Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsinin genişlənməsi torpaqlardan səmərəli istifadəyə imkan verir. Son illər qurulan qapalı suvarma şəbəkələri yeni torpaq sahələrini əkin dövriyyəsinə qatıb. Hazırda Kəngərli rayonunun Yurdçu kəndi ərazisində qapalı suvarma şəbəkəsi qurulur.

Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin tikintisi ilə maraqlanıb.

Bildirilib ki, qapalı suvarma şəbəkəsi 56 hektar ərazini əhatə edir. Ərazidə min metrlik ana xəttin tikintisi başa çatdırılıb. Burada uzunluğu 5200 metr olan paylayıcı suvarma şəbəkəsi çəkiləcək və 56 hidrant qoyulacaqdır. Arpaçay sol sahil kanalından qidalanan “Qıvraq-1” nasos stansiyası vasitəsilə su ərazidəki hovuza vurulacaq və özaxımı ilə şəbəkəyə paylanacaqdır.

Ali Məclisin Sədri yaxınlıqdakı 40 hektardan artıq ərazinin də layihələndirilməsi və qapalı suvarma şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.