2004-cü ildə yaradılan Kəngərli rayonu ötən 15 ildə böyük inkişaf yolu keçib. Rayon mərkəzi Qıvraq qəsəbəsində və bütün kənd yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri aparılıb. Tikilən yeni sosial obyektlər, müasir inzibati və yaşayış binaları ilə yanaşı, rayon əhalisinin asudə vaxtının mənalı təşkili də diqqətdə saxlanılır, yeni istirahət parkları salınır.

Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qıvraq qəsəbəsində tikilən yeni istirahət parkına baxıb.

Məlumat verilib ki, 3 min 500 kvadratmetr sahəni əhatə edən parkda torpaq işləri aparılıb, 1500 həmişəyaşıl ağac əkilib. Parkın su təminatı yaxınlıqda bərpa olunan kəhriz vasitəsilə həyata keçiriləcəkdir.

Ali Məclisin Sədri parkda sakinlərin istirahəti üçün lazımi şəraitin yaradılması barədə müvafiq tapşırıqlar verib.