Qeyd: Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq orta və böyük rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı elan olunmuş müsabiqənin müddəti 20 iyul 2018-ci il tarixədək artırılmışdır.
Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında orta və böyük rəis heyəti üzrə 53 vakant vəzifənin komplektləşdirilməsi məqsədilə keçiriləcək müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən, müsahibə – test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçılarla Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilir.
Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas və pedaqoji ixtisaslar üzrə təhsil almış (azı 2 il pedaqoji staja malik olan), Azərbaycan dilini sərbəst bilən, boyu 170 sm-dən aşağı (qadınlar üçün 160 sm), yaşı isə 30-dan yuxarı olmayan, müddətli həqiqi hərbi xidmət keçmiş, fiziki cəhətdən sağlam, özü və yaxın qohumları məhkum olunmamış, yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər orqanlarında xidmətdən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq istəyən şəxslər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
– anket
– tərcümeyi-hal
– şəxsiyyət vəsiqəsi
– müvafiq ali təhsili haqqında diplom
– hərbi bilet (kişilər üçün)
– əmək kitabçası (olanlar üçün)
– 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd fotoşəkil.
Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır. Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.
«Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları», test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin www.din.nmr.az internet saytında yerləşdiriləcəkdir.
Sənədlərin qəbulu 2018-ci il iyun ayının 4-dən iyul ayının 4-dək həftənin iş günləri saat 1000-dan 1700-dək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar Şöbəsində həyata keçiriləcəkdir.
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları:
036-545-08-10 (155,156,160)