Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının yüksəlməsinə və rahat yaşayışının təminatına hesablanıb. “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyub. Quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir. Şərur rayonunun Muğanlı və Alışar kəndlərində yeni sosial obyektlərin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Muğanlı kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib
Oktyabrın 21-də Muğanlı kənd tam orta məktəbinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Bildirilib ki, 224 yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla 14 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat, kompüter, müəllimlər otaqları və idman zalı yerləşir. Laboratoriyalarda şagirdlərin nəzəri biliklərini artırmaları üçün hərtərəfli şərait yaradılıb. Kitabxana fondunda 1086 dərslik və 2764 bədii ədəbiyyat olmaqla, 3850 kitab vardır. Zəngin təfəkkürə malik gənc nəslin yetişdirilməsində kitabxanaların əhəmiyyəti nəzərə alınıb, şagirdlərin maraq dairəsinə uyğun dövrləşmə aparılıb, ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, eləcə də oxunması zəruri olan kitablardan ibarət guşələr yaradılıb. Eyni zamanda yeddinci siniflər üçün “Naxçıvan tarixi” dərsliyi hazırlanaraq məktəblərə verilib.
Məktəbdə təhsilin informasiyalaşdırılması, internetə çıxışı olan 17 kompüterin və elektron lövhəli siniflərin istifadəyə verilməsi interaktiv tədrisin tətbiqinə, şagirdlərdə innovativ düşüncənin formalaşdırılmasına, gənc nəslin müasir, intellektual və savadlı yetişməsinə imkan verəcəkdir. Elektron lövhəli siniflərdə Hüseyn Cavidin Ev Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs, o cümlədən elektron dərsliklərdən istifadə imkanları nümayiş olunub.
Bildirilib ki, məktəbdə dəqiq elmlərin tədrisinə xüsusi diqqət yetirilir. Son 5 ildə məktəbin məzunlarından 9-u dəqiq elmlər üzrə ali təhsillərini davam etdirirlər. Məktəbin fizika müəllimi Aybəniz Seyidova yaradılan şəraitə görə minnətdarlıq edib.
Gənclərin əqli inkişafında, onların asudə vaxtlarının səmərəli təşkilində və dəqiq elmlərə yönləndirilməsində şahmatın mühüm rolu vardır. Məktəbdəki şahmat sinfi lazımi avadanlıqlar və dərsliklərlə təmin edilib.
İdman zalında yaradılan şərait, eləcə də məktəbin həyətində açıq idman qurğularının istifadəyə verilməsi şagirdlərin fiziki tərbiyəsində mühüm rol oynayacaqdır. Hərbi kabinə şagirdlərdə həm vətənpərvərlik tərbiyəsinin formalaşdırılması, həm də onların hərb sənətinə marağının artırılmasına hesablanıb.
Sonra məktəbin müəllimləri ilə görüş olub.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarına əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, cari ilin sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılıb. Bununla yanaşı 2018-ci ildən etibarən müəllimlərin işə qəbulu sahəsində mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq edilib. Müəllimlərin əməyi də daim yüksək qiymətləndirilib, muxtar respublikanın təhsil müəssisələrində çalışan müəllimlərdən 117-si Azərbaycan Respublikasının Əməkdar müəllimi, 187-si Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb, 108-i isə “Tərəqqi” medalı ilə təltif edilib. Həyata keçirilən kompleks quruculuq tədbirləri zamanı yeni məktəb binalarının inşasına xüsusi diqqət yetirilib. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Muğanlı kənd tam orta məktəbinin müəllimi Gözəl Rəhimli deyib: “Məktəbdə yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almalarına geniş imkan açmaqla yanaşı, müəllimləri də daha yaxşı işləməyə ruhlandırır. Muxtar respublikada gənclərin ali təhsil almaları, işlə təmin olunmaları üçün gözəl şərait yaradılıb. Bunun nəticəsidir ki, mən də 2014-cü ildə 536 balla Naxçıvan Dövlət Universitetinin tarix ixtisasına qəbul olunmuş və həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişəm. Arzum müəllim işləmək idi. Gənc müəllimlərin işlə təmin olunması ilə bağlı keçirilən müsabiqədə iştirak etdim və tarix fənni üzrə 71 bal toplayaraq Şərur rayon Muğanlı kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başladım. Təhsilə və muxtar respublika gəncliyinə göstərdiyiniz diqqət və qayğıya görə bütün gənc müəllimlər adından minnətdarlığımızı bildiririk. Əmin edirik ki, yaradılanları qoruyacaq, onlardan səmərəli istifadə edəcək, gənc nəslin təlim-tərbiyəsində səylə çalışacaq, etimadı doğruldacağıq”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Muğanlı kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Muğanlı kənd tam orta məktəbinin yaxşı təhsil ənənələri vardır. Məktəb öz nailiyyətləri ilə daim seçilib. Ötən tədris ilindəki nailiyyətləri onu deməyə əsas verir ki, bu gün də məktəbdə ənənələr yaşadılır, nizam-intizama, tədrisin səviyyəsinə xüsusi diqqət yetirilir.
Ali Məclisin Sədri deyib: Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının tərkib hissəsi kimi muxtar respublikada da bu sahənin inkişafı diqqətdə saxlanılır, məktəblər yenidən qurulur, müasir tədris avadanlıqları ilə təmin olunur, müəllim hazırlığı aparılır. Ümumtəhsil məktəbləri ilə yanaşı, orta ixtisas və ali təhsil məktəblərində də gənclərin təhsili üçün hərtərəfli şərait yaradılır, tələbata uyğun yeni ixtisaslar açılır. Bütün bunlar ölkəmizdə təhsil sahəsində həyata keçirilən işlərə nümunədir.
“Təhsil ölkənin gələcəyidir. Hər bir ölkənin gələcəyini görmək üçünsə ilk növbədə onun gəncliyinə nəzər salmaq lazımdır. Çünki vətənpərvər və təhsilli gənclik ölkənin etibarlı gələcəyidir. Ölkəmizdə təhsilə göstərilən qayğının əsas məqsədi də gələcəyimiz üçün təhsilli və vətənpərvər gənclər hazırlamaqdan ibarətdir”, – deyən Ali Məclisin Sədri bildirib ki, təhsilin inkişafında müəllim hazırlığı, onların fəaliyyətləri üçün yaradılan şərait və əməklərinə verilən qiymət mühüm əhəmiyyətə malikdir. Bu məsələ ölkəmizdə diqqət mərkəzində saxlanılır, müəllimlərin əməkhaqları artırılır. 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ərəfəsində muxtar respublikanın 12 müəlliminin ölkəmizin medal, eləcə də Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunması bunu bir daha təsdiq edir. Yaradılan şərait imkan verir ki, müəllimlər daha səylə çalışaraq gələcəyimiz olan gəncləri hərtərəfli hazırlasınlar.
Ali Məclisin Sədri deyib: Gənclərin müxtəlif peşə sahələrinə yönləndirilməsi məktəbin qarşısında duran əsas vəzifədir. Çünki məktəbi bitirən hər bir gənc mütləq bir peşə sahibi olmalıdır. Bugün muxtar respublikanın bütün ərazisində internetə çıxışın təmin edilməsi, “Evədək optika” layihəsinin icrası həm də gənclərin hərtərəfli inkişafına hesablanmışdır. Dərslərin qavrama yolu ilə öyrədilməsi şagirdlərin intellektual inkişafında vacib məsələdir. Muğanlı kənd tam orta məktəbindəki elektron lövhələr, laboratoriyalar, fənn kabinələri, internetə çıxışı olan kompüterlər, kitabxana imkan verir ki, müəllimlər dərsləri qavrama yolu ilə öyrətsinlər.
Muğanlı kənd tam orta məktəbinin son beş ildəki nailiyyətlərinin muxtar respublikanın ümumi orta göstəricisindən yüksək olduğunu qeyd edən Ali Məclisin Sədri kollektivə təşəkkür edib, məktəbin təhsil ənənələrinin bundan sonra da qorunub saxlanacağına əminliyini bildirib.
Binanın həyətində bufet və fərdi qazanxana tikilib, abadlıq işləri aparılıb, yaşıllıq salınıb.