Bu il Şərur rayonunda aparılan quruculuq işləri Alışar kəndini də əhatə edib. Kənd və xidmət mərkəzlərinin inşa olunması, yolun yenidən qurulması Alışarın quruculuq xəritəsini tamamlayıb.

Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Alışar Kənd Mərkəzinin açılışını edib.

Bildirilib ki, bir mərkəzdən idarəetmənin təşkilində kənd mərkəzlərinin mühüm rolu vardır. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, feldşer-mama məntəqəsi, 4400 kitab fondu olan kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika işçisi üçün otaq və zal vardır. Rabitə evində poçt bölməsinin fəaliyyəti təmin edilib, 384 nömrə tutumlu yeni ATS quraşdırılıb. Kənddə 67 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 204 üzvü vardır ki, onlardan 40-ı qadın, 39-u isə gəncdir.

Feldşer-mama məntəqəsi üçün binada 4 otaq ayrılıb. Məntəqə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, ilkin tibbi yardım və peyvənd çantaları, qlükometr, soyuducu və digər tibbi ləvazimatlarla təmin edilib.

Tibb bacısı Səadət Murtuzayeva minnətdarlıq edərək deyib ki, əvvəllər şəraiti olmayan binada fəaliyyət göstərirdik. Xidmətin təşkilində çətinliklər yaranırdı. Lakin bu gün feldşer-mama məntəqəsi üçün ən müasir şərait yaradılıb. Bu da imkan verəcəkdir ki, səhiyyə işçiləri sakinlərə hərtərəfli xidmət göstərsinlər.