Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb.
Səfir Vey Cinhua ölkələrimiz arasındakı dostluq münasibətlərinin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib, Ulu Öndərin vətəni Naxçıvana səfərinin əhəmiyyətini vurğulayıb. Çin-Azərbaycan əlaqələrinə diqqəti çəkən səfir Naxçıvan şəhərində yeni uşaq bağçasının qurulmasındakı əməkdaşlığı ikitərəfli münasibətlərə töhfə kimi dəyərləndirib. Vey Cinhua ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə Ali Məclisin Sədri Vasif Talıbova minnətdarlıq edib.
Ali Məclisin Sədri bir neçə gündən sonra Çində yeni ilin qarşılanacağını bildirib və bu münasibətlə səfiri təbrik edib, Azərbaycan-Çin əlaqələrinin genişləndiyini, bunun tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığın nümunə səviyyəsində olduğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasındakı əlaqələrdən, xüsusilə “Huawei” şirkəti tərəfindən yeni texnologiyaların tətbiqi sahəsində həyata keçirilən layihələrdən danışan Ali Məclisin Sədri Naxçıvan şəhərində yeni uşaq bağçasının qurulmasında Çinin ölkəmizdəki səfirliyinin dəstəyini qeyd edib və əməkdaşlığın müxtəlif sahələrdə inkişafının vacibliyini vurğulayıb.