IX fəsil. Daxili işlər orqanları əməkdaşlarının xidmətə, xüsusi rütbələrə və vəzifəyə bərpa edilməsi

 

148. Bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, tutduğu vəzifələrdən azad edilib aşağı vəzifələrə keçirilən, daxili işlər orqanlarında xidmətdən xaric edilən əməkdaşlar müvafiq olaraq vəzifəyə və daxili işlər orqanlarında xidmətə bərpa edilməlidirlər.
149. Daxili işlər orqanlarında vəzifələrə, xüsusi rütbələrə və xidmətə bərpa olunma üçün əsaslar aşağıdakılardır:
  • xidməti yoxlamaların nəticələri üzrə rəy, məhkəmənin qüvvəyə minmiş qərarı, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada bəraət qazanmış şəxsin xidmətə bərpa olunması barədə ərizəsi.
150. Xidmət keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan daxili işlər orqanlarının əməkdaşı yazılı bildiriş aldığı gündən daxili işlər orqanlarının yuxarı vəzifəli şəxslərinə müraciət etmək, daxili işlər orqanlarından xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir.
151. Daxili işlər orqanlarında xidmətə və ya vəzifəyə bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud onun razılığı ilə bərabər vəzifəyə təyin edilir.
152. Bu Əsasnamənin 148-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlara növbəti xüsusi rütbənin, eləcə də əlavələrin verilməsi və ya pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması zamanı, daxili işlər orqanlarından xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir.
153. Törətdiyi cinayətə görə məhkum olunaraq daxili işlər orqanlarında xidmətdən xaric edilən, sonradan bəraət qazanan əməkdaşlara vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
154. Bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, aşağı vəzifələrə keçirilən, daxili işlər orqanlarından xaric olunan əməkdaşlara bu orqana bərpa edildikdən sonra işləmədikləri müddətə görə pul müavinəti verilir. Xaric edildikdən sonra xidmətə bərpa olunanadək müəssisə, idarə və təşkilatlarda işləmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş şəxslərə isə, daxili işlər orqanlarında axırıncı vəzifədə aldığı pul təminatı ilə xidmətdə məcburi fasilə zamanı qazandığı faktiki gəlir arasındakı fərq ödənilir və təqsirkar şəxslər maddi və intizam məsuliyyəti daşıyırlar.