2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı 12 avqust 2020-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən verilmiş tapşırıqlar və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən əməliyyat müşavirəsində Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərov məruzə ilə çıxış edib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyev yolunu uğurla davam etdirən Ali Məclisin Sədri cənab Vasif Talıbovun həyata keçirdiyi siyasi strategiya nəticəsində muxtar respublikada hərtərəfli inkişafa nail olunub. Məharətlə tətbiq edilən idarəetmə sistemi əsasında sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənib, əhalinin rifah-halı yüksələrək ərzaq və enerji təhlükəsizliyi tam təmin edilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında payız-qış mövsümünə hazırlıq Ali Məclisin Sədri tərəfindən diqqət mərkəzində saxlanılaraq, hər il müşavirə keçirilir və aid qurumlara müvafiq tapşırıqlar verilir. Muxtar respublikada qabaqlayıcı tədbirlərin ardıcıl həyata keçirilməsi, artıq neçə ildir ki, payız-qış mövsümünü problemsiz başa vurmağa, eləcə də əhalinin rahatlığının tam təmin olunmasına şərait yaradıb. Növbəti mövsümü də uğurla başa vurmaq üçün hazırlıq işlərinin görülməsi və zəruri ehtiyatların yaradılması icrası vacib olan mühüm tapşırıq kimi qarşımızda dayanır.
Qeyd olunub ki, 2019-2020-ci illərin payız-qış mövsümündə qarşya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsinin nəticəsidir ki, ötən dövr ərzində daxili işlər orqanları heç bir çətinliklə üzləşməyib, mövsümü müsbət nailiyyətlərlə başa vurub. Belə ki, ötən payız-qış mövsümü ərzində aidiyyəti dövlət orqanları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində elektrik enerjisindən, təbii qazdan və sudan qanunsuz istifadə hallarının qarşısının alınması istiqamətində 31 fakt aşkar edilərək inzibati xəta törətmiş vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Bundan əlavə qanunsuz ov etdiyinə və ağac kəsdiyinə görə 7 nəfər barəsində inzibati protokol tərtib edilib.
Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Daxili İşlər Nazirliyi istər maddi-texniki, istər əşya-ərzaq, istərsə də digər təminat növləri üzrə şəxsi heyətin tələbatını tam ödəməklə yanaşı, zəruri ehtiyat tədbirlərinin görülməsini əvvəlcədən planlaşdırıb başa çatdırıb.
Təkcə ötən ay ərzində uzunmüddətli istismar nəticəsində yararsız hala düşmüş, eləcə də texnilki vəziyyətinə görə payız-qış mövsümündə istifadəsi çətinlik yaradan 10 ədəd “Şevrolet-Niva” markalı xidməti avtomobil Nazirliyin balansından silinərək satışa çıxarılıb, əvəzində dövlətimiz tərəfindən 4 ədəd “Nazlifan X-70” markalı yeni avtomobil alınaraq əməkdaşların istifadəsinə verilib. Bundan əlavə sifariş edilmiş 3 ədəd Rusiya istehsalı olan “Niva” markalı avtomobil yaxın günlərdə nazirliyə gətiriləcəkdir.

Qeyd olunanlar onu deməyə əsas verir ki, qarşıdakı qış aylarında daxili işlər orqanlarının fəaliyyəti üçün hər hansı çətinlik gözlənilməsə də, aid strukturlar mövcud vəziyyətdən arxayın düşməməli, qışa hazırlıq işlərini vaxtında və tam həcmdə yerinə yetirməlidir.
Fazil Ələkbərov bildirib ki, avqustun 12-də payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən qarşıya qoyulan tələb və tapşırıqlar bundan sonra da vaxtında və qüsursuz yerinə yetiriləcəkdir.
Məruzə ətrafında Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev, İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Ələşrəf İbrahimov və Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Ayaz Quliyev çıxış ediblər.
Aidiyyəti xidmət rəisləri görülən işlərlə bağlı arayış verdikdən sonra nazir daxili işlər orqanlarının və Əlahiddə Əməliyyat Briqadasının qarşısında müvafiq tapşırıqları diqqətə çatdırıb.