III fəsil. Kriminallaşdırma və qanunvericiliyin tətbiqi

 

Maddə 15. Dövlət vəzifəli şəxslərin rüşvətlə ələ alınması

Hər bir İştirakçı Dövlət, qəsdən törədildiyi halda, aşağıdakı əməlləri cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn
qanunvericilik və başqa tədbirləri görür:

a) dövlət vəzifəli şəxsə vəzifə öhdəliklərini yerinə yetirərkən hər hansı bir hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə
vəzifəli şəxsin özü və ya digər fiziki və ya hüquqi şəxslər üçün, birbaşa və ya dolayı yolla hər hansı qeyri-qanuni üstünlüyün vəd
olunması, təklif edilməsi və ya verilməsi;

b) dövlət vəzifəli şəxs tərəfindən vəzifə öhdəliklərini yerinə yetirərkən hər hansı hərəkətin edilməsinə və ya edilməsindən çəkinməyə görə
vəzifəli şəxsin özü və ya digər fiziki və ya hüquqi şəxslər üçün, birbaşa və ya dolayı yolla hər hansı qeyri-qanuni üstünlüyün istənilməsi
və ya qəbul edilməsi.

Maddə 16. Xarici dövlət vəzifəli şəxslərinin və beynəlxalq dövlətlərarası təşkilatların qulluqçularının
rüşvətlə ələ alınması

1. Hər bir İştirakçı Dövlət beynəlxalq işlərin aparılması ilə bağlı hər hansı kommersiya və ya digər qeyri-qanuni üstünlüyün əldə edilməsi və
ya saxlanılması məqsədilə xarici dövlət vəzifəli şəxsə və ya beynəlxalq dövlətlərarası təşkilatın qulluqçusuna öz vəzifə öhdəliklərini yerinə
yetirən zaman hər hansı hərəkətin edilməsinə və ya edilməsindən çəkinməyə görə bu şəxslərin özü və ya digər fiziki və ya hüquqi şəxslər
üçün, birbaşa və ya dolayı yolla, hər hansı qeyri-qanuni üstünlüyün vəd olunmasını, təklif edilməsini və ya verilməsini, bu, qəsdən edildikdə,
cinayət hüquqpozması kimi təsnif etmək üçün lazımi qanunvericilik və başqa tədbirləri görür.

2. Hər bir İştirakçı Dövlət xarici dövlət vəzifəli şəxs və ya beynəlxalq dövlətlərarası təşkilatın qulluqçusu tərəfindən öz vəzifə öhdəliklərini
yerinə yetirən zaman hər hansı hərəkətin edilməsinə və ya edilməsindən çəkinməyə görə özü və ya digər fiziki və ya hüquqi şəxslər üçün,
birbaşa və ya dolayı yolla, hər hansı qeyri-qanuni üstünlüyün istənilməsini və ya qəbul edilməsini, bu, qəsdən edildikdə, cinayət
hüquqpozması kimi təsnif etmək üçün lazımi qanunvericilik və başqa tədbirləri görür.

Maddə 17. Dövlət vəzifəli şəxs tərəfindən əmlakın talanması, mənimsənilməsi və ya başqa cür
məqsəddənkənar istifadəsi

Hər bir İştirakçı Dövlət vəzifəli şəxs tərəfindən, həyata keçirdiyi vəzifələr əsasında ona tapşırılmış hər hansı əmlakın, dövlət və ya özəl
vəsaitlərin və ya qiymətli kağızların və ya hər hansı digər qiymətli predmetlərin vəzifəli şəxsin özü və ya digər fiziki və ya hüquqi şəxslərin
nəfinə talanmasını, mənimsənilməsini və ya məqsəddənkənar istifadə edilməsini, bu, qəsdən edildikdə, cinayət hüquqpozması kimi təsnif
etmək üçün lazımi qanunvericilik və başqa tədbirləri görür.

Maddə 18. Nüfuz alveri

Hər bir iştirakçı Dövlət, aşağıdakı əməlləri, qəsdən törədildiyi halda, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn
qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsini nəzərdən keçirir:

a) dövlət vəzifəli şəxs və ya hər hansı digər şəxs tərəfindən öz həqiqi və ya güman edilən nüfuzundan sui-istifadə etməklə, İştirakçı
Dövlətin administrasiyasından və ya dövlət hakimiyyəti orqanından hər hansı qeyri-qanuni üstünlüyün, bu hərəkətlərin ilkin
təşəbbüskarının və ya istənilən başqa şəxsin nəfinə əldə edilməsinə görə həmin vəzifəli və ya digər şəxsə birbaşa və ya dolayı yolla hər
hansı qeyri-qanuni üstünlüyün vəd olunması, təklif edilməsi və ya verilməsi;

b) dövlət vəzifəli şəxs və ya hər hansı digər şəxs tərəfindən öz həqiqi və ya güman edilən nüfuzundan sui-istifadə etməklə iştirakçı
Dövlətin administrasiyasından və ya dövlət hakimiyyəti orqanından hər hansı qeyri-qanuni üstünlüyün alınması üçün özü və ya başqa
şəxsin nəfinə hər hansı qeyri-qanuni üstünlüyün istənilməsi və ya qəbul edilməsi.

Maddə 19. Vəzifə səlahiyyətlərindən sui-istifadə

Hər bir iştirakçı Dövlət vəzifə səlahiyyətlərindən və ya vəzifə mövqeyindən sui-istifadəni, yəni dövlət vəzifəli şəxs tərəfindən öz vəzifələrinin
yerinə yetirilməsi zamanı, hər hansı qeyri-qanuni üstünlüyün onun özü və ya başqa fiziki və ya hüquqi şəxsin nəfinə əldə edilməsi məqsədilə,
qanunları pozaraq hər hansı hərəkətin edilməsini və ya edilməməsini, bu, qəsdən edildikdə, cinayət hüquqpozması kimi təsnif etmək üçün
lazım gələn qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsini nəzərdən keçirir.

Maddə 20. Qanunsuz varlanma

Öz konstitusiyasına və hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərtilə hər bir İştirakçı Dövlət qanunsuz varlanmanı, yəni dövlət
vəzifəli şəxsin əmlakının onun öz qanuni gəlirlərinə nisbətdə ağlabatan surətdə əsaslandıra bilmədiyi xeyli artımını, bu, qəsdən edildikdə,
cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericlik və başqa tədbirlərin görülməsi məsələsinə baxır.

Maddə 21. Özəl sektorda rüşvətlə ələ alma

Hər bir İştirakçı Dövlət iqtisadi, maliyyə və ya kommersiya fəaliyyəti ge-dişində, qəsdən törədildiyi halda, aşağıdakı əməlləri cinayət
hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsinə baxır:

a) özəl sektora aid təşkilata rəhbərlik edən və ya belə təşkilatda hər hansı qisimdə fəaliyyət göstərən hər hansı şəxsə, öz öhdəliklərini
pozaraq istənilən hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə bu şəxsin özü və ya başqa şəxs üçün, hər hansı
qeyri-qanuni üstünlüyün birbaşa və ya dolayı vəd olunması, təklif edilməsi və ya verilməsi;

b) özəl sektora aid təşkilata rəhbərlik edən və ya belə təşkilatda hər hansı qisimdə fəaliyyət göstərən hər hansı şəxs tərəfindən öz
öhdəliklərini pozaraq istənilən hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə özü və ya başqa şəxs üçün hər hansı
qeyri-qanuni üstünlüyün birbaşa və ya dolayı istənilməsi və ya qəbul edilməsi.

Maddə 22. Özəl sektorda əmlakın talanması

Hər bir İştirakçı Dövlət özəl sektora aid təşkilata rəhbərlik edən və ya belə təşkilatda hər hansı qisimdə fəaliyyət göstərən hər hansı şəxs
tərəfindən həyata keçirdiyi vəzifələr əsasında ona tapşırılmış hər hansı əmlakın, özəl vəsaitlərin və ya qiymətli kağızların və ya hər hansı digər
qiymətli predmetlərin iqtisadi, maliyyə və ya kommersiya fəaliyyəti gedişində talanmasını, bu, qəsdən edildikdə, cinayət hüquqpozması kimi
təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsini nəzərdən keçirir.

Maddə 23. Cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması

1. Daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq hər bir İştirakçı Dövlət, qəsdən törədildiyi halda, aşağıdakı əməlləri cinayət
hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsinə baxır:

a) i) cinayət yolu ilə əldə edildiyi məlum olan əmlakın cinayətkar mənbəyinin gizlədilməsi və ya itirilməsi məqsədilə, yaxud əsas hüquq
pozuntusunun tördilməsində iştirak etmiş hər hansı şəxsin öz əməllərinə görə məsuliyyətdən yayınması üçün ona kömək göstərilməsi
məqsədilə həmin əmlakın konversiyası və ya köçürülməsi;

ii) cinayət yolu ilə əldə edildiyi məlum olan əmlakın əsl xarakterinin, mənbəyinin, olduğu yerin, sərəncam və ya daşınma üsulunun, bu
əmlaka hüquqların və ya onun mənsubiyyətinin gizlədilməsi və ya itirilməsi;

b) öz hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərtilə, həmçinin aşağıdakı əməllərin: i) əldə edildiyi zaman cinayət yolu ilə əldə
edilən gəlir olduğu məlum olan əmlakın əldə olunması, ona sahiblik edilməsi və ya istifadə edilməsi;

ii) bu maddəyə uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsində iştirakçılıq, təşkilatlarına və ya qabaqcadan əlbir
olma, onun törədilməsinə cəhd, habelə onun törədilməsində vasitəçilik, təhrikçilik, kömək etmə və ya məsləhət vermə.

2. Bu maddənin 1-ci bəndinin həyata keçirilməsi və tətbiqi məqsədilə:

a) hər bir İştirakçı Dövlət bu maddənin 1-ci bəndini əsas hüquqpozmaların ən geniş dairəsinə tətbiq etməyə çalışır;

b) hər bir İştirakçı Dövlət, ən azı, bu Konvensiya ilə cinayət hüquqpozması kimi tanınan əməlləri bütünlüklə əsas hüquqpozmaların
sırasına daxil edir;

c) (b) yarımbəndinin mənasında, müvafiq İştirakçı Dövlətin yurisdiksiyasının istər hüdudlarında, istərsə də hüdudlarından kənarda
törədilən hüquqpozmalar əsas hüquqpozmalara aiddir. Lakin hər hansı İştirakçı Dövlətin yurisdiksiyası hüdudlarından kənarda
törədilmiş hüquqpozmalar ancaq o halda əsas hüquqpozma hesab edilir ki, belə əməllər ərazisində törədildiyi dövlətin daxili
qanunvericiliyinə əsasən, cinayət hüquqpozması sayılır və bu maddəni həyata keçirən və ya tətbiq edən İştirakçı Dövlətdə törədilmiş
olsaydı, həmin dövlətin daxili qanunvericiliyinə əsasən cinayət hüquqpozması hesab edilərdi;

d) hər bir İştirakçı Dövlət bu maddənin müddəalarının həyata keçirilməsini təmin edən öz qanunlarının mətnini, habelə belə qanunlara
bütün sonrakı dəyişikliklərin mətnlərini və ya onların məzmununu Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərir;

e) əgər İştirakçı Dövlətin daxili qanunvericiliyinin əsas prinsipləri tələb edirsə, onda nəzərdə tutula bilər ki, bu maddənin 1-ci bəndinə
göstərilmiş cinayətlər əsas hüquqpozmanı törətmiş şəxslərə aid edilmir.

Maddə 24. Gizlətmə

Bu Konvensiyanın 23-cü maddəsinin müddəalarına zidd olmamaq şərtilə, hər bir İştirakçı Dövlət, bu Konvensiya ilə tanınmış hər hansı
hüquqpozmanın törədilməsindən sonra, bu törədilmədə iştirak edilmədən və əldə edilən əmlakın bu Konvensiya ilə tanınan
hüquqpozmalardan əldə edildiyini bilərək, həmin əmlakın gizlədilməsini və ya fasiləsiz saxlanmasını, bu, qəsdən edildikdə, cinayət
hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsinə baxır.

Maddə 25. Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma

Hər bir İştirakçı Dövlət aşağıdakı əməlləri, qəsdən törədildiyi halda, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn
qanunvericilik və başqa tədbirləri görür:

a) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsilə bağlı icraat gedişində yalan ifadə verməyə təhrik etmək,
yaxud ifadə vermə və ya sübutları təqdimetmə prosesinə müdaxilə etmək məqsədilə fiziki qüvvə tətbiq etmə, hədələmə və ya qorxutma,
qeyri-qanuni üstünlüyü vəd etmə, təklif etmə və ya təqdim etmə;

b) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsilə bağlı məhkəmə və ya hüquq mühafizə orqanlarının vəzifəli
şəxslərinin öz vəzifə öhdəliklərini yerinə yetirməsinə müdaxilə məqsədilə fiziki qüvvə tətbiq etmə, hədələmə və ya qorxutma. Bu
yarımbənd İştirakçı Dövlətlərdə dövlət vəzifəli şəxslərin digər kateqoriyalarını müdafiə edən qanunvericilik müddəalarının olması
hüququna xələl gətirmir.

Maddə 26. Hüquqi şəxslərin məsuliyyəti

1. Hər bir İştirakçı Dövlət, hüquqi şəxslərin bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsində iştirakına görə
məsuliyyət müəyyən edilməsi üçün öz hüquq prinsiplərinə uyğun olaraq lazım gələn tədbirləri görür.

2. İştirakçı Dövlətin hüquq prinsiplərinə riayət edilməsi şərtilə, hüquqi şəxslər üçün cinayət, mülki-hüquqi və ya inzibati məsuliyyət müəyyən
oluna bilər.

3. Belə məsuliyyətin müəyyən edilməsi bu hüquqpozmaları törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə xələl gətirmir.

4. Hər bir İştirakçı Dövlət bu maddəyə uyğun olaraq məsuliyyətə cəlb edilən hüquqi şəxslər barəsində səmərəli, proporsional və çəkindirici
təsir göstərən cinayət və qeyri-cinayət, o cümlədən pul sanksiyalarının tətbiq olunmasını təmin edir.

Maddə 27. İştirakçılıq və cəhd

1. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsində istənilən qisimdə, xüsusən,
birgə icraçı, köməkçi, təhrikçi qismində iştirakçılığı öz daxili qanunvericiliyinə uyğun olaraq cinayət hüquqpozması kimi təsnif etmək üçün
lazım gələn qanunvericilik və başqa tədbirləri görür.

2. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsinə istənilən cəhdi öz daxili
qanunvericiliyinə uyğun olaraq cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirləri görə bilər.

3. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsinə hazırlığı öz daxili
qanunvericiliyinə uyğun olaraq cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirləri görə bilər.

Maddə 28. Dərketmə, niyyət və qəsd hüquqpozmanın əlamətləri kimi

Bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın əlamətləri kimi tələb olunan dərketmə, niyyət və qəsd işin obyektiv
faktiki hallarından müəyyən edilə bilər.

Maddə 29. Müddətin keçməsi ilə bağlı məsuliyyətdən azad etmə

Hər bir İştirakçı Dövlət, lazımi hallarda, öz daxili qanunvericiliyinə əsa-sən, bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı
hüquqpozma ilə bağlı icraatın başlanması üçün uzun müddət müəyyən edir, cinayət törədilməsində şübhəli şəxsin ədalət mühakiməsindən
yayındığı hallarda isə daha uzun müddət və ya müddətin axımının dayandırılması imkanını təmin edir.

Maddə 30. Cinayət təqibi, məhkəmə qərarlarının və sanksiyaların çıxarılması

1. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsinə görə hüquqpozmanın təhlükəlilik
dərəcəsinə uyğun olan sanksiyalar müəyyən edir.

2. Hər bir İştirakçı Dövlət, bir tərəfdən, öz dövlət vəzifəli şəxslərinə onların funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar verilmiş bütün
immunitetlər və yurisdiksiya imtiyazları, digər tərəfdən isə, bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı səmərəli
istintaq, cinayət təqibi aparmaq və məhkəmə qərarları çıxarmaq imkanı arasında, öz hüquq sisteminə və konstitusiya prinsiplərinə uyğun
olaraq lazımi müvazinət müəyyənləşdirmək və təmin etmək üçün zəruri tədbirləri görür.

3. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla mübarizədə hüquq mühafizə tədbirlərinin maksimum
səmərəliliyinə nail olmaq üçün və belə hüquqpozmaların törədilməsinin qarşısını almaq zərurətini lazımi səviyyədə nəzərə alaraq, bu
hüquqpozmalara görə təqib olunan şəxslər barəsində daxili qanunvericilikdə nəzərdə tutulmuş diskresion hüquqi səlahiyyətlərin istifadə
olunmasını təmin etməyə çalışır.

4. Bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq və
müdafiə hüququnu lazımi səviyyədə nəzərə almaqla lazım gələn tədbirlər görməlidir ki, məhkəməyə qədər və məhkəmə qərarından şikayət
zamanı azadlığa buraxılma ilə bağlı tələb edilən şərtlər təqsirləndirilən şəxsin cinayət icraatının sonrakı gedişində iştirak etmək zərurətini
nəzərə alsın.

5. Hər bir İştirakçı Dövlət müvafiq hüquqpozmalara görə məhkum olunmuş şəxslərin vaxtından əvvəl və ya şərti azad edilməsi məsələsinə
baxarkən, bu hüquqpozmaların təhlükəlilik dərəcəsini nəzərə alır.

6. Hər bir iştirakçı Dövlət, öz hüquq sisteminin əsas prinsiplərinə əsasən, bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmanın
törədilməsində təqsirləndirilən dövlət vəzifəli şəxslərin, lazım gəldikdə, təqsirsizlik prezumpsiyası prinsipinə hörmət edilmək şərtilə müvafiq
orqanlar tərəfindən vəzifədən azad edilməsinə, vəzifələrinin icrasının müvəqqəti dayandırılmasına və ya başqa vəzifəyə keçirilməsinə imkan
verən prosedurların müəyyən edilməsi məsələsinə baxır.

7. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalara görə məhkum olunmuş şəxslərin, bu
hüquqpozmaların təhlükəlilik dərəcəsi əsas verən hallarda məhkəmənin qərarı ilə və ya digər müvafiq vasitələrin köməyi ilə,
qanunvericilikdə nəzərdə tutulmuş müəyyən müddətə aşağıdakı hüquqlardan məhrum edilməsi üçün öz hüquq sisteminin əsas prinsiplərinə
uyğun olan prosedurlar müəyyən edir:

a) dövlət vəzifəsi tutmaq; və

b) tam və ya qismən dövlət mülkiyyətində olan hər hansı müəssisədə vəzifə tutmaq.

8. Bu maddənin 1-ci bəndi səlahiyyətli orqanların dövlət qulluqçuları barəsində intizam səlahiyyətləri həyata keçirməsinə mane olmur.

9. Bu Konvensiyanın heç bir müddəası bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların anlayışının və əməllərin qanuniliyini
müəyyən edən hüquq müdafiə vasitələrinin və ya digər hüquqi prinsiplərin hər bir İştirakçı Dövlətin daxili qanunvericiliyi ilə müəyyən
edilməsi və belə hüquqpozmalara görə cinayət təqibi və cəzalandırmanın bu qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi prinsiplərinə
toxunmur.

10. İştirakçı Dövlətlər bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalara görə məhkum olunmuş şəxslərin cəmiyyətə
reinteqrasiyasına kömək etməyə çalışırlar.

Maddə 31. Həbs, götürmə və müsadirə

1. Hər bir İştirakçı Dövlət öz daxili hüquq sistemi çərçivəsində, mümkün olan maksimum dərəcədə, aşağıdakıların müsadirə olunması üçün
lazım gələn tədbirləri görür:

a) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin, yaxud dəyəri bu gəlirlərin dəyərinə uyğun gələn
əmlakın;

b) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsində istifadə olunmuş və ya istifadə üçün nəzərdə tutulmuş
əmlak, avadanlıq və digər vasitələrin.

2. Hər bir İştirakçı Dövlət bu maddənin 1-ci bəndində sadalananlardan hər hansı birinin müsadirə məqsədilə aşkara çıxarılması, izlənməsi,
üzərinə həbs qoyulması və ya götürülməsi üçün lazım gələn tədbirləri görür.

3. Hər bir İştirakçı Dövlət bu maddənin 1 və 2-ci bəndlərində göstərilən, üzərinə həbs qoyulmuş, götürülmüş və ya müsadirə edilmiş əmlakın
səlahiyyətli orqanlar tərəfindən idarə olunmasını nizama salmaq üçün öz daxili qanunvericiliyinə uyğun olaraq lazım gələn qanunvericilik və
başqa tədbirləri görür.

4. Həmin cinayət yolu ilə əldə edilmiş gəlirlər tam və ya qismən başqa əmlaka çevrilmiş və ya dəyişdirilmişdirsə, bu maddədə göstərilən
tədbirlər həmin əmlak barəsində tətbiq olunur.

5. Həmin cinayət yolu ilə əldə edilmiş gəlirlər qanuni mənbədən əldə edilmiş əmlakla qarışdırılmışdırsa, götürməyə və ya həbsetməyə aid hər
hansı səlahiyyətə xələl gətirmədən, əmlakın qarışdırılmış gəlirin dəyəri qədər olan hissəsi müsadirə edilir.

6. Həmin cinayət yolu ilə əldə edilmiş gəlirlərdən, bu cür gəlirlərin dəyişdirildiyi və ya çevrildiyi əmlakdan, yaxud həmin cinayət gəlirlərinin
qarışdırıldığı əmlakdan əldə edilmiş mənfəət və ya başqa fayda barəsində də cinayət yolu ilə əldə edilmiş gəlirlərlə bağlı bu maddədə
göstərilmiş tədbirlər eyni surətdə və eyni dərəcədə tətbiq olunur.

7. Bu maddənin və bu Konvensiyanın 55-ci maddəsinin məqsədləri üçün hər bir İştirakçı Dövlət öz məhkəmələrinə və ya digər səlahiyyətli
orqanlarına bank, maliyyə və ya kommersiya sənədlərinin təqdim olunması və ya götürülməsi barədə qərar çıxarmaq səlahiyyəti verir.
İştirakçı Dövlət bank sirrinin qorunması zərurətinə əsaslanaraq, bu maddənin müddəalarına uyğun tədbirlər görməkdən boyun qaçırmır.

8. İştirakçı Dövlətlər öz daxili qanunvericiliyinin əsas prinsiplərinə və məhkəmə və ya başqa icraatın xarakterinə uyğun olaraq belə bir tələb
müəyyən edə bilərlər ki, cinayət törətmiş şəxs cinayət yolu ilə əldə olunduğu güman edilən və müsadirə edilməli olan gəlirlərin və ya digər
əmlakın qanuni mənbədən əldə olunduğunu sübut etməlidir.

9. Bu maddənin müddəaları vicdanlı üçüncü tərəfin hüquqlarının zərərinə təfsir oluna bilməz.

10. Bu maddənin müddəaları bu maddədə göstərilən tədbirlərin İştirakçı Dövlətin daxili qanunvericiliyinin müddəalarına uyğun olaraq və
onlara riayət etmək şərtilə müəyyən edilməsi və həyata keçirilməsi prinsipinə toxunmur.

Maddə 32. Şahid, ekspert və zərərçəkənlərin müdafiəsi

1. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı ifadə verən şahid və ekspertlərin, lazım gəldikdə
isə onların qohumlarının və başqa yaxın adamlarının ehtimal edilən qisas və qorxutma hallarından səmərəli müdafiəsini təmin etmək üçün,
imkan daxilində, öz daxili hüquq sisteminə uyğun olaraq zəruri tədbirlər görür.

2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş tədbirlər, təqsirləndirilən şəxsin hüquqlarına, o cümlədən düzgün araşdırma hüququna
zərər gətirməmək şərtilə, digər məsələlərlə yanaşı, həmçinin aşağıdakıları əhatə edə bilər:

a) belə şəxslərin fiziki müdafiəsi üçün prosedurların müəyyən edilməsi, məsələn, zərurət və imkan daxilində onların yerlərinin
dəyişdirilməsi və belə şəxslərin şəxsiyyəti və olduğu yerlə bağlı məlumatların açıqlanmasına icazə verilməməsi və ya belə açıqlamaya
məhdudiyyətlər qoyulması;

b) şahid və ekspertlərə belə şəxslərin təhlükəsizliyini təmin edən surətdə ifadə verməyə imkan verən sübutetmə qaydalarının qəbul
edilməsi, məsələn, videorabitə və ya başqa müvafiq vasitələr kimi kommunikasiya texnologiyalarından istifadə etməklə ifadə
verilməsinə icazə verilməsi.

3. İştirakçı Dövlətlər bu maddənin 1-ci bəndində göstərilmiş şəxslərin yerlərinin dəyişməsi ilə bağlı saziş və müqavilələrin bağlanması
imkanlarını nəzərdən keçirirlər.

4. Bu maddənin müddəaları, şahid qismində çıxış etdikləri təqdirdə, həmçinin zərərçəkənlər barəsində tətbiq edilir.

5. Hər bir İştirakçı Dövlət, daxili qanunvericiliyinə əsasən, müdafiə hüquqlarına xələl gətirmədən, cinayət icraatının müvafiq mərhələlərində
zərərçəkmiş şəxslərin fikir və narahatlıqlarının cinayət törətmiş şəxslərə qarşı təqdim edilməsinə və onların nəzərə alınmasına imkan yaradır.

Maddə 33. İnformasiya verən şəxslərin müdafiəsi

Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı faktlar barədə səlahiyyətli orqanlara vicdanla və
ağlabatan əsaslarla məlumat verən şəxslərin hər hansı ədalətsiz münasibətdən müdafiəsini təmin etmək üçün öz hüquq sisteminə müvafiq
tədbirlərin daxil edilməsi məsələsini nəzərdən keçirir.

Maddə 34. Korrupsiya əməllərinin nəticələri

Üçüncü tərəflərin vicdanla əldə etdiyi hüquqları lazımi qaydada nəzərə almaqla hər bir İştirakçı Dövlət korrupsiyanın nəticələri barədə
məsələləri tənzimləmək üçün öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq tədbirlər görür. Bu kontekstdə İştirakçı Dövlətlər
korrupsiyanı müqavilənin ləğv edilməsi və ya pozulması, yaxud konsessiyaların və ya analoci vasitələrin geri götürülməsi, yaxud da yaranmış
vəziyyətin qaydaya salınması üzrə başqa tədbirlərin görülməsi üzrə icraatda əhəmiyyət kəsb edən amil kimi nəzərdən keçirə bilərlər.

Maddə 35. Zərərə görə kompensasiya edilməsi

Hər bir İştirakçı Dövlət hər hansı korrupsiya əməli nəticəsində zərər çəkmiş fiziki və ya hüquqi şəxslərin, kompensasiya əldə etmək
məqsədilə, bu zərərə görə məsuliyyət daşıyan şəxslər barəsində icraat başlaması hüququnu təmin etmək üçün, öz daxili qanunvericiliyinə
uyğun olaraq, lazım gələn tədbirləri görür.

Maddə 36. İxtisaslaşmış orqanlar

Hər bir İştirakçı Dövlət öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq hüquq mühafizə tədbirləri vasitəsilə korrupsiya ilə mübarizə
aparmaq üçün ixtisaslaşmış orqan və ya orqanların, yaxud şəxslərin mövcudluğunu təmin edir. Belə orqan və ya orqanların, yaxud şəxslərin
öz funksiyalarını səmərəli surətdə və hər hansı kənar müdaxilə olmadan yerinə yetirməsi üçün onlara İştirakçı Dövlətin hüquq sisteminin
əsas prinsiplərinə uyğun olaraq zəruri müstəqillik verir. Belə şəxslər, yaxud belə orqan və ya orqanların əməkdaşları öz vəzifələrini yerinə
yetirmək üçün lazımi peşəkarlığa və resurslara malik olmalıdırlar.

Maddə 37. Hüquq mühafizə orqanları ilə əməkdaşlıq

1. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsində iştirak edən və ya iştirak etmiş
şəxslərin səlahiyyətli orqanlara istintaq və ya sübutetmə üçün faydalı olan informasiya verməsini, yaxud hüquqpozmanı törədən şəxslərin
cinayət yolu ilə əldə edilmiş gəlirlərdən məhrum edilməsi və belə gəlirlərin geri qaytarılması işində səlahiyyətli orqanlara faktiki, konkret
kömək göstərməsini stimullaşdırmaq üçün lazımi tədbirlər görür.

2. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozma üzrə istintaq və ya cinayət təqibi ilə əhəmiyyətli
surətdə əməkdaşlıq edən təqsirləndirilən şəxsin cəzasının lazım gəldikdə yüngülləşdirilməsi imkanını müəyyən etmək məsələsinə baxır.

3. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmanın istintaqı və ya cinayət təqibində əhəmiyyətli surətdə
əməkdaşlıq edən şəxsə cinayət təqibindən immunitet verilməsi imkanının müəyyən edilməsi məsələsini daxili qanunvericiliyin əsas
prinsiplərinə uyğun olaraq nəzərdən keçirir.

4. Belə şəxslərin müdafiəsi, mutatis mutandis, bu Konvensiyanın 32-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

5. Bu maddənin 1-ci bəndində göstərilən və İştirakçı Dövlətlərdən birinin ərazisində olan şəxs digər İştirakçı Dövlətin səlahiyyətli orqanları
ilə əhəmiyyətli surətdə əməkdaşlıq edə bilirsə, maraqlı İştirakçı Dövlətlər belə şəxsə digər İştirakçı Dövlət tərəfindən bu maddənin 2 və 3-cü
bəndlərində göstərilmiş recimin tətbiq olunması barədə, öz daxili qanunvericiliklərinə uyğun olaraq, saziş və ya müqavilə bağlanması
məsələsini nəzərdən keçirə bilərlər.

Maddə 38. Milli orqanlar arasında əməkdaşlıq

Hər bir İştirakçı Dövlət öz dövlət orqanları, habelə dövlət vəzifəli şəxsləri ilə cinayətlərin istintaqı və təqibinə məsul olan orqanları arasında
əməkdaşlığı stimullaşdırmaq üçün daxili qanunvericiliyə uyğun olaraq lazım gələn tədbirləri görür. Belə əməkdaşlıq aşağıdakıları əhatə edə
bilər:

a) bu Konvensiyanın 15, 21 və 23-cü maddələrinə uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədildiyini güman etməyə
ağlabatan əsaslar olduğu hallarda belə məsul orqanlara öz təşəbbüsü ilə məlumat vermək; yaxud

b) belə məsul orqanların müvafiq sorğusu olduqda onlara bütün zəruri məlumatları təqdim etmək.

Maddə 39. Milli orqanlar və özəl sektor arasında əməkdaşlıq

1. Hər bir İştirakçı Dövlət milli istintaq orqanları və prokurorluq orqanla-rı ilə özəl sektorun təşkilatları, xüsusən maliyyə müəssisələri
arasında bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsilə bağlı məsələlər üzrə əməkdaşlığın stimullaşdırılması üçün,
öz daxili qanunvericiliyinə uyğun olaraq, lazım gələn tədbirləri görür.

2. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsi barədə milli istintaq orqanlarına
və prokurorluq orqanlarına məlumat vermək üçün öz vətəndaşlarını və adətən, onun ərazisində yaşayan başqa şəxsləri stimullaşdırmaq
məsələsini nəzərdən keçirir.

Maddə 40. Bank sirri

Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı yerli orqanlar tərəfindən istintaq aparılan hallarda
bank sirri haqqında qanunvericiliyin tətbiqi nəticəsində yarana bilən çətinliklərin aradan qaldırılması üçün öz daxili hüquq sistemində lazımi
mexanizmlərin olmasını təmin edir.

Maddə 41. Məhkumluq barədə məlumatlar

Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozma ilə bağlı cinayət icraatında istifadə olunması üçün, cinayət
törədilməsində şübhəli şəxsin əvvəllər başqa dövlətdə məhkum edilməsi barədə məlumatı lazımi hesab etdiyi şərtlər və məqsədlər daxilində
nəzərə almaq üçün lazım gələn qanunvericilik və başqa tədbirləri görə bilər.

Maddə 42. Yurisdiksiya

1. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı öz yurisdiksiyasını müəyyən etmək üçün lazım
gələn tədbirləri aşağıdakı hallarda görür:

a) hüquqpozma bu İştirakçı Dövlətin ərazisində törədildikdə; yaxud

b) hüquqpozma, törədildiyi anda bu İştirakçı Dövlətin bayrağı altında üzən gəmidə və ya törədildiyi anda bu Dövlətin
qanunvericiliyinə uyğun surətdə qeydiyyatda olan hava gəmisində baş verdikdə.

2. Bu Konvensiyanın 4-cü maddəsinə riayət etmək şərtilə İştirakçı Dövlət hər hansı belə hüquqpozma barəsində öz yurisdiksiyasını
aşağıdakı hallarda təsbit edə bilər:

a) hüquqpozma bu İştirakçı Dövlətin vətəndaşına qarşı törədildikdə; yaxud

b) hüquqpozmanı bu İştirakçı Dövlətin vətəndaşı və ya adətən, onun ərazisində yaşayan vətəndaşlığı olmayan şəxs törətdikdə; yaxud

c) hüquqpozma bu Konvensiyanın 23-cü maddəsinin 1 (b) (ii) bəndinə uyğun olaraq tanınmış hüquqpozmalardan biri olduqda və bu
Konvensiyanın 23-cü maddəsinin 1 (a) (i) və ya (ii) bəndi, yaxud (b) (i) bəndi ilə nəzərdə tutulan hüquqpozmalardan hər hansı birinin
bu Dövlətin ərazisində törədilməsini təmin etmək məqsədilə onun ərazisindən kənarda törədilmiş olduqda; yaxud

d) hüquqpozma bu İştirakçı Dövlətə qarşı törədilmiş olduqda.

3. Bu Konvensiyanın 44-cü maddəsinin məqsədləri üçün hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmanın
törədilməsində şübhəli şəxsin onun ərazisində olduğu və bu şəxsi öz vətəndaşı olduğuna görə ekstradisiya etmədiyi hallarda, həmin
hüquqpozmalar barəsində öz yurisdiksiyasını təsbit etmək üçün lazım gələn tədbirləri görür.

4. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaların törədilməsində şübhəli şəxsin onun ərazisində olduğu
və bu şəxsi ekstradisiya etmədiyi hallarda, həmin hüquqpozmalar barəsində öz yurisdiksiyasını təsbit etmək üçün lazım gələn tədbirləri görə
bilər.

5. Bu maddənin 1 və ya 2-ci bəndlərinə uyğun olaraq öz yurisdiksiyasını həyata keçirən İştirakçı Dövlət digər hər hansı İştirakçı Dövlətlərin
həmin əməllərlə bağlı istintaq, cinayət təqibi və ya məhkəmə icraatı apardığı barədə məlumat alır və ya bu barədə başqa cür xəbərdar olursa,
bu İştirakçı Dövlətlərin səlahiyyətli orqanları öz hərəkətlərini koordinasiya etmək üçün lazımi hallarda bir-biri ilə məsləhətləşmə aparırlar.

6. Bu Konvensiya İştirakçı Dövlətin öz daxili qanunvericiliyinə uyğun olaraq təsbit etdiyi hər hansı cinayət yurisdiksiyasının beynəlxalq
ümumi hüquq normalarına zidd olmamaq şərtilə həyata keçirilməsini istisna etmir.