Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına əsasən Ümummilli Liderimizin anadan olmasının 95-ci ildönümü muxtar respublikada silsilə tədbirlərlə qeyd olunur.
Tədbirlər Planına uyğun olaraq 21-24 may tarixlərində Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilib.
Mayın 24-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərginin açılışında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək deyib ki, mayın 21-dən keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının iştirakçıları muxtar respublikanın tarixi və təbiət abidələrinə, görməli yerlərinə ekskursiyalar ediblər. Mayın 23-də isə Naxçıvan şəhərinin Əcəmi seyrəngahında festivalın açılışı olub, dünyanın müxtəlif ölkələrindən gələn rəssamlar Naxçıvana həsr olunmuş əsərlər çəkiblər. Bu gün isə həmin əsərlərdən ibarət sərginin açılışı keçirilir.
Türkiyəli rəssam Birsən Çəkər çıxış edərək deyib: Naxçıvanda beynəlxalq rəsm festivalının yüksək səviyyədə keçirilməsi və yaradılan şərait bütün rəssamlar tərəfindən sənətə və sənət adamlarına göstərilən qayğı kimi dəyərləndirilir. Festivalın ilk günü bu qədər əsərin çəkiləcəyini təsəvvür etmirdik. Lakin Naxçıvanın tarixi abidələri, təbiəti və müasir inkişafı ilə tanışlıq, buradakı qonaqpərvərlik hər bir rəssamı daha səylə işləməyə ruhlandırdı. Qısa müddətdə festival iştirakçıları tərəfindən Naxçıvanla bağlı əsərlərin çəkilməsi və sərginin açılması bunu bir daha təsdiq edir. Naxçıvanda rəssamlar üçün yaradılan şəraiti bundan sonrakı fəaliyyətimizdə daim təbliğ edəcəyik. Birsən Çəkər yaradılan şəraitin və göstərilən diqqətin təqdirəlayiq olduğunu bildirib, bütün festival iştirakçıları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Festivalın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran ukraynalı rəssam Yevgeniy Smirnov müəllifi olduğu “Dağlarda qəsəbə” rəsm əsərini Ali Məclisin Sədrinə hədiyyə edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalında iştirak etdiklərinə görə rəssamlara təşəkkürünü bildirərək deyib: Hər bir ölkənin, hər bir xalqın tarixində və həyatında onun şəxsiyyətləri vardır. Ümummilli liderimiz Heydər Əliyev də Azərbaycan xalqının tarixində və həyatında mühüm xidmətləri olan böyük şəxsiyyətdir. Hər il muxtar respublikada Ulu Öndərin doğum günü şərəfinə müxtəlif tədbirlər keçirilir. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə təsdiq olunmuş Tədbirlər Planına əsasən keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı da belə tədbirlərdəndir.
Ali Məclisin Sədri deyib: “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsi əlamətdar hadisədir. Ona görə ki, festival Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illiyinə həsr olunub. Elə insanlar var ki, onların həyatları bir xalqın taleyinə və bir ölkənin tarixinə çevrilir. Ulu öndər Heydər Əliyevin həyatı da Azərbaycan xalqının taleyi və Azərbaycan dövlətinin tarixidir. Bu tarixi yaşatmaq, onu gələcək nəsillərə çatdırmaq üçün hər il müxtəlif tədbirlər keçirilir. Heydər Əliyev yolu, Heydər Əliyev şəxsiyyəti gənc nəslə öyrədilir, muxtar respublikamızda keçirilən tədbirlərdə iştirak edən insanlara, rəssamlara və digər sahələrin əməkdaşlarına çatdırılır. Müxtəlif ölkələrin rəssamlarının Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında Ümummilli Liderimizin 95 illiyinə həsr olunmuş beynəlxalq rəsm festivalında birləşərək bir məram və məqsəd naminə əsərlər yaratması festivalın əhəmiyyətini daha da artırdı. Festivalda iştirak edən rəssamlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik tədbirlərinə öz töhfələrini verdilər.
Ali Məclisin Sədri “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının iştirakçılarının ölkələrinə xoş hisslərlə qayıdacaqlarına əminliyini bildirib, festivalın uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb və təşkilatçılara təşəkkür edib.
Sonra sərgiyə baxış olub.
Bildirilib ki, festivalda Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Ukrayna, Rusiya, Finlandiya, Sloveniya, Misir, Oman və Polşadan olmaqla 35 rəssam, ölkəmizdən və onun Naxçıvan Muxtar Respublikasından isə 28 rəssam iştirak edib. Sərgi salonunda rəssamların festivalda çəkdikləri 65 rəsm əsəri nümayiş olunur.
Ukraynalı rəssam Yevgeniy Smirnovun “Ağaclar çiçək açır”, iranlı rəssam Səid Əyyaminin “Qarabağ”, türkiyəli rəssamlardan Basri Ərdəmin “Araz sahili” və Hülya Sezginin “Güllər içində Naxçıvan”, rusiyalı rəssam Diana Arslanovanın “Xəyal dünyası”, polşalı rəssam Katya Sokolova Zizakın “Haçadağ”, qazaxıstanlı rəssam Olqa Erenin “Naxçıvanım”, finlandiyalı rəssam Deyzi Strausanın “Qarabağ atı”, sloveniyalı rəssam Nik Anikisin “Haçadağın tarixi”, azərbaycanlı gənc rəssam Bəhruz Kəngərlinin “Naxçıvan əfsanəsi”, Eldar Zeynalovun “Naxçıvan rəsm festivalı”, Cavid İsmayılovun “Şərqin qəməri”, Telman Abdinovun “Tarixi qoruyaq” və digər əsərlər rəssamların zəngin təxəyyülündən və peşəkarlığından xəbər verirdi.
Sloveniyalı rəssam Polona Loborek, qazaxıstanlı rəssam Olqa Eren və digərləri Naxçıvanla tanışlıqdan məmnunluqlarını bildirib, bundan sonrakı festivallarda da iştirak edəcəklərini qeyd ediblər. Sloveniyalı rəssam Nik Anikis isə öz əsərində Naxçıvanın Nuh tufanı ilə bağlılığını göstərmək istədiyini qeyd edib, sənətə verilən qiymətin, rəssamlar üçün yaradılan şəraitin qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvanın daha bir ucalığı kimi dəyərləndirib.