Muxtar respublikada əhalinin sağlamlığı diqqət mərkəzində saxlanılır, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Son illər kənd yaşayış məntəqələrində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Dekabrın 3-də Dırnıs kəndində həkim ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə ocağında yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, kənd mərkəzində yerləşən həkim ambulatoriyasında baş həkim, stomatoloq, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat otaqları və aptek vardır. Həkim ambulatoriyası stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi avadanlıqlarla təmin edilmişdir.

Ambulatoriyanın baş həkimi Əhəd Cəfərli yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir: “Əvvəllər uyğunlaşdırılmış binada fəaliyyət göstərirdik. Bu gün isə bizim üçün müasir iş şəraiti yaradılmışdır. Ambulatoriya 5 kəndə xidmət edir. Çalışacağıq ki, göstərilən etimadı doğruldaq, bundan sonra da əhaliyə daha yaxşı xidmət göstərək”.
Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi, rayon mərkəzindən həkim briqadalarının göndərilməsi, bu sahədə broşürlərin hazırlanması barədə tapşırıqlar vermişdir.