Yanvarın 14-də Dəstə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Qeyd olunmuşdur ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 900 şagird yerlik məktəbdə 4-ü elektron lövhəli olmaqla, 49 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana, idman zalı və bufet vardır. 2018- 2019-cu tədris ilində Dəstə kənd tam orta məktəbində birinci sinfə 51 şagird qəbul olunub. Son 5 ildə məktəbin 6 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.

Məktəbdə zəngin kitabxana fondu yaradılmışdır. Burada 13 min 641 kitab vardır ki, onların da 7187-si dərslik və 6454-ü bədii ədəbiyyatdır. Ölkə və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, elektron kitab bazası və oxunması zəruri olan kitablardan ibarət guşə şagirdlər üçün geniş mütaliə imkanları açır.

Məktəbdə quraşdırılan müasir elektron lövhələr və 63 kompüter tədrisin təşkilində yeni texnologiyalardan səmərəli istifadəyə, distant təhsilin tətbiqinə, eləcə də muzeylərlə interaktiv əlaqələrin qurulmasına imkan verir. Baxış zamanı Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi ilə 224 təhsil müəssisəsi arasında keçirilən distant dərs izlənilmişdir. Distant dərsdə görkəmli Azərbaycan ədibləri, xüsusilə də İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilmişdir.

Şagirdlərin məntiqi düşünmə qabiliyyətinin formalaşmasında və təfəkkürünün inkişafında şahmat əvəzsiz vasitədir. Muxtar respublikada şahmatın tədrisi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dəstə kənd tam orta məktəbində də 2 şahmat sinfi yaradılmış və lazımi avadanlıqlar qoyulmuşdur. Bildirilmişdir ki, məktəbin şagirdi Elçin Rzayev ölkə və beynəlxalq şahmat yarışlarında uğurlu nəticələr göstərir.

Ali Məclisin Sədri dəqiq elmlərin, çağırışaqədərki hazırlıq, şahmat və fiziki tərbiyə dərslərinin tədrisinə diqqətin artırılması, məktəbdə idman yarışlarının keçirilməsi, hərbi vətənpərvərlik tərbiyəsinin düzgün təşkili və yaradılan şəraitdən səmərəli istifadə olunması barədə tapşırıqlar vermişdir.

Sonra Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşmüşdür.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təhsil müəssisələrində elektron təhsilin təşkili, interaktiv və nümunəvi dərslərin keçirilməsi şagirdlərin biliklərinin artırılmasında, qabaqcıl təcrübənin öyrənilməsi və informasiya texnologiyalarından istifadə bacarıqlarının yaxşılaşdırılmasında mühüm rol oynayır. Yaradılan yüksək tədris şəraitinin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən məzunların ali məktəblərə qəbulunda ilbəil artım müşahidə olunmuş, təkcə ötən tədris ilində 331 məzun 500-700 arası nəticə göstərmiş, onlardan 6-sı Prezident təqaüdünə layiq görülmüşdür. Gənc müəllimlərin işlə təminatı da diqqətdə saxlanılır.

2018-ci ildə ali məktəblərə qəbul olan 658 məzunun pedaqoji profilli ixtisas seçməsi bunun əyani ifadəsidir. 2018-ci ildə muxtar respublikanın ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqələrdə müvəffəqiyyət qazanan 119 gənc müəllim işlə təmin edilmişdir. Dəstə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi də görülən işlərin davamıdır. Son 5 ildə məktəbin məzunlarından 44-ü ali, 5-i isə orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş, onlardan 15-i 500- 700 arası bal toplamışdır. Məzunlardan 23-ü hazırda ali məktəblərin pedaqoji ixtisaslarında təhsil alır ki, bu da gələcəkdə Dəstə kənd tam orta məktəbinin müəllim kadrlara olan tələbatının ödənilməsinə öz müsbət təsirini göstərəcəkdir. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Gənc müəllim Aynurə Musayeva çıxış edərək demişdir: 1995-ci ildə muxtar respublika rəhbəri seçilərkən elan etmişdiniz ki, təhsilə daim üstün istiqamət verəcəksiniz. İndi muxtar respublikamızda təhsilin səviyyəsi göz qabağındadır. Zəngin maddi-texniki bazaya və müasir tədris şəraitinə malik təhsil müəssisələrinin sayı ilbəil artmaqdadır. Məktəblərimiz ən müasir kompüter, elektron lövhə, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təmin olunub. Əvvəllər xəyal olan distant təhsil indi reallıqdır. Dəstə kənd tam orta məktəbində yaratdığınız şərait şagirdlərimizin daha yaxşı təhsil almalarına geniş imkan açmaqla yanaşı, müəllimləri də daha yaxşı işləməyə ruhlandırır.

Muxtar respublikada müəllimlərə böyük qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, 2018-ci ildə gənc müəllimlərin işlə təmin olunması ilə bağlı keçirilən müsabiqədə yüksək nəticə əldə etmiş müəllimlər orta məktəblərdə işlə təmin olunmuşlar. Yüksək nəticə göstərən müəllimlərdən biri kimi mən də ingilis dili fənni üzrə 71 bal toplayaraq Ordubad rayon Dəstə kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlamışam. Aynurə Musayeva Dəstə kənd sakinləri və pedaqoji kollektiv adından Ali Məclisin Sədrini doğum günü münasibətilə təbrik etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dəstə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün ölkəmizdə təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Ona görə ki, təhsil ölkənin gələcəyidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Təhsil müstəqil dövlətin təməlidir”. Çünki hər bir ölkənin idarə olunmasında, inkişafında təhsilli və vətənpərvər gənclərə ehtiyac vardır. Həmin gənclər isə məktəblərdə hazırlanır. Bu gün ölkə Prezidenti də təhsili himayə edir, bu sahənin inkişafına hərtərəfli qayğı göstərir, müasir tədrisin tələblərinə uyğun məktəblərin qurulması üçün dövlət büdcəsindən lazımi vəsait ayrılır. Naxçıvan Muxtar Respublikasında da təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir, istər şəhər, istərsə də ucqar dağ kəndlərindəki məktəblər müasir tədrisin tələbləri səviyyəsində qurulur.

Ali Məclisin Sədri demişdir: Müasir məktəblərdə təhsil alan gənclər özlərini gələcəyə hazırlamalı, peşə seçməli, vətənpərvər böyüməli, bilik və dünyagörüşlərini artırmalıdır. Bunlar isə müəllimlər tərəfindən həyata keçirilir. Ona görə də müəllim əməyinə ölkəmizdə yüksək qiymət verilir. Son illər ali məktəblərə qəbul olanların çox hissəsinin müəllim peşəsini seçməsi də bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir. Məktəblərdə yaradılan şərait, təhsilə göstərilən diqqət və müəllim əməyinə verilən qiymət isə bu sahənin inkişafına səbəb olmuşdur. Hər il muxtar respublikada ali, orta ixtisas və peşə məktəblərinə qəbul olan, yüksək bal toplayan və Prezident təqaüdünə layiq görülən şagirdlərin sayının artması təhsilin inkişafının göstəricisidir.

Qeyd olunmuşdur ki, Dəstə kənd tam orta məktəbinin nailiyyətləri də qənaətləndiricidir. Son beş ilin nailiyyətlərinin təhlili göstərir ki, hər il ali məktəblərə qəbul olan və yüksək bal toplayan şagirdlərin sayında artım vardır. Bu da müəllim əməyinin və şagird çalışqanlığının nəticəsində mümkün olmuşdur.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirmiş və gələcək tədrisdə uğurlar arzulamışdır.

Binanın həyətində fərdi qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, abadlıq işləri aparılmış, yaşıllıq salınmışdır.