Ərəbyengicə kəndində yaradılan müasir səhiyyə infrastrukturu insan amilinə verilən dəyərin ifadəsidir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikanın hər bir yaşayış məntəqəsində  sakinlərə hərtərəfli tibbi xidmət göstərilir.

Fevralın 1-də Ərəbyengicə kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, ambulatoriya 11 otaqdan – baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, mama, qeydiyyat, səhiyyə maarifi mərkəzi, manipulyasiya, tibb bacısı otağı və aptekdən ibarətdir. Otaqlarda stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, mikroskop, peyvənd və təcili yardım çantaları, eləcə də digər tibbi avadanlıqlar qoyulub, fizioterapiya kabinəsi yaradılıb. Kabinəyə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafin əritmə qazanı və SOLYUKS lampası qoyulub.

İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar yaradılan səhiyyə maarifi mərkəzində maarifləndirici stendlər, müxtəlif məlumat kitabçaları, müayinə və müalicə protokolları qoyulub. Bildirilib ki, Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi zamanı bütün həkim ambulatoriyalarında bu cür mərkəzlərin yaradılması nəzərdə tutulur.

Ali Məclisin Sədri səhiyyə maarifi mərkəzində qəbul həkiminin fəaliyyəti üçün lazımi şəraitin yaradılması və tibbi avadanlıqların qoyulması barədə tapşırıqlar verib.