarma şəbəkəsinə ötürülür. Hovuzdan sahələrə qədər 1500 metr uzunluğunda magistral, 2100 metr ana xətt, diametri 200 millimetrlik plastik borularla 32 min 184 metr paylayıcı boru xətti çəkilib. Paylayıcı boru xətlərinin üzərində 332 suvarma hidrantı və üç istiqamətə çıxışı olan dəmir-beton hovuzlar quraşdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib: Bu il Türkeş kəndinin həyatında əlamətdar il olmuşdur. Kənddə geniş quruculuq işləri aparılmış, 350 hektara yaxın pay torpaqlarını əhatə edən qapalı suvarma şəbəkəsi qurulmuşdur. Həyata keçirilən bu tədbirlər insanların rahat yaşayışı və məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Qapalı suvarma şəbəkəsi Azərbaycan Respublikası Prezidentinin Pivot layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma sistemlərinin quraşdırılması barədə imzaladığı müvafiq Sərəncama əsasən ayrılmış vəsait hesabına tikilmiş, bununla da muxtar respublikada 350 hektara yaxın məhsuldar torpaqlar əkin dövriyyəsinə qatılmışdır.
Ali Məclisin Sədri deyib: Qapalı suvarma şəbəkəsinin qurulması və torpaqların əkin dövriyyəsinə qatılması muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Eyni zamanda kənd sakinlərinin yaşayış səviyyəsi yaxşılaşır. Ərazidə görülən işlərin həcmi çox böyükdür. Tikinti işləri aparılarkən 35 kilometrdən artıq müxtəlif diametrli borularla yeraltı şəbəkə qurulmuşdur. Bu işlərin görülməsi üçün dövlət vəsaiti sərf olunmuşdur. Ona görə də torpaqlar əkilməli, yaradılan şəraitdən səmərəli istifadə olunmalıdır. Ərazinin daimi su təminatı, torpaqların münbitliyi və məhsuldarlığı burada ikinövbəli əkinlərin aparılmasına da imkan verəcəkdir. Bir sözlə, görülən işlər öz bəhrəsini verməli, kənd sakinləri muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında iştirak etməlidirlər.
Ali Məclisin Sədri deyib: İnsan var ki, sağlığında əməlləri ölkəsinə, xalqına xeyir verir. İnsan da var ki, həm sağlığında, həm də yoxluğunda onun əməlləri yaşayır, insanlara doğru yol göstərir. Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolu, əməlləri yaşayır və bəhrəsi göz qabağındadır. Türkeş kəndində aparılan quruculuq işləri, istifadəyə verilən qapalı suvarma şəbəkəsi də Ulu Öndərin siyasi xəttinin bəhrəsidir. Kənddə torpaqların əkilməsi, təsərrüfatların inkişafı, istehsal olunan məhsulların satışı üçün hər cür şərait yaradılıb. Məqsəd muxtar respublikanı, ölkəmizi daha da inkişaf etdirməkdir.
Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin yerli mütəxəssislər tərəfindən qurulduğunu bildirib, bu münasibətlə Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşlarına təşəkkür edib.
Kənd sakini Əli Mehnətov minnətdarlıq edərək deyib: “Türkeş qədim türk kəndidir. Kəndin bugünkü inkişafı bizim üçün möcüzədir. Çünki kənddə 70 ildə görülə bilməyən işlər 7 ayda həyata keçirilib. Bura yolu düşənlər Türkeşi cənnət hesab edəcəklər. Dünya standartlarına uyğun yol, gözəl məktəb, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi insanlara göstərilən qayğının ifadəsidir. Su həyat, canlanma deməkdir. Su varsa, deməli dolanışıq da var. Muxtar respublikada elan olunmuş “Ailə təsərrüfatları ili”ndə Türkeş kəndində qapalı suvarma şəbəkəsinin qurulması sakinlərin hədsiz sevincinə səbəb olub. Bütün bunlar ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir. Ölkəmiz, xalqımız daha böyük uğurlar əldə edəcəkdir. Qoy uğurlarımıza dostlar sevinsin, düşmən isə xar olsun”.
Sonra Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsini işə salıb.
Ali Məclisin Sədri torpaqların əkin atlasına uyğun əkilməsi, kənd sakinlərinin məhsuldar toxum sortları, gübrə və texnika ilə təmin olunması, güzəştli kreditlərin verilməsi və yeni qapalı suvarma şəbəkələrinin qurulması barədə aid təşkilatlara tapşırıqlar verib.