Mayın 8-də Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yeni alınmış angioqrafiya aparatının təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Göstərilən qayğının nəticəsidir ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar Sədərək, Şərur və Kəngərli rayon Mərkəzi xəstəxanalarına, Şərur Rayon Uşaq xəstəxanasına yeni avadanlıqlar alınıb. Diaqnostika Müalicə Mərkəzində süni ağciyər – Ekstrakorporal Membran Oksigenasiya aparatı quraşdırılıb, səhiyyə müəssisələrinə yeni təcili yardım avtomobilləri verilib, tibbi sığortanın tətbiqinə hazırlıq işləri ilə əlaqədar bütün rayon və şəhər tibb müəssisələrində proqram təminatının yaradılmasına başlanılıb. “Nəxşicahan Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Doğum Mərkəzinə hamilələrdə döldə və yeni doğulmuşlarda ürək qüsurunun aşkar olunması üçün stasionar exo-kardioqraf aparatı hədiyyə edilib. Bütün bunlar əhalinin müayinə və müalicəsində əsaslı dönüş yaradıb. Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində xəstəliklərin diaqnostik müayinə və müalicəsi üçün ən yeni avadanlıqlar və həmin cihazlarda işləyən ixtisaslı kadrlar mövcuddur. Bu işlərin davamı olaraq Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yeni angioqrafiya aparatı alınaraq quraşdırılıb. Niyazi Novruzov göstərilən qayğıya görə tibb işçiləri və burada müalicə olunanlar adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin angioqrafiya üzrə həkim-kardioloqu Nail Mehbalıyev deyib: Son illər səhiyyə sisteminin yenidən qurulması və dünya standartlarına uyğunlaşdırılması bu xidməti keyfiyyətcə daha da yaxşılaşdırıb, xəstəliklərin profilaktikası və əhalinin sağlamlığının qorunması sahəsində dönüş yaranıb. Ötən ildən publik hüquqi şəxs statusu alan Naxçıvan Diaqnostika Müalicə Mərkəzi bir çox yeniliklərə imza atıb. Artıq bu səhiyyə müəssisəsinin yüksək ixtisaslı həkimləri tərəfindən müstəqil şəkildə xəstələr üzərində açıq ürək, angioqrafiya, laporoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatlar uğurla həyata keçirilir. Bu gün ürək-damar sistemi xəstəliklərinin erkən diaqnostikasında əvəzsiz rolu olan yeni angioqrafiya aparatının istifadəyə verilməsi muxtar respublikada səhiyyənin inkişafına göstərilən qayğının davamıdır. Kollektiv adından minnətdarlıq edən Nail Mehbalıyev bundan sonra da əhalinin sağlamlığı keşiyində duraraq fəaliyyətlərini daha da artıracaqlarını, qarşıya qoyulmuş vəzifələrin, tövsiyə və tapşırıqların icrası üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycanda səhiyyənin inkişafı ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu istiqamət üzrə, eləcə də verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq həyata keçirilir. Ulu Öndərimiz deyirdi ki, “Azərbaycanın ən qiymətli sərvəti onun vətəndaşlarıdır”. Ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması isə müasir səhiyyə sisteminin qurulmasından asılıdır. Bu gün Ümummilli Liderimizin səhiyyənin inkişafı ilə bağlı müəyyənləşdirdiyi vəzifələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da ən son tibbi avadanlıqlar quraşdırılmış səhiyyə müəssisələri istifadəyə verilir.
Ali Məclisin Sədri deyib: Naxçıvan Diaqnostika Müalicə Mərkəzi fəaliyyətə başlayarkən alınan angioqrafiya aparatı həmin dövrün tələblərinə cavab verirdi. Lakin bütün sahələr kimi, səhiyyə də inkişaf edir, xəstəliklərin müalicəsində müasir avadanlıqlardan istifadə olunur. Muxtar respublikada da bu amil əsas götürülür, ixtisaslı kadr təminatına və tələbata uyğun yeni tibbi avadanlıqlar alınıb quraşdırılır. Vaxtilə muxtar respublikanın həkim və tibb işçiləri normal şəraiti, avadanlıq və dərman təminatı olmayan səhiyyə müəssisələrində çalışırdılar. Bu gün isə muxtar respublika həkimləri müasir avadanlıqlarla təmin olunmuş səhiyyə müəssisələrində əhaliyə tibbi xidmət göstərirlər. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikadan kənara xəstə axınının qarşısı alınmışdır.
Ali Məclisin Sədri bu nailiyyətə görə həkim və tibb işçilərinə təşəkkür edərək deyib: Yeni alınmış angioqrafiya aparatı səhiyyənin son nailiyyətlərindəndir. Azərbaycan üzrə ikinci belə aparat muxtar respublikada qurulmuşdur. Naxçıvan Diaqnostika Müalicə Mərkəzindəki mövcud angioqrafiya aparatı isə kardioloji mərkəzə verilmişdir. Bu da həm xəstələrin müalicə üçün digər yerlərə üz tutmamalarına, həm də ixtisaslı həkimlərin yetişməsinə imkan verəcəkdir. Vaxtilə muxtar respublikanın səhiyyə müəssisələrinə yeni tibbi avadanlıqlar alınarkən mütəxəssis çatışmazlığı onlardan istifadəyə imkan vermirdi. Lakin ötən dövrdə səhiyyənin inkişafı ixtisaslı həkimlərin yetişməsinə də səbəb olmuşdur.
“Tibb müəssisəsi qurmaq, yeni avadanlıqlar almaqla yanaşı, ixtisaslı kadrların hazırlanması da səhiyyənin inkişafında əsas məsələdir”, – deyən Ali Məclisin Sədri bildirib ki, muxtar respublikada ixtisaslı tibbi kadrların hazırlanması diqqətdə saxlanılır. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılması, fakültə üçün xəstəxananın istifadəyə verilməsi, yeni tədris korpusunun qurulması, Naxçıvan Tibb Kollecinin fəaliyyətinin təmin olunması və həkimlərin xarici ölkələrdə kurslara göndərilməsi tibbi kadrların hazırlanması işinə mühüm töhfə verir. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi də uğurla aparılır. Artıq muxtar respublikanın üç rayonunda bu işlər həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan səhiyyəsi inkişaf mərhələsindədir.
Ali Məclisin Sədri muxtar respublikada səhiyyənin inkişafında əməyi olanlara təşəkkür edib, yeni alınmış angioqrafiya aparatına baxıb.
Məlumat verilib ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzi istifadəyə verilən dövrdə burada “Fillips” markalı angioqraf aparatı quraşdırılmışdı və bu günə kimi həmin aparatla 1500-dən artıq angioqrafiya əməliyyatı yerinə yetirilib. Lakin hazırda texniki göstəriciləri daha yüksək olan çoxfunksiyalı cihazlar mövcuddur. Belə yeni cihazlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə alınaraq Naxçıvan Diaqnostika Müalicə Mərkəzində quraşdırılan Almaniya istehsalı “SİEMENS ARTİS ZEE” markalı döşəmə tipli müasir angioqrafiya aparatıdır. “Nəxşicahan MED” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınmış və ümumi dəyəri 1 milyon 519 min manat olan aparatın əməliyyat stolunda, eyni zamanda, angio və açıq ürək müdaxiləsi etmək mümkündür.
Yeni cihaz əvvəlkindən fərqli olaraq 3-D proqramlıdır. Haçalanmış damarlara 3-D formatda görüntü altında müdaxilə etmək olur. Xüsusilə böyrək çatışmazlığı və kontrast maddəyə allergiyası olan xəstələrdə az kontrastla müayinə və müdaxilə etmək, beyin damarlarının angioqrafiyası və müdaxiləsi, ürək və periferik damarların angioqrafiyası, invaziv angioqrafiya və istənilən damarlara stent yerləşdirilməsi, müvəqqəti və qalıcı kardiostimulyator yerləşdirilməsi mümkündür. Yeni alınmış cihazda test üçün 6 xəstədə angioqrafiya müdaxiləsi aparılıb, iki xəstəyə stent qoyulub.
Naxçıvan Diaqnostika Müalicə Mərkəzində əvvəllər istifadə olunmuş “Fillips” markalı angioqrafiya cihazı isə təmir edilərək Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzdə quraşdırılıb. Bu günə kimi Kardioloji Mərkəzdə həmin aparatla 30-dan artıq xəstədə əməliyyat aparılıb.
Ali Məclisin Sədri angioqrafiya aparatından səmərəli istifadə olunması, icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin davam etdirilməsi və əhalinin sağlamlığının daim diqqətdə saxlanılması barədə tapşırıqlar verib.