Oktyabrın 15-də Aşağı Buzqovda kənd mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Bildirilib ki, əvvəllər dövlət qurumları şəraiti olmayan binalarda yerləşirdi. Lakin kənd mərkəzində bütün təşkilatların fəaliyyəti üçün şərait yaradılıb, müasir iş otaqları istifadəyə verilib. Hazırda binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, baytarlıq məntəqəsi, kitabxana, rabitə evi, polis sahə məntəqəsi, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası Aşağı Buzqov kənd ərazi ilk təşkilatı, arxiv, statistika otağı və 74 yerlik iclas zalı var. Aşağı Buzqov kəndini əhatə edən baytarlıq məntəqəsində xidmətin təşkili üçün lazımi şərait yaradılıb.
Yeni Azərbaycan Partiyası Aşağı Buzqov kənd ərazi ilk təşkilatının 138 üzvü vardır. Kənd kitabxanasında 5465 kitab oxucuların istifadəsinə verilib. İclas zalında müxtəlif mədəni-kütləvi tədbirlərin, eləcə də maarifləndirici görüşlərin keçirilməsi mümkündür.
Rabitə evində poçt bölməsi yaradılıb, 500 metr fiber-optik xətt çəkilib, 256 yerlik yeni nəsil ATS quraşdırılıb. Hazırda Aşağı Buzqov kəndində 135 telefon və 32 internet istifadəçisi vardır.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması və kənddə ailə təsərrüfatlarının inkişafına dəstək verilməsi barədə tapşırıqlar verib.
Binanın həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.