1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş sоyqırımı bəşəriyyət tarixində ən qanlı cinayətdir. Həmin dövrdə Naxçıvanda da ermənilər tərəfindən qırğınlar törədilib, yaşayış məntəqələri dağıdılıb. Xüsusi amansızlıqla aparılan soyqırımlara baxmayaraq naxçıvanlılar düşmən qarşısında mərdliklə dayanıb, mübarizə aparıblar. Erməni vəhşiliklərinin əsl mahiyyəti ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra açılıb, xalqımıza qarşı törədilən soyqrımlara dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanına əsasən, hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Soyqırımı qurbanlarının xatirəsi bu gün də əziz tutulur, yad edilir.

Martın 30-da muxtar respublikada soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Su Anbarının kənarında 2 hektar badam və 1 hektar üzüm bağı salıb, 4 minə yaxın badam və üzüm tingi əkiblər. Ərazidəki 2 hektar meyvə bağında isə bərpa əkini aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov soyqırımı qurbanlarının xatirəsinə həsr olunan ağacəkmədə iştirak edib. Məlumat verilib ki, bu ilin yazında muxtar respublika ərazisində 353 hektar sahədə yaşıllaşdırma tədbirləri görüləcək, 108 min müxtəlif meyvə və həmişəyaşıl ting, 710 kiloqram toxum əkiləcəkdir.

Ali Məclisin Sədri yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.

Həmin gün muxtar respublikada 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunan ağacəkmədə 21 min 843 sakin iştirak edib, 22 hektar meyvə bağı və yaşıllıq zolağı salınıb, 15 min ting əkilib.