Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Məclisin Sədri qonaqları salamlayıb, Naxçıvanla əlaqələrin inkişafına və nümayəndə heyətinin səfərinə verdiyi dəstəyə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət və ehtiramını bildirib.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında qarşılıqlı münasibətlərin əsasının qoyulduğunu bildirən Ali Məclisin Sədri ötən dövrdə ordu quruculuğu, təhsil, səhiyyə və iqtisadi sahələrdə əlaqələrin inkişaf etdiyini, İğdırda Naxçıvan Ticarət Evinin fəaliyyət göstərdiyini qeyd edib. Ali Məclisin Sədri Naxçıvanın Moskva və Qars müqavilələrinə əsasən təsbit olunan muxtariyyət statusunu xatırladıb, muxtar respublikada inkişafın, xüsusilə ərzaq və enerji təhlükəsizliyinin təmin olunduğunu bildirib, mövcud potensialın əməkdaşlıq üçün daha geniş imkanlar açdığını vurğulayıb.
Ali Məclisin Sədri ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq Azərbaycan-Türkiyə əlaqələrinin nümunə gücündə olduğunu diqqətə çatdırıb, nümayəndə heyətinin səfərinin Naxçıvanda istehsal olunan məhsulların Türkiyəyə ixrac imkanlarının artırılması baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.
Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqay səmimi qəbula görə nümayəndə heyəti adından minnətdarlıq edib, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırıb.
Ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən Rza Tuna Turaqay qardaş ölkənin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb. Qonaq Naxçıvan Muxtar Respublikasının qısa müddətdə böyük inkişaf yolu keçdiyini və bunun mövcud əlaqələrin inkişafı üçün geniş imkanlar açdığını qeyd edib. Türkiyə Respublikasının Ticarət nazirinin müavini Naxçıvan məhsullarının Türkiyə bazarlarına çıxarılması imkanlarının artırılmasına mühüm əhəmiyyət verdiklərini və nümayəndə heyətinin səfərinin bu baxımdan önəmli olacağını bildirib.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.