İkinci fəsil. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

 

Maddə 7. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri və əsas istiqamətləri

I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri aşağıdakılardır:

1) yol hərəkətində iştirak edən insanların həyatının və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstünlüyü;

2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyü;

3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin mənafelərinə əməl olunması;

4) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə məqsədyönlü və kompleks yanaşma.

II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir:

1) yol hərəkətinin təşkilində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi;

2) yol hərəkəti təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin və məsuliyyətlərinin müəyyən edilməsi;

3) yol hərəkəti təhlükəsizliyinə dair qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada işlənib hazırlanması və onların təsdiq edilməsi;

4) avtomobil yollarında yol hərəkəti üçün sərfəli və rahat şəraitin yaradılması;

5) avtomobil, şəhər yerüstü elektrik nəqliyyatının və yol təsərrüfatı fəaliyyətinin nizama salınması;

6) nəqliyyat vasitələrinin yol hərəkətinə buraxılması;

7) yol hərəkətinin nizama salınması;

8) nəqliyyat vasitələri sürücülərinin hazırlanmasının və ixtisasının artırılmasının təşkili;

9) yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi;

10) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi;

11) ətraf mühitin mühafizəsi;

12) yol hərəkəti təhlükəsizliyi tədbirlərinin maddi və maliyyə təminatı;

13) yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların nəticələrinin ağırlığını azaltmaq məqsədilə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;

14) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin və müvafiq qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətinin həyata keçirilməsi.

Maddə 8. Yol hərəkətinin təşkili zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

I. Yol hərəkəti təhlükəsizliyi Azərbaycan Respublikasında qüvvədə olan standartlarda və yol hərəkətinin təşkili ilə bağlı layihə və sxemlərdə nəzərdə tutulan texniki vasitələrdən, konstruksiyalardan kompleks şəkildə istifadə olunması əsasında təşkil edilməlidir.

II. Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsi qadağandır.

III. Yol hərəkətinin təhlükəsizliyi üçün real qorxu mövcud olan təcili hallarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilində dəyişikliklər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin icrası yol hərəkətinin bütün iştirakçıları üçün məcburidir.

Maddə 9. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

I. Azərbaycan Respublikası ərazisində avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri sahəsində bütün işlər yol hərəkəti təhlükəsizliyi üzrə beynəlxalq standartlar, qaydalar və normativlər, habelə nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti üçün ayrılmış zolağın yetərliliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

II. Avtomobil yollarının təmiri, tikintisi, yenidən qurulması, tədqiqi və sınağı üzrə layihə və podrat işlərinin icrası müsabiqə əsasında seçilən hüquqi və fiziki şəxslər tərəfindən yol təsərrüfatı orqanları ilə bağlanan podrat müqavilələri əsasında həyata keçirilir.

III. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair birtipli və ya fərdi layihələrdə yol hərəkəti təhlükəsizliyinin, ətraf mühitin mühafizəsinin, habelə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların spesifik ehtiyaclarının təmin edilməsi ilə bağlı olan bütün tədbirlər kompleksi nəzərdə tutulmalıdır.

IV. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair layihələr yol hərəkətinin təhlükəsizliyi qaydalarının, normativlərinin və standartlarının tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında ekspertizadan keçirilməli və onlarla razılaşdırılmalıdır. Ekspertiza keçirilməsi zamanı aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmalıdır.

V. Şəhərlərarası avtomobil yollarının sanitariya-mühafizə zonasında yolların tikilməsinə, yol kompleksi tikililərinin ucaldılmasına, səsudan qurğuların və çirkləndirici maddə tutucularının qurulmasına, mühəndis kommunikasiyalarının, bionəqliyyat yollarının çəkilməsinə, yaşıllıq zolağı salınmasına, xidmət obyektlərinin açılmasına və hərəkət təhlükəsizliyi tələbləri nəzərə alınmaqla, müəyyənləşdirilmiş qaydada hazırlanan və razılaşdırılan layihələrə uyğun olaraq icazə verilir. Payız-qış mövsümündə yolun sanitariya-mühafizə zonasında müvəqqəti qarsaxlayan qurğunun qurulmasına icazə verilir.

VI. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi təyinatlı məsrəflərin azaldılması qadağandır.

VII. Müvafiq razılaşdırma olmadan, layihəçi layihələşdirməyə dair müəyyən edilmiş tələblərdən və ya tapşırıq şərtlərindən kənara çıxdıqda, bu uyğunsuzluğu öz hesabına aradan qaldırır. Layihənin ayrı-ayrı hissələrinin həyata keçirilməsini qeyri-mümkün edən şərait yarandıqda, işlərin icraçısı yol hərəkətinin təhlükəsizliyinə dair əlavə tədbirlərin hazırlanması məqsədilə layihəçiyə və sifarişçiyə məlumat verməlidir.

VIII. Tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuş avtomobil yollarının yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə dair inşaat normalarının, qaydalarının, standartlarının və digər normativ sənədlərin tələblərinə uyğunluğu avtomobil yollarının qəbul edilmə aktı ilə təsdiq olunur. Avtomobil yollarının qəbul edilmə aktı yalnız nəzarət qaydasında keçirilmiş müayinənin, yoxlamanın və sınağın nəticələri əsasında xüsusi komissiya tərəfindən verilir. Bu komissiyanın avtomobil yollarının və müvafiq yol qurğularının mülkiyyətçilərinin təqdimatı əsasında təşkili qaydası və tərkibi, habelə avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

IX. Avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə quraşdırılır.

X. Avtomobil yollarının layihələşdirilməsini, tikintisini, yenidən qurulmasını və təmirini həyata keçirən hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 9-1. Piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi

I. Avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin svetoforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

II. Avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.

III. Avtomobil yollarında yerüstü və ya yeraltı keçidlər aşağıdakı hallarda tikilməlidir:

1. avtomagistrallarda — bu Qanunun 9-1-ci maddəsinin I və II hissələri nəzərə alınmaqla;

2. digər avtomobil yollarında — nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda.

IV. Bu Qanunun 9-1-ci maddəsinin III hissəsinin 2-ci bəndində nəzərdə tutulan avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.».

Maddə 10. Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

I. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə:

1) avtomobil yolları yol hərəkətinin iştirakçıları üçün sərfəli və rahat şəraitdə saxlanılmalı, qorunmalı və daha da yaxşılaşdırılmalıdır. Yol hərəkətinin təhlükəsizliyi üçün qorxu törədən şərait yarandıqda, yol hərəkəti qadağan edilməli və ya məhdudlaşdırılmalıdır, təhlükəsiz hərəkət şəraitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görülməlidir;

2) avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır;

3) avtomobil yolunun yaxınlığında xəstəxananın olması, onun istiqaməti, yerləşdiyi məsafə, xəstəxananın telefon nömrəsi barədə məlumat verən müvafiq yol nişanları quraşdırılmalı, yolların yaxınlığında tibb müəssisələrinin yerləşməsi «Tibbi yardım məntəqəsi» yol nişanı ilə bildirilməlidir;

4) texniki qurğuların quraşdırılması, kommunikasiyaların çəkilməsi, mühafizə işlərinin görülməsi, xidmət obyektlərinin tikilməsi və avadanlıqlarının qurulması təmin edilməlidir;

5) avtomobil yollarında yol şəraiti və hərəkət rejimi haqqında yol hərəkəti iştirakçılarına vaxtında məlumat verilməli, yol şəraitinin xeyli pisləşməsi zamanı (qar yığınları, yolun buz bağlaması) isə, bu məqsədlə radio və televiziya vasitələrindən istifadə olunmalı, əlverişsiz hava şəraitində yol hərəkəti iştirakçılarının təhlükəli yol sahələrini qəzasız keçmələri təmin edilməlidir;

6) avtomobil yollarında işlərin görüldüyü, yol tikintisində istifadə olunan mexaniki nəqliyyat vasitələrinin, tikinti materiallarının və s. qoyulduğu yerlər, yol örtüyünün hərəkət üçün təhlükə törədə biləcək zədələri (kələ-kötür və çökək yerlər, çuxurlar və s.) qəza təhlükəli sahələr və yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi yerlər vaxtında aşkar edilməli və təxirəsalınmadan aradan qaldırılmalıdır, bu mümkün olmadıqda isə müvafiq yol nişanları ilə, çəpərləyici və yönəldici vasitələrlə bu Qanunla nəzərdə tutulmuş xəbərdarlıq nişanları ilə işarələnməlidir;

7) avtomobil yollarının hərəkət hissəsinin palçıqdan, su, qum və ya qar yığınından, buzdan və yaxud daş düşməsindən təcili olaraq təmizlənməsi üçün tədbirlər görülməlidir;

8) tırtıllı, uzun ölçülü, iri qabaritli, təhlükəli və yükdaşıyan digər ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yollarının üst örtüyünü, yol qurğularını, dəmir yolunu və ya dəmiryol keçidinin avadanlığını zədələyə biləcəyi hallarda, onların hərəkəti qadağan olunmalı və ya yolun təhlükəli olan sahələrini qəzasız keçmələri təmin edilməli, xüsusilə təhlükəli hallarda isə, başqa yol hərəkəti iştirakçılarının hərəkəti məhdudlaşdırılmalıdır;

9) şəhərlərarası avtomobil yollarında təcili yardım çağırış sistemləri qurulmalıdır, nəqliyyat vasitələrinin dayanacaqları, duracaqları, təşkil edilməli və yol hərəkəti iştirakçılarının ilk tibbi yardım almaq, dincəlmək, qidalanmaq, insanın adi həyati və məişət ehtiyaclarının ödənilməsinin təmini məqsədi ilə müvafiq yerlər düzəldilməlidir;

10) avtomobil yollarından yol nişanlarının, svetoforların, hərəkətin təşkilinin digər texniki vasitələrinin çıxarılmasına, görünüşünün müxtəlif maneələrlə məhdudlaşdırılmasına, zədələnməsinə, özbaşına qurulmasına, görmə şəraitini pisləşdirən reklam lövhələrinin və transparantların qurulmasına yol verilməməlidir.

II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün avtomobil yollarının bu maddənin birinci hissəsinin tələblərinə uyğun olaraq saxlanılmamasına, qorunmamasına və abadlaşdırılmamasına, habelə avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə:

1) dövlət əhəmiyyətli avtomobil yolları üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

2) yerli əhəmiyyətli avtomobil yolları, küçələr və meydanlar üzrə müvafiq icra hakimiyyəti orqanları;

3) özəl avtomobil yolları üzrə bu yolların sahibləri;

4) dəmiryol keçidləri üzrə dəmiryol təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

III. Bu maddənin birinci hissəsində göstərilmiş tələblərin hüquqi və ya fiziki şəxslər tərəfindən yerinə yetirməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

IV. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və həddə bu maddənin birinci hissəsində göstərilmiş tələbləri pozan hüquqi və ya fiziki şəxsləri məsuliyyətə cəlb və tənbeh etmək ixtiyarı vardır.

V. Bu maddənin ikinci hissəsində göstərilmiş hüquqi və fiziki şəxslər avtomobil yollarının lazımi vəziyyətdə saxlanılmaması, qorunmaması onların abadlaşdırılmaması və ya avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmaması nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı yol hərəkəti iştirakçılarına dəymiş maddi zərəri ödəməyə borcludurlar.

Maddə 11. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

I. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər bu maddənin tələblərinə riayət etməklə avtomobil yollarından istifadə edə bilərlər. Avtomobil yollarında yalnız dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələrinin hərəkətinə yol verilir.

II. Nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə qısamüddətə dayanmaq üçün icazə verilir.

III. Nasaz nəqliyyat vasitələrinin, yüklərin, materialların sahibləri onları ümumi istifadədə olan yolun təhkim zolağı (yolların tikintisi və ya çəkilmiş yol üçün ayrılan zolaq)hüdudlarından kənara çıxarmadıqda, avtomobil yollarına xidmət edən yol təsərrüfatı müəssisələri özləri bu nəqliyyat vasitələrini, yükləri, materialları təhkim zolağının hüdudlarından kənara çıxarmaq hüququna malikdirlər. Bu zaman avtomobil yollarına xidmət edən yol təsərrüfatı müəssisələri nəqliyyat vasitələrinin, yüklərin və materialların salamatlığı üçün məsuliyyət daşımırlar.

IV. Avtomobil yollarında və təhkim zolağında aşağıdakılar qadağandır:

1) örtüyü təkmilləşdirilmiş yollarda avtomobil yollarını korlayan konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkəti (dolayı yollar olmadıqda, onların körpülərdən, bəndlərdən, bataqlıq yerlərdən keçən yol sahələrindən hərəkəti, yol örtüklərinin zədələnməməsi şərti ilə, yollara xidmət edən yol təsərrüfatı müəssisələrinin yazılı icazəsi ilə həyata keçirilə bilər), həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkəti;

2) yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsi, yaxud tutulması, yolda kənd təsərrüfatı məhsullarının qurudulması, zibil və qar yığınlarının yaradılması;

3) yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılması, habelə daş, çınqıl, qum və ot tökülməsi, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılması;

4) avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi;

5) xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılması;

6) avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi;

7) üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan alması, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsi;

8) avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olmaqla, torpağın şumlanması, çimin çıxarılması və qruntun götürülməsi, oradakı otların biçilməsi, ağacların və digər yaşıllığın qırılması;

9) kütləvi istirahət yerlərinin təşkil edilməsi;

10) suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılması, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsi;

11) yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılması;

12) müəyyənləşdirilməmiş yerlərdə yola girmə və yoldan çıxma.

V. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan avtomobil yollarında və nəzarət edilən zonalarda aşağıdakılar qadağandır:

1) yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılması (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şəraitin yaradılması və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənilməsi və ya boşaldılması;

2) geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılması, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsi, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsi;

3) daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılması;

4) yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılması;

5) avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulması bu Qanunun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə, həmçinin «Avtomobil yolları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsi;

6) dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisi, yenidən qurulması, təmiri və ləğvi, çayların və kanalların yatağının dərinləşdirilməsi;

7) bərk örtüklü yollarda avtomobillərin, traktorların, digər özügedən və qoşqulu nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsi;

8) təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, xidmət obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsi və ticarət aparılması, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsi, müvafiq icra hakimiyyəti orqanının xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi;

9) yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsi (krosslar, avtomotoyarışlar, digər kütləvi tədbirlər).

VI. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti bu Qanunun 10-cu maddəsinin ikinci hissəsində göstərilən hüquqi və ya fiziki şəxslər ilə razılaşdırılmalıdır. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin avtomobil yollarından istifadə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəydikdə, yol örtüyü və yolun mühəndisi konstruksiyası zədələndikdə, avtomobil yoluna və ya yolda yerləşdirilən qurğulara müdaxilə edildikdə, onların sahibləri bu zərəri ödəməyə borcludurlar.

VII. Bu maddədə sadalanan qadağanlar və məhdudiyyətlər bu Qanunun 10-cu maddəsinin ikinci hissəsində göstərilmiş hüquqi və ya fiziki şəxslər tərəfindən avtomobil yollarının saxlanılması, abadlaşdırılması və avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılması üçün görülən işlərə şamil edilmir.

VIII. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin bu maddədə göstərilmiş tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 12. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi

I. Yol hərəkəti yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər:

1) yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə;

2) təbii fəlakət, qəza və ya digər fövqəladə hadisə baş verdikdə;

3) yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda;

4) hava-iqlim şəraiti xeyli pisləşdikdə;

5) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildikdə.

II. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar, yolun mənsubiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və ya özəl yolun sahibi tərəfindən qəbul edilir. Yol şəraiti hərəkət üçün ciddi təhlükə yaradarsa, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən orqan yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarın qəbul edilməsi barədə göstəriş verə bilər. Qərar olmadan, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi, yalnız fövqəladə hadisələr, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zərurəti ilə əlaqədar hallarda mümkündür.

III. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarda yol hərəkətinin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin yeri, səbəbi, vaxtı və şərtləri, qəbul olunan qərar barədə yol hərəkəti iştirakçılarına məlumat verilməsi qaydası, yol hərəkətinin təhlükəsizliyi tədbirləri və işlərin yerinə yetirilməsi müddətləri, zəruri işlərin icrasına cavabdeh olan şəxslər göstərilir.

IV. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar təxirəsalınmadan dövlət orqanlarının və əhalinin nəzərinə çatdırılmalıdır. Qərarda göstərilmiş zəruri işlərin icrasına cavabdeh olan şəxslər yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən orqanla birlikdə zəruri, o cümlədən dolayı yol ilə yol hərəkətinin təşkil edilməsinə dair tədbirləri həyata keçirməlidirlər.

V. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi zamanı, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi şərtilə, yalnız bu Qanunda nəzərdə tutulmuş xüsusi işarələrdən, fərqləndirici nişanlardan, svetoforlardan və digər texniki vasitələrdən istifadə olunmalıdır.

VI. Yollara xidmət edən yol təsərrüfatı müəssisələri, fövqəladə hallar istisna olmaqla, avtomobil yollarında hərəkətin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin planlaşdırılması, habelə bunun üçün müəyyən olunmuş müddətlər haqqında yol istifadəçilərinə qabaqcadan xəbər verməlidirlər. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin hər bir halında yollara xidmət edən yol təsərrüfatı müəssisələri yol hərəkətinin müəyyən olunmuş müddətdə təcili bərpası üçün zəruri tədbirlər həyata keçirməlidirlər.

VII. Bu maddənin müddəalarını, habelə yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul olunmuş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozan və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

Maddə 13. Küçələrin, meydanların və ya dəmiryol keçidlərinin tikilməsi, saxlanılması və istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

Avtomobil yolları küçələrdən meydanlardan və ya dəmiryol keçidlərindən keçirsə, avtomobil yollarının tikilməsi, saxlanılması və istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, habelə avtomobil yollarında hərəkətin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə dair bu Qanunun 9—12-ci maddələrində nəzərdə tutulmuş müddəalar eyni dərəcədə həmin küçələrin, meydanların və ya dəmiryol keçidlərinin tikilməsinə, saxlanılmasına və istifadə olunmasına, habelə küçələrdə, meydanlarda və ya dəmiryol keçidlərində hərəkətin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə də şamil olunur.

Maddə 14. Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması

Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar.

Maddə 15. Yol hərəkətinin nizama salınması

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün yol hərəkətinin vahid qaydaları müəyyənləşdirilir. Yol hərəkəti Qaydaları bu Qanunla təsbit olunur və Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasında yol hərəkətinin xüsusiyyətlərini müəyyənləşdirən digər normativ-hüquqi aktlar (xüsusi yüklərin daşınması, nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin istismarı, qapalı ərazilərdə hərəkət etməsi və s.) yol hərəkəti Qaydalarının tələblərinə əsaslanmalı və onlara uyğun olmalıdır.

Maddə 16. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılmasının təşkili

I. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması lazımi texniki-metodiki tədris vasitələri ilə təmin olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış kurslarda həyata keçirilir. Belə kursların fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən «Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında» Əsasnamə ilə nizama salınır. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün təhsil müəssisələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən uçota alınmalıdır.

II. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması xüsusi proqramlar üzrə aparılır. Müvafiq kateqoriyalı nəqliyyat vasitələrinin sürücüləri üçün proqramlar, dövlət təhsil standartları əsasında, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və təsdiq edilir.

III. Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələri idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanmasının qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 17. Nəqliyyat vasitələri sürücülərinin sağlamlığının qorunması və onlar üçün lazımi əmək şəraitinin yaradılması

I. Nəqliyyat vasitəsinin sürücüsünü işə götürmüş hər hansı fiziki və ya mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxs:

1) yol-nəqliyyat hadisələrindən sürücünün sığortalanmasını təşkil etməlidir;

2) sürücülərin işini Azərbaycan Respublikasının qanunvericiliyinə, əmək və istirahət rejiminə uyğun olaraq təşkil etməlidir;

3) sürücülərin əmək gərginliyinin və yorğunluğunun səviyyəsini azaltmağa yönəldilmiş lazımi tədbirlər görməlidir.

II. Sürücülərinin sayı 100 nəfər və daha çox olan nəqliyyat vasitələrinin sahibləri ixtisaslaşdırılmış tibbi idarə və sağlamlaşdırma məntəqələri, tibbi-sanitariya hissələri, poliklinika bölmələri və səhiyyə müəssisələri yaradırlar. Sürücülərinin sayı 100-dən az olan nəqliyyat vasitələrinin sahibləri isə, onlara tibbi xidmət göstərilməsi üçün ərazi tibb müəssisələri ilə müqavilələr bağlayırlar.

Maddə 18. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi

I. Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələrində, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış digər müəssisələrdə öyrədilir.

II. Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış və təsdiq edilmiş nümunəvi proqramlar və metodik tövsiyyələr əsasında öyrədilir.

III. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi barədə müddəa müvafiq dövlət təhsil standartlarına daxil edilir.

IV. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müəssisələr tərəfindən, yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi işinə köməklik göstərməlidirlər.

V. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi üçün kütləvi informasiya vasitələrindən də istifadə oluna bilər.

Maddə 19. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı

I. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin məcburi qaydada tibbi müayinədən və təkrar müayinədən keçməsindən, nəqliyyat vasitələri sürücülərinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardım göstərilməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə, ixtisaslı həkim köməyinədək ilk tibbi yardım göstərilməsi üsullarının yol hərəkəti iştirakçılarına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ixtisaslaşdırılmış bölmələrin vəzifəli şəxslərinə, habelə əhaliyə öyrədilməsindən ibarətdir.

II. Məcburi tibbi müayinənin və təkrar müayinənin məqsədi sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin sağlamlığının sürücülük fəaliyyətinə zidd göstəricilərinin və ya digər məhdudiyyətlərin müəyyən edilməsindən ibarətdir.

III. Yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə göstərilən tibbi yardım aşağıdakılardan ibarətdir:

1) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə ilk tibbi yardımın göstərilməsindən;

2) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə, tibb müəssisəsinə gedərkən və tibb müəssisəsində tibbi yardımın göstərilməsindən.

IV. Məcburi tibbi müayinənin dövriliyi, onun keçirilməsi qaydası, Azərbaycan Respublikası vətəndaşları tərəfindən nəqliyyat vasitələrinin idarə olunmasını qeyri-mümkün edən tibbi göstəricilərin siyahısı, habelə yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardımın təşkili qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 20. Yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin təşkili

I. Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər.

II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları mütəxəssislərlə, şöbə və palatalarla təchiz olunmuş, müayinə və müalicə etmək imkanına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının stasionar postları ilə rabitə əlaqəsinə malik olan müalicəxanaları yolların konkret sahələrinə təhkim edirlər. Bu müalicəxanalar yol-nəqliyyat hadisəsi yerinə dərhal getmək və zərər çəkənlərə zəruri tibbi yardım göstərmək üçün lazımi tədbirlər görməlidirlər.

III. Yolların yaxınlığında olan tibb müəssisələri (xəstəxanalar və müalicə-profilaktika müəssisələri) rabitə vasitələri ilə təchiz edilməli və tibbi yardım çağırışlarına cavab verməlidirlər. Yollara təhkim edilmiş xəstəxanalar və təcili yardım stansiyaları da müvafiq rabitə cihazları ilə təmin olunur. Məlumatı qəbul etməməyə, eləcə də yol-nəqliyyat hadisəsi yerinə vaxtında getməməyə və ya ixtisaslı tibbi yardım göstərməməyə görə, tibbi heyətin məsul şəxsləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

IV. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər.

Maddə 21 Ətraf mühitin mühafizəsi

I. Mexaniki nəqliyyat vasitələrini layihələşdirən, istehsal və istismar edən fiziki və hüquqi şəxslər göstərilən nəqliyyat vasitələrinin ətraf mühitə çirkləndirici maddələr buraxmasının, eləcə də səs-küyün və vibrasiyanın qarşısını almaq və onları azaltmaq üçün tədbirlər görməlidirlər. Tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı və istismarı qadağandır.

II. Bütün hüquqi və fiziki şəxslər müvafiq nəqliyyat tipinin ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərini və fiziki təsir göstərilməsinin yol verilən səviyyələrini müəyyən edən normativlərə əməl edilməməsi üçün məsuliyyət daşıyırlar.

Maddə 22. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi proqramları

I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə və yol-nəqliyyat hadisələrinin sayının, bu hadisələr nəticəsində dəyən zərərin azaldılmasına yönəldilmiş dövlət və yerli əhəmiyyətli proqramlar işlənib hazırlanır.

II. Bu proqramlar ərazi və sahə planlaşdırılmasının səmərəli əlaqələndirilməsi, bir-birinə bağlı olan balanslaşdırılmış göstəricilərin formalaşdırılması əsasında, konkret regionun sosial-iqtisadi və ekoloji şəraiti, yol şəbəkəsinin inkişaf səviyyəsi, qəza vəziyyəti və yol hərəkətinin vahid uçotu sisteminin digər göstəriciləri nəzərə alınmaqla hazırlanır.

III. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması proqramına aşağıdakılar daxil edilməlidir:

1) yolların inkişafı və genişləndirilməsi;

2) yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi;

3) yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin təhlili və yol-nəqliyyat hadisələrinin, onların nəticələrinin azaldılması üzrə tədbirlər;

4) müəyyən dövr üçün proqnozlar;

5) əsaslandırılmış konkret məqsədlər;

6) həyata keçirilməsi nəzərdə tutulan məqsədlərə çatmağa imkan verəcək tədbirlər;

7) proqramın dəyəri və onun maliyyələşdirilmə mənbələri, yol fondlarının yaradılması;

8) proqramın yerinə yetirilməsinə nəzarətin formaları və mütəmadiliyi.

Maddə 23. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirlərinin maliyyələşdirilməsi

I. Proqramlarda nəzərdə tutulmuş tədbirlər, habelə yol hərəkəti təhlükəsizliyini təmin etmək sahəsində digər tədbirlər Azərbaycan Respublikası büdcəsinin, yerli büdcələrin, büdcədənkənar vəsaitlərin və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsaiti hesabına maliyyələşdirilir.

II. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirləri həmçinin Azərbaycan Respublikası dövlət yol fondunun vəsaiti və bu Qanunun müddəalarını pozmağa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən cərimələrin ödənilməsi, nəqliyyat vasitələrinin sığortası, onların qeydiyyatı, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı şəhadətnamələrinin və nişanlarının verilməsi, sürücülərin hazırlanması və ixtisaslarının artırılması üzrə kurs imtahanlarının qəbulu, sürücülük vəsiqələrinin verilməsi, nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlər nəticəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına daxil olan vəsait hesabına maliyyələşdirilir.

III. Bu Qanunun müddəalarını pozmağa görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsait Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və subyektlər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır.

Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotunun təşkili

I. Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotu aparılır. Bu göstəricilər aşağıdakılardır:

1) yol-nəqliyyat hadisələrinin;

2) yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərin;

3) nəqliyyat vasitələri sürücülərinin;

4) yol hərəkəti qaydalarını pozmuş şəxslərin;

5) yol hərəkəti sahəsində inzibati xətaların və cinayətlərin sayı;

6) yol hərəkəti təhlükəsizliyi vəziyyətini əks etdirən göstəricilər və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə dair fəaliyyətin nəticələrinin göstəriciləri.

II. Azərbaycan Respublikası ərazisində yol hərəkəti təhlükəsizliyi vəziyyətinin dövlət uçotu aparılarkən yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslər aşağıdakılar sayılır:

1) yaralılar — yol-nəqliyyat hadisəsi nəticəsində səhhətinin müəyyən müddətə pozulmasına səbəb olan şəxslər;

2) həlak olanlar — yol-nəqliyyat hadisəsi yerində həlak olmuş və ya bu cür hadisə nəticəsində sonrakı 7 gün ərzində ölmüş şəxslər.

III. Dövlət uçotunun sistemi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi işinin təşkilini və tətbiqini təmin edir.

IV. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Maddə 25. Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçot sistemi

I. Azərbaycan Respublikasında yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin (avtomobil yollarının, nəqliyyat vasitələrinin, sürücülərin və yol hərəkəti sahəsində inzibati xətaların, yol-nəqliyyat hadisələrinin, yol-nəqliyyat zədələnmələrinin və sair) vahid dövlət uçotu sistemi müəyyən edilir.

II. Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısını, uçot və hesabat qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

III. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçotu sistemində nəzərdə tutulmayan hesabatlar verilməsini tətbiq edə bilməzlər.

Maddə 26. Layihə və elmi işlərin aparılması

Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, yol hərəkəti təşkilinin perspektiv proqramlarını, kompleks sxemlərini və layihələrini hazırlayan, habelə bunları həyata keçirən fiziki və hüquqi şəxslər həmin sənədlərdə hərəkət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə çirkləndirici maddələr buraxılmasının və tullanmasının, habelə səs-küyün və vibrasiyanın qarşısının alınması və azaldılması istiqamətində tədbirlər nəzərdə tutmalı və bunları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalıdırlar.