Muxtar respublikada mütərəqqi suvarma şəbəkələrinin qurulması torpaq və su ehtiyatlarından səmərəli istifadəyə, eləcə də yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına səbəb olub. Son illər Babək, Culfa və Kəngərli rayonlarında 5 min hektara yaxın sahədə qapalı suvarma şəbəkəsi qurulub.
Avqustun 8-də Kəngərli rayonunun Yurdçu kəndində yeni qapalı suvarma şəbəkəsinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, qapalı suvarma şəbəkəsi 117 hektar sahədə qurulub. “Qıvraq-1” nasos stansiyası vasitəsilə su Arpaçay sol sahil kanalından Yurdçu kəndindəki hovuza vurulur və öz axını ilə əraziyə ötürülür. Sahəyə suyun verilməsi üçün 1400 metrlik ana xətt və 9700 metrlik paylayıcı boru xətti çəkilib. Boru xətlərinin üzərində 2 siyirtmə, 100 suvarma hidrantı və üç tərəfə çıxışı olan dəmir-beton hovuzlar qoyulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Yurdçu kəndində 108 hektar pay torpağını və Qıvraq qəsəbəsində 9 hektar bələdiyyə torpağını əhatə edən qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətlə sakinləri təbrik edərək deyib: Torpaqların əkilməsi hər bir ölkənin inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib məsələlərdəndir. Muxtar respublikada da yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, onların su təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Çünki muxtar respublikanın 5,5 min kvadratkilometr ərazisinin cəmi 161 min hektarı əkinəyararlı torpaqlardır. Hazırda həmin torpaqların 62 min hektara yaxınında əkin aparılır ki, onun da 51 min hektarı suvarılan ərazilərdir.
Ali Məclisin Sədri deyib: Muxtar respublikada mütərəqqi suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərin tərkib hissəsidir. Yurdçu kəndində qapalı suvarma şəbəkəsinin qurulması da torpaq mülkiyyətçilərinin pay torpaqlarından səmərəli istifadə etməsinə, məşğulluğun təmin olunmasına və bol məhsul istehsalına imkan verəcəkdir. “Kitabi-Dədə-Qorqud” dastanında da yazılır ki, “Torpağı əkmirsənsə qorumağına, qorumursansa əkməyinə dəyməz”. Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiəsini təmin etmişdir. Torpaqlarımız etibarlı şəkildə qorunur. Qarşıda duran digər vəzifə isə torpaqların əkilməsidir. Ona görə də hər il muxtar respublikada ardıcıl olaraq meliorasiya və irriqasiya tədbirləri həyata keçirilir, yeni suvarma şəbəkələri qurulur, torpaqların su təminatı yaxşılaşdırılır. Bu il Kəngərli rayonunda 180 hektara yaxın sahədə qapalı suvarma şəbəkəsi qurulub. Hazırda Şahbuz rayonunun Türkeş kəndində 300 hektara yaxın ərazidə qapalı suvarma şəbəkəsinin qurulması, Külüs kəndində 400 hektar ərazini əhatə edəcək nasos stansiyasının tikintisi davam etdirilir. Bütün bunlar ərzaq təhlükəsizliyinin və insanların məşğulluğunun təmin olunmasına hesablanmışdır. Gələcəkdə də bu işlər davam etdiriləcəkdir. Ona görə ki, muxtar respublika blokada şəraitindədir. Əhalini ərzaqla təmin etmək üçün torpaqlar mütləq əkilməli, yeni və mütərəqqi suvarma şəbəkələri qurulmalıdır.
Ali Məclisin Sədri deyib: Muxtar respublikanın torpaqları şoranlaşmaya meyillidir. Ona görə də əkinçilikdə şırım üsulunun tətbiqi və qapalı suvarma şəbəkələrinin qurulması əsas məsələdir. Kənd Təsərrüfatı Nazirliyi, eləcə də digər aid təşkilatlar və torpaq mülkiyyətçiləri şoranlaşmanın qarşısının alınması üçün əkin qaydalarına əməl etməlidirlər. Çünki torpaqların qorunması və bol məhsul istehsalı bu sahəyə yönəldilən vəsaitin ölkə daxilində qalmasına səbəb olur. Hazırda muxtar respublikada tələbatdan artıq istehsal olunan taxıl və bostan-tərəvəz məhsulları dövlət tərəfindən alınaraq anbarlara tədarük edilir. Bu isə əhalinin ilboyu yerli məhsullarla təminatına imkan verir.
Ali Məclisin Sədri Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşları tərəfindən qapalı suvarma şəbəkəsinin keyfiyyətlə qurulduğunu bildirib, bu işdə əməyi olanlara təşəkkür edib.
Yurdçu kənd sakini İlham Abbasov minnətdarlıq edərək deyib: “Qapalı suvarma şəbəkəsinin qurulması kənd sakinlərinin böyük sevincinə səbəb olub. Çünki Yurdçu kəndinin sakinləri əsasən əkinçiliklə məşğul olur. Əkinçilikdə isə başlıca amil su təminatıdır. Uzun illər su çatışmazlığı səbəbindən torpaq sahələrimiz əkilməyib. Bu gün artıq dövlətimizin iqtisadi gücü bu məsələlərin həll olunmasına imkan verir. Son illərdə Kəngərli rayonunda qurulan qapalı suvarma şəbəkələri min hektarlarla torpağı əkin dövriyyəsinə qatıb. Dövlətimizin yaratdığı bu şəraitdən səmərəli istifadə edəcəyik. Hazırda uzun illər istifadə olunmayan torpaqlarda payızlıq taxıl əkininə hazırlıq görülür. Bütün bunlar sakinlərin rifahının yaxşılaşmasına hesablanıb”.
Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin tikintisində əməyi olanlara hədiyyələr təqdim edib və suvarma şəbəkəsini işə salıb.
Sonra Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin əhatə etdiyi sahənin əkilməsi, torpaq mülkiyyətçilərinin keyfiyyətli toxum sortları ilə təmin olunması və ərazidə qoruyucu yaşıllıq zolaqlarının salınması barədə tapşırıqlar verib.