VII fəsil. Daxili işlər orqanlarında xidməti intizam

 

108. Daxili işlər orqanlarında xidməti intizam—əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.
109. Daxili işlər orqanlarının vəzifəli şəxsləri (rəislər) öz tabeliyində olan əməkdaşların xidməti intizamının vəziyyətinə görə məsuliyyət daşıyırlar. Onlar əməkdaşlara qarşı yüksək tələbkarlıq göstərməklə yanaşı:
 tabeliyində olan əməkdaşların xidməti fəaliyyəti, istirahəti və onların peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmalı;
 tabeliyində olan əməkdaşların vəzifələrinin icrasına yüksək məsuliyyət hissi aşılamalı;
 tabeliyində olan əməkdaşların xidməti fəaliyyətini qiymətləndirərkən aşkarlığı və obyektivliyi təmin etməli;
 tabeliyində olan əməkdaşların şərəf və ləyaqətinə hörmət etməli;
 şəxsi heyətlə işdə şəxsi münasibətlər zəminində himayəçiliyə, həmçinin fəaliyyətindəki nöqsanların tənqidinə görə əməkdaşların təqib olunmasına yol verməməlidirlər.
110. Xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə daxili işlər orqanlarının əməkdaşları üçün aşağıdakı həvəsləndirmə növləri tətbiq edilə bilər:
1) təşəkkür;
2) pul mükafatı;
3) qiymətli hədiyyə ilə mükafatlandırma;
4) fəxri fərman ilə təltif edilmə;
5) fəxri döş nişanı ilə təltif edilmə;
6) vaxtından əvvəl növbəti xüsusi rütbənin verilməsi;
7) xüsusi rütbənin vəzifə ştatında nəzərdə tutulduğundan bir pillə yuxarı verilməsi;
8) təltif silahının verilməsi.
Həvəsləndirmə növlərinin tətbiqi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
111. Həvəsləndirmə tədbiri kimi əvvəllər verilmiş intizam tənbehinin vaxtından əvvəl geri götürülməsi tətbiq oluna bilər.
112. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrində bu Əsasnamənin 110 və 111-ci maddələrində göstərilən həvəsləndirmə növlərindən başqa təqaüdün miqdarının artırılması və müdavimlərin təhsil müəssisəsinin yerləşdiyi ərazidən növbədənkənar buraxılması kimi həvəsləndirmə tədbirləri də tətbiq edilə bilər.
113. Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində, ictimai təhlükəsizliyin mühafizəsində xidməti vəzifələri yerinə yetirərkən fərqləndiklərinə, həmçinin digər xüsusi xidmətlərə görə daxili işlər orqanlarının əməkdaşları Azərbaycan Respublikasının dövlət təltifinə təqdim edilə bilərlər.
114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:
1) məzəmmət;
2) töhmət;
3) şiddətli töhmət;
4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq;
5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə;
6) xüsusi rütbənin bir pillə aşağı salınması;
7) xidmətdən xaric edilmə.
114-1. Daxili işlər orqanının əməkdaşı «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.
115. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrində yuxarıda göstərilən intizam tənbehi növlərindən başqa növbədənkənar xidmət naryadına təyinetmə (hissə üzrə növbətçi, yaxud qarovula təyin edilmə istisna olmaqla) kimi tənbeh tətbiq edilə bilər.
116. Həvəsləndirmə tədbirləri və intizam tənbehləri, daxili işlər orqanlarının vəzifəli şəxsləri tərəfindən onlara verilən səlahiyyətlər hüdudunda tətbiq edilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən daxili işlər orqanları əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Əsasnamənin 114-cü maddəsinin 1, 2 və 3-cü bəndlərində göstərilən intizam tənbehləri tətbiq edilə bilər.
117. Daxili işlər orqanları əməkdaşlarının xidmət üzrə tabe olduqları rəis tabelikdə olan əməkdaş üçün vəzifəcə ən yaxın rəhbər işçidir.
118. Xidmət üzrə asılılıqları olmayan daxili işlər orqanlarının əməkdaşları xidmətdə böyük və kiçik vəzifəli ola bilərlər. Bərabər vəzifələrdə böyüklük xüsusi rütbələrlə, eyni rütbələrdə olduqda isə vəzifəyə görə müəyyən edilir.
119. Vəzifəni müvəqqəti icra edən şəxs vəzifə üzrə nəzərdə tutulmuş səlahiyyətlərdən istifadə edir.
120. İntizam tənbehi xidməti intizam qaydalarının pozulması məlum olan gündən on gün ərzində verilir. Xidməti yoxlama keçirildiyi və ya cinayət işi başlandığı halda isə onun başa çatdırıldığı gündən bir aydan gec olmayan müddətdə verilməlidir. Təqsirkarın xəstəliyi və məzuniyyətdə olduğu müddət nəzərə alınmır.
121. İntizam tənbehi dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayan müddətdə elan edilir və qeydiyyata alınır.
122. Xidməti intizam qaydalarının pozulmasına görə yalnız bir intizam tənbehi verilir.
123. Daxili işlər orqanlarının əməkdaşına verilmiş intizam tənbehi, bir il müddətində qüvvədə olur və əməkdaşa il ərzində yeni intizam tənbehinə tətbiq edilmədikdə o, qüvvədən düşmüş hesab olunur.
124. Həvəsləndirmə tədbiri kimi intizam tənbehinin vaxtından əvvəl götürülməsi, tənbehi vermiş rəis, yaxud ona bərabər vəzifəli və ya vəzifəcə böyük birbaşa rəis tərəfindən həyata keçirilir.
125. Daxili işlər orqanlarının əməkdaşları ezamiyyətdə, məzuniyyətdə və ya xəstə olduqları müddətdə onlara intizam tənbehləri tətbiq edilmir.
126. Xidməti intizam qaydaları pozuntusunun törədildiyi gündən 3 ildən artıq müddət keçdikdə intizam tənbehi tətbiq edilmir.
Bu halda daxili işlər orqanları əməkdaşlarının məzuniyyətdə, xəstə olduqları, həmçinin barələrindəki cinayət işinin, yaxud xidməti yoxlamanın aparılma vaxtı göstərilən müddətlərə daxil edilmir.
127. Həvəsləndirmə tədbirləri və intizam tənbehləri tətbiq etmək üzrə rəislərin hüquqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müəyyən olunur.
128. Vəzifəcə böyük rəis, verilən tənbehin törədilən xidməti intizam qaydaları pozuntusuna uyğun olmadığını aşkar edərsə, onu ləğv edib müvafiq qərar çıxarır.
129. Xidməti intizam qaydalarının pozulmasına görə daxili işlər orqanlarının istintaq aparatı işçilərinə intizam tənbehi verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun səlahiyyət verdiyi şəxslər tərəfindən, prosessual fəaliyyət ilə əlaqədar olduğu hallarda isə prokurorluq və məhkəmə orqanlarının aktları əsasında həyata keçirilir. Daxili işlər orqanlarının istintaq aparatı işçilərinə intizam tənbehi verilməsi, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin orqanın istintaq aparatının fəaliyyətinə rəhbərliyi həyata keçirən qurumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85.6-cı maddəsində göstərilən səlahiyyətləri daxilində verilmiş vəsatəti əsasında həyata keçirilir.
130. Həvəsləndirmə tədbirlərinin və intizam tənbehinin tətbiqində verilən hüquqların həddini aşan vəzifəli şəxs məsuliyyət daşıyır.
131. Daxili işlər orqanlarının əməkdaşı ona verilmiş intizam tənbehindən ardıcıllıqla yuxarı vəzifəli şəxslərə şikayət edə bilər.
132. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən xidməti borclarının yerinə yetirilməsinin, anda, intizam qaydalarına riayət olunmasının təmin edilməsi məsələlərinin kollektiv müzakirə edilməsi məqsədi ilə daxili işlər orqanlarında sıravi və rəis heyətlərinin yığıncaqları fəaliyyət göstərilir.
133. Yığıncaqların fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.
134. Daxili işlər orqanlarının əməkdaşı cinayət törətdikdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.
Daxili işlər orqanlarının ali və böyük rəis heyəti əməkdaşlarının cinayət başında yaxalanması halları istisna olmaqla, onların cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə, Azərbaycan Respublikasının Baş Prokurorunun razılığı ilə həyata keçirilir.
Daxili təhqiqatlar zamanı daxili işlər orqanlarının əməkdaşları barəsində «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bilavasitə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilə bilər.