Noyabrın 30-da Qazançı kənd mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Kitabxanada 7813 ədəbiyyat oxucuların istifadəsinə verilib.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Lalə Cəfərova deyib ki, ərazi ilk təşkilatın 105 üzvü vardır. Onlardan 38-i gənc, 54-ü isə qadındır. Bu gün Qazançı kəndi müasirləşib, abadlaşıb. Kənddə yaşamaq, işləmək və qurub-yaratmaq üçün hər cür şərait var. Müasir infrastruktur yaradılıb, memarlıq abidəmiz olan Qazançı körpüsü bərpa olunub. Tarix göstərdi ki, müstəqil Azərbaycanın bir inkişaf yolu vardır. O da ümummilli lider Heydər Əliyevin yoludur. Bu yol bugünkü və gələcək inkişafımızın qarantıdır. Qazançı kənd sakinləri də Ulu Öndərimizin yoluna sadiqdirlər. Lalə Cəfərova yaradılan şəraitə görə partiya üzvləri və sakinlər adından minnətdarlıq edib.
Ali Məclisin Sədri ölkəmizdə ulu öndər Heydər Əliyevin yolunun davam etdirildiyini və bu yolun bəhrəsi kimi Qazançı kəndinin müasir yaşayış məntəqəsinə çevrildiyini bildirib, səmərəli fəaliyyətinə görə Yeni Azərbaycan Partiyası Qazançı kənd ərazi ilk təşkilatının sədri Lalə Cəfərovaya təşəkkür edib.
Kənd mərkəzində yaradılan mədəniyyət evi və zal müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsinə və kənd sakinlərinin asudə vaxtlarının səmərəli təşkilinə imkan verəcəkdir.
Kənd yaşayış məntəqələrində baytar həkimlərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılır, baytarlıq məntəqələri lazımi avadanlıqlarla təmin edilir. Qazançı kəndində də baytarlıq xidmətinin təşkili bu istiqamətdə tədbirlərin vaxtında və mütəşəkkil aparılmasına, keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalına imkan yaradacaq.
Rabitə evində quraşdırılan 384 yerlik ATS Qazançı kəndində 128 abonentə və 48 internet istifadəçisinə xidmət edir.
Qazançı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İbrahim Aslanov deyib ki, kənddə əhali əsasən heyvandarlıq, əkinçilik, quşçuluq və arıçılıqla məşğul olur. Bu il 291 hektar sahədə dəmyə üsulu ilə taxıl əkilib. Hazırda kənddə 4 ailə fermer təsərrüfatı vardır. Yaradılan şərait fərdi təsərrüfatların daha da genişlənməsinə imkan verir.
Ali Məclisin Sədri ailə təsərrüfatlarının sayının artırılması, kənddə qədim təsərrüfat sahələrinin, xüsusilə üzümçülüyün bərpa olunması ilə bağlı tapşırıqlar verib.
Həyətdə abadlıq işləri aparılıb, yaşıllıq salınıb, müasir suvarma və işıqlandırma sistemi çəkilib.