Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilmişdir. Konfrans iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər. Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanışlıqdan sonra abidə önündə xatirə şəkli çəkdirilmişdir.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun konfrans iştirakçılarına təbrik məktubu oxunmuşdur.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək muxtar respublikada təhsilə göstərilən qayğıdan danışmışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövrdə muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi, o cümlədən məktəbəqədər və məktəbdənkənar təhsil, musiqi məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, ali və orta ixtisastəhsili müəssisələri üçün yeni tədris korpusları tikilib istifadəyə verilmişdir. Bu işlər 2018-ci ildə də davam etdirilmiş, 2096 şagird yerlik 8 ümumtəhsil məktəbi, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci və Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda 3 ümumtəhsil müəssisəsi və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üçün binaların tikintisi davam etdirilir.

Muxtar respublikanın ümumtəhsil məktəblərində 5500-dən artıq kompüter və 600-dən çox elektron lövhə quraşdırılmış, laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilmiş, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunmuşdur. Təhsil müəssisələrinin pedaqoji kadrlara olan tələbatını ödəmək məqsədilə muxtar respublikanın ali təhsil müəssisələrində pedaqoji yönümlü ixtisaslar açılmış, yüksək səviyyəli müəllim kadrların hazırlanması diqqətdə saxlanılmışdır. Qeyd olunub ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası da diqqətdə saxlanılmış, məhdud fiziki imkanlı uşaqlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi, görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün isə audio və elektron kitabxana yaradılmışdır.

Təhsil naziri qeyd edib ki, muxtar respublikanın təhsil müəssisələrində şagird, tələbə və müəllimlərin vahid geyim formasından istifadə etməsi tədrisin və təlim-tərbiyənin yüksəldilməsinə öz müsbət təsirini göstərmişdir. 2018-ci ildən pedaqoji kadrların müsabiqə yolu ilə işə qəbulu isə gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təminatına geniş imkanlar açmışdır. Hazırda muxtarrespublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagirdin təhsili ilə 6642 müəllim məşğul olur. Onlardan 44-ü yeni tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək işlə təmin olunmuşdur. Hazırda rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd məktəblərində fəaliyyət göstərən 80 müəllimə həvəsləndirmə tədbirləri tətbiq edilib. Müəllimlərin ictimai fəallığı da artmışdır. Belə ki, muxtar respublika müəllimlərindən 13-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Müəllimlərin maddi rifah halının yaxşılaşdırılması da diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqları və dərssaatları artırılmışdır. Müəllim əməyinə verilən yüksək qiymət, təhsil müəssisələrində yaradılanlar tədrisin səviyyəsini artırmış, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilbəil artmışdır. Əvvəlki illərdə olduğu kimi, 2017-2018-ci tədris ilinin də nəticələri uğurlu olmuş, məzunlardan 1781-i ali məktəblərə, 615-i isə orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Onlardan 331-i 500-700 arası bal toplamış, 6 məzun isə Prezident təqaüdünə layiq görülmüşdür. Muxtar respublikada təhsil sahəsində görülən işlər müəllim nüfuzunu yüksəltmiş, müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artırmışdır. Bunun nəticəsidir ki, 2017-2018-ci tədris ili üzrə məzunların 658-i, yaxud 37 faizi ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarına qəbul olmuşdur.

Təhsil naziri Rəhman Məmmədov bildirmişdir ki, müəllimlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Muxtar respublikanın 24 ümumtəhsil məktəbi “ən yaxşı məktəb”, 40 müəllim isə “Azərbaycan Respublikasının ən yaxşı müəllimi” adlarına layiq görülmüşdür. Müəllimlərdən 112-si “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 181-i isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 104 müəllim “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Təhsil naziri təhsilə və müəllimlərə göstərdiyi diqqət və qayğıya və Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransına ünvanladığı məktuba görə muxtar respublikanın bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmişdir.

Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva və Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Ülvanə Məmmədli çıxış etmişdir. Çıxışlarda bildirilmişdir ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmət və yüksək ehtiramla çəkilmişdir. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, hər bir şəxs cəmiyyətdəki mövqeyinə, formalaşmasına və qazandığı biliklərə görə, ilk növbədə, müəllimlərinə borcludur. Çünki müəllimlər əsas vəzifəni – gənclərin təhsili, təlim-tərbiyəsi məsələsini yerinə yetirirlər. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Muxtar respublikanın təhsil müəssisələrində yaradılmış şərait müəllimləri daha yaxşı işləməyə sövq edir.

Çıxış edənlər təhsilin inkişafı üçün yaradılan şəraitə görə muxtar respublikanın müəllimləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirin aparıcıları görkəmli pedaqoqların əsərlərindən parçalar oxumuş, təhsillə bağlı müdrik fikirləri konfrans iştirakçılarının diqqətinə çatdırmışlar.

Sonra görkəmli pedaqoq, Naxçıvanda ilk dünyəvi məktəbin əsasını qoymuş maarifçi Məhəmməd Tağı Sidqiyə həsr olunmuş “Xalqın müəllimi” sənədli filminə baxış olmuşdur.