IV fəsil. Dövlət sirrinin mühafizəsi

 

Maddə 20. Dövlət sirrini mühafizə orqanları

20.1. Dövlət sirrini mühafizə orqanlarına aşağıdakılar aiddir:

20.1.1. müvafiq mərkəzi icra hakimiyyəti orqanları;

20.1.2. dövlət hakimiyyəti orqanları, müəssisə, idarə, təşkilatlar və onların dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri.

20.2. Bu qanunun 20.1-ci maddəsində nəzərdə tutulan orqanlar və onların yerlərdəki orqanları dövlət sirrinin mühafizəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara həvalə olunmuş funksiyalara müvafiq surətdə təşkil və təmin edirlər.

20.3. Dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkili üçün məsuliyyət onların rəhbərlərinin üzərinə qoyulur.

20.4. Dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə görülən işlərin həcmindən asılı olaraq dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ hüquqi sənədlərə uyğun olaraq dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri yaradır və görülən işlərin xüsusiyyətlərini nəzərə almaqla onların funksiyalarını müəyyənləşdirirlər.

20.5. Dövlət sirrinin mühafizəsi dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların əsas fəaliyyət istiqamətlərindən biridir.

Maddə 21. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması

21.1. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması könüllülük qaydasında həyata keçirilir.

21.2. Dövlət sirri ilə işləməyə, bir qayda olaraq Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.

21.3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sirri ilə işləməyə buraxılması müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

21.4. Vəzifəli şəxsin və vətəndaşın dövlət sirri ilə işləməyə buraxılması aşağıdakıları nəzərdə tutur:

21.4.1. ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında öhdəlik götürməsini;

21.4.2. dövlət sirri haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanış olmasını;

21.4.3. bu qanunun 25-ci maddəsində nəzərdə tutulan qismən və müvəqqəti məhdudiyyətlərə rəsmi yazılı razılıq verilməsini;

21.4.4. onun barəsində səlahiyyətli orqanlar tərəfindən yoxlama tədbirlərinin keçirilməsinə yazılı razılıq verməsini;

21.4.5. bu qanunla nəzərdə tutulmuş əməkhaqqına əlavələrin və onların verilməsi qaydasının müəyyənləşdirilməsini;

21.4.5. dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbəri tərəfindən dövlət sirri ilə işləməyə buraxılma haqqında qərar qəbul edilməsini.

21.5. Yoxlama tədbirlərinin həcmi dövlət sirri ilə işləməyə buraxılan şəxsin işləməyə buraxılacağı məlumatların məxfilik dərəcəsindən asılıdır. Yoxlama tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir. Yoxlama tədbirlərinin keçirilməsində məqsəd bu qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsasların olub-olmamasının müəyyənləşdirilməsidir.

21.5-1. Vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir. Yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası yoxlama tədbirlərini keçirən orqanlar tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edilir.

21.6. Daimi əsasla dövlət sirri ilə işləməyə buraxılan vəzifəli şəxslər və vətəndaşlar üçün tanış olmağa buraxıldıqları məlumatların məxfilik dərəcəsindən asılı olaraq əmək haqlarına əlavələr müəyyən edilir.

21.7. Dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrinin əməkdaşlarına daimi əsasla dövlət sirri ilə işləməyə buraxılmış vəzifəli şəxslər və vətəndaşlar üçün müəyyənləşdirilmiş güzəştlə yanaşı, həmin struktur bölmələrində iş stajına görə əməkhaqlarına əlavələr müəyyən edilir.

21.6. Vəzifəli şəxsin və vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.

21.7. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılmasının dövlət sirri təşkil edən məlumatların məxfilik dərəcələrinə uyğun üç forması müəyyən edilir: xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılma.

21.8. Vəzifəli şəxslərin və vətəndaşların məxfilik dərəcəsi daha yüksək olan məlumatlarla işləməyə buraxılışının olması, onların məxfilik dərəcəsi daha aşağı olan məlumatlarla işləməyə buraxılmasına əsas verir.

21.9. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

21.10. Hərbi və fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilə bilər.

Maddə 22. Dövlət sirri ilə işləməyə buraxılmanın xüsusi qaydaları

22.1. Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən vəzifəyə təyin edilmiş şəxslər, öz vəzifələrinin icrası zamanı hakimlər, habelə dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə bu qanun ilə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar.

22.2. Bu qanunun 22.1-ci maddəsində göstərilən şəxslər qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, dövlət sirrinin yayılmasına görə məsuliyyətə ümumi əsaslarla cəlb edilirlər.

Maddə 23. Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar

23.1. Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar aşağıdakılardır:

23.1.1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi;

23.1.2. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərə, eləcə də digər xüsusilə ağır və ağır cinayətlərə görə məhkum edilməsi (məhkumluğun ödənilməsi və ya götürülməsindən asılı olmayaraq);

23.1.3. bu Qanunun 23.1.2-ci maddəsində göstərilən cinayətlərə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulması və ya barəsində hər hansı qətimkan tədbirinin seçilməsi (azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək);

23.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahıya uyğun olaraq, dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərinin olması;

23.1.5. xarici ölkədə daimi yaşaması;

23.1.6. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi və ya barəsində «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin müddəalarının tətbiqi ilə bağlı icraata başlanılması;

23.1.7. yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxması;

23.1.8. yoxlama tədbirlərindən boyun qaçırması və ya qəsdən yalan anket məlumatları verməsi.

23.2. Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi barədə qərarı dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri yoxlama tədbirlərinin nəticələrini nəzərə almaqla, fərdi qaydada qəbul edir. Vəzifəli şəxsin və ya vətəndaşın həmin qərardan şikayət vermək hüququ vardır.

23.3. Dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsas verən məlumatların aid olduğu hər hansı vəzifəli şəxs və ya vətəndaşların mərkəzləşdirilmiş uçotunun aparılması və məlumat bazasının yaradılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil edilir.

Maddə 24. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına xitam verilməsi şərtləri

24.1. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və ya təşkilat rəhbərinin qərarı ilə aşağıdakı hallarda xitam verilir:

24.1.1. təşkilati və (və ya) ştat tədbirləri ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdə;

24.1.2. əmək müqaviləsinə əsasən dövlət sirrinin mühafizəsi üzrə götürdüyü öhdəlikləri bir dəfə pozduqda;

24.1.3. bu qanunun 23.1-ci maddəsinə uyğun olaraq vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina üçün əsas verən hallar yarandıqda.

24.2. Dövlət sirri ilə işləməyə buraxılmasına xitam verilməsi vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri təşkil edən məlumatları yaymamaq haqqında götürdüyü öhdəliklərdən azad etmir.

Maddə 25. Dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vəzifəli şəxsin və ya vətəndaşın hüquqlarının məhdudlaşdırılması

25.0. Dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vəzifəli şəxsin və ya vətəndaşın hüquqları müvəqqəti məhdudlaşdırıla bilər. Məhdudiyyətlər aşağıdakılara aid ola bilər:

25.0.1. dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə xarici ölkəyə daimi yaşamağa getmək hüququna;

25.0.2. dövlət sirri təşkil edən məlumatları yaymaq və bu cür məlumatları əks etdirən kəşflərdən və ixtiralardan istifadə etmək hüququna;

25.0.3. dövlət sirri ilə işləməyə buraxılmasının rəsmiləşdirilməsi (yenidən rəsmiləşdirilməsi) ilə əlaqədar yoxlama tədbirlərinin keçirildiyi müddətdə şəxsi toxunulmazlıq hüququna.

Maddə 26. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılmasının təşkili

26.1. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılmasının təşkili müvafiq dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri, habelə onların dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri tərəfindən həyata keçirilir.

26.2. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26.3. Dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və ya təşkilatların rəhbərləri vəzifəli şəxsin və ya vətəndaşın, yalnız öz vəzifə borcunu yerinə yetirməsi üçün zəruri olan dövlət sirri təşkil edən məlumatlarla və yalnız lazımi həcmdə tanış olması üçün müvafiq şəraitin yaradılmasına görə fərdi məsuliyyət daşıyırlar.

Maddə 27. Müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin icrasına buraxılması

27.1. Müəssisə, idarə və təşkilatlar müvafiq məxfilik dərəcəsi olan məlumatlarla işləmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada icazə aldıqdan sonra dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılırlar.

27.2. Bu işlərin görülməsi üçün icazələr müəssisə, idarə və təşkilatın xüsusi ekspertizasının və onların dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün məsul rəhbərlərinin dövlət attestasiyasının nəticələri əsasında verilir. Ekspertizanın keçirilməsi və icazənin verilməsi ilə bağlı xərclər həmin müəssisə, idarə və təşkilatların hesabına ödənilir.

27.3. Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi üçün müəssisə, idarə və təşkilatlara icazə onların aşağıdakı şərtləri yerinə yetirdiyi hallarda verilir:

27.3.1. dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin olunmasına dair müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ-hüquqi sənədlərin tələblərini yerinə yetirdikdə;

27.3.2. onların strukturlarında dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri və məlumatın mühafizə işi üçün xüsusi hazırlanmış, sayı və ixtisas səviyyəsi dövlət sirrinin mühafizəsinin təmin olunmasına kifayət edən əməkdaşları olduqda;

27.3.3. onların sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri olduqda.

Maddə 28. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması

28.1. İnformasiyanı mühafizə vasitələrinə onların müvafiq məxfilik dərəcəsi olan məlumatların mühafizəsi tələblərinə uyğunluğunu təsdiq edən sertifikat verilməlidir.

28.2. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir.