II fəsil. Korrupsiyanın qarşısının alınması üzrə tədbirlər.

Maddə 5. Korrupsiyanın qarşısının alınması və ona qarşı əks-təsir siyasəti və praktikası

1. Hər bir İştirakçı Dövlət öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, cəmiyyətin korrupsiya ilə mübarizədə iştirakını təşviq edən,
qanunun aliliyi, dövlət işlərinin və dövlət əmlakının düzgün idarə olunması, vicdanlılıq, şəffaflıq və məsuliyyətlilik prinsiplərini özündə əks
etdirən korrupsiyaya qarşı səmərəli və uzlaşdırılmış siyasət hazırlayır və tətbiq edir.

2. Hər bir İştirakçı Dövlət korrupsiya ilə mübarizə praktikasının səmərəli növlərini müəyyən etməyə və təşviq etməyə səy göstərir.

3. Hər bir İştirakçı Dövlət müvafiq hüquqi sənədlərin və inzibati tədbirlərin korrupsiyanın qarşısının alınması və onunla mübarizə
baxımından uyğunluğunu müəyyən etmək üçün onların dövri dəyərləndirilməsinə səy göstərir.

4. İştirakçı Dövlətlər, lazım gəldikdə və öz hüquq sistemlərinin əsas prinsiplərinə uyğun olaraq, bu maddədə göstərilən tədbirlərin
hazırlanması və inkişaf etdirilməsində bir-biri ilə və müvafiq beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyət göstərirlər. Belə qarşılıqlı
fəaliyyət korrupsiya ilə mübarizəyə yönəlmiş beynəlxalq proqram və layihələrdə iştirak formasında da ola bilər.

Maddə 6. Korrupsiyanın qarşısının alınması üzrə orqan və ya orqanlar

1. Hər bir İştirakçı Dövlət öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, aşağıdakı tədbirlər vasitəsilə korrupsiyanın qarşısının
alınması sahəsində fəaliyyət göstərən orqanı, lazım gəldikdə, orqanları yaradır:

a) bu Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulan siyasətin həyata keçirilməsi və lazım gəldikdə, bu siyasətin həyata keçirilməsinə
nəzarət edilməsi və onun koordinasiyası;

b) korrupsiyanın qarşısının alınması məsələləri üzrə biliklərin genişləndirilməsi və yayılması.

2. Hər bir İştirakçı Dövlət bu maddənin 1-ci bəndində göstərilən orqan və ya orqanların öz funksiyalarını səmərəli surətdə və hər hansı
kənar təsirdən azad şəraitdə həyata keçirə bilməsi üçün, daxili hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, onların zəruri müstəqilliyini
təmin edir. Göstərilən məqsədlə, zəruri maddi resursları və ixtisaslı heyəti, bu heyətin üzərinə düşən funksiyaların yerinə yetirilməsi üçün
tələb olunan hazırlığı təmin etmək lazımdır.

3. Hər bir İştirakçı Dövlət korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsində digər İştirakçı Dövlətlərə
kömək göstərəcək orqan və ya orqanlarının ad və ünvanları barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə məlumat verir.

Maddə 7. Dövlət sektoru

1. Hər bir İştirakçı Dövlət lazım gəldikdə və öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, dövlət qulluqçularının işə qəbulunun,
seçilməsinin, qulluq keçməsinin, qulluqda irəli çəkilməsinin və istefaya çıxmasının elə bir sistemini yaratmağa, təmin etməyə və
möhkəmləndirməyə çalışır ki, bu sistem:

a) səmərəlilik, şəffaflıq prinsiplərinə və layiqlilik, ədalətlilik və bacarıqlılıq kimi obyektiv meyarlara əsaslanır;

b) korrupsiyaya xüsusilə həssas olan dövlət vəzifələrini tutmaq üçün şəxslərin seçilməsi və hazırlanmasının, lazım gəldikdə, bu şəxslərin
digər vəzifələrə yerdəyişməsinin adekvat prosedurlarını nəzərdə tutur;

c) İştirakçı Dövlətin iqtisadi inkişaf səviyyəsini nəzərə alan müvafiq əmək haqlarının ödənilməsinə və ədalətli maaşların müəyyən
olunmasına imkan verir;

d) bu şəxslərin dövlət funksiyalarını düzgün, vicdanla və lazımi qaydada yerinə yetirməsi üçün təhsil və tədris proqramlarının həyata
keçirilməsinə imkan verir, habelə öz funksiyalarının yerinə yetirilməsindən irəli gələn korrupsiya riskləri barədə məlumatlandırmaq
üçün onların ixtisaslaşmış və müvafiq hazırlığını təmin edir. Belə proqramlar tətbiq edilən sahələr üzrə etik davranış kodekslərinə və
standartlarına istinad edə bilər.

2. Dövlət vəzifələrinə namizədliyə və seçkiyə aid meyarları müəyyən etmək üçün hər bir İştirakçı Dövlət bu Konvensiyanın məqsədlərinə və
öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olan müvafiq qanunvericilik və inzibati tədbirlərin qəbul olunması məsələsini nəzərdən keçirir.

3. Hər bir İştirakçı Dövlət seçkili dövlət vəzifələrinə namizədliyin maliyyələşdirilməsində və mümkün hallarda siyasi partiyaların
maliyyələşdirilməsində şəffaflığı gücləndirmək üçün bu Konvensiyanın məqsədlərinə və öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olan
müvafiq qanunvericilik və inzibati tədbirlərin qəbul olunması məsələsini də nəzərdən keçirir.

4. Hər bir İştirakçı Dövlət öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq şəffaflığı təmin edən və maraqların toqquşmasının qarşısını
alan sistemləri yaratmağa, saxlamağa və möhkəmləndirməyə səy göstərir.

8 maddə. Dövlət vəzifəli şəxslər üçün davranış kodeksləri

1. Korrupsiya ilə mübarizə məqsədilə hər bir İştirakçı Dövlət, digər tədbirlərlə yanaşı, həmçinin daxili hüquq sisteminin əsas prinsiplərinə
uyğun olaraq, öz dövlət vəzifəli şəxslərinin vicdanlılığını, şərəfliliyini və məsuliyyətliliyini təşviq edir.

2. Xüsusilə, hər bir İştirakçı Dövlət, dövlət funksiyalarının düzgün, vicdanla və lazımi qaydada yerinə yetirilməsi üçün öz institusional və
hüquqi sistemləri çərçivəsində davranış kodekslərini və standartlarını tətbiq etməyə çalışır.

3. Bu maddənin müddəalarının tətbiq edilməsi üçün hər bir İştirakçı Dövlət, lazım gəldikdə və öz hüquq sisteminin əsas prinsiplərinə uyğun
olaraq, regional, regionlararası və çoxtərəfli təşkilatların müvafiq təşəbbüslərini, məsələn, Baş Assambleyanın 12 dekabr 1996-cı il tarixli
51/59 qətnaməsinin əlavəsində əks olunmuş dövlət vəzifəli şəxslərin beynəlxalq davranış kodeksini nəzərə alır.

4. Hər bir İştirakçı Dövlət, dövlət vəzifəli şəxslərin öz funksiyalarını yerinə yetirən zaman aşkar etdiyi korrupsiya əməlləri barədə müvafiq
orqanlara xəbər verməsinə şərait yaradan tədbir və sistemləri müəyyən etmək məsələsini də öz hüquq sisteminin əsas prinsiplərinə uyğun
olaraq nəzərdən keçirir.

5. Hər bir İştirakçı Dövlət, lazım gəldikdə və öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, dövlət vəzifəli şəxslər qismində
onların vəzifələrinə münasibətdə maraqlar toqquşması yarada bilən, digərləri ilə yanaşı, həmçinin qulluqdankənar fəaliyyəti, məşğuliyyəti,
investisiyaları, aktivləri və əhəmiyyətli hədiyyələri və ya faydaları barədə müvafiq orqanlara bəyannamə vermək öhdəliyini doğuran tədbir və
sistemləri müəyyən etməyə çalışır.

6. Hər bir İştirakçı Dövlət bu maddəyə uyğun olaraq qəbul edilmiş kodeksləri və standartları pozan dövlət vəzifəli şəxslər barəsində intizam
və digər tədbirlər görülməsi məsələsini öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun surətdə nəzərdən keçirir.

Maddə 9. Dövlət satınalmaları və dövlət maliyyəsinin idarə edilməsi

1. Hər bir İştirakçı Dövlət, digər məsələlərlə yanaşı, həmçinin korrupsiyanın qarşısının alınmasında səmərəli olan və şəffaflığa, rəqabətə,
qərar qəbulunda obyektiv meyarlara əsaslanan müvafiq satınalma sistemləri yaratmaq üçün öz hüquq sisteminin əsas prinsiplərinə uyğun
olaraq zəruri tədbirlər görür. Tətbiq olunduqları halda müvafiq dəyər hüdudlarını nəzərdə tuta bilən bu sistemlər digər məsələlərlə yanaşı,
həmçinin aşağıdakılara əməl edir:

a) potensial tender iştirakçılarının tender təkliflərini hazırlamasına və təqdim etməsinə kifayət qədər vaxt vermək üçün, satınalma
prosedurları və müqavilələri barədə məlumatların, o cümlədən tenderdə iştirak üçün dəvət və müqavilələrin bağlanması üçün lazımi
məlumatların ictimai yayılması;

b) seçilmə və müqavilə bağlanması da daxil olmaqla, iştirak şərtlərinin və tender qaydalarının əvvəlcədən müəyyənləşdirilməsi və dərc
olunması;

c) qayda və prosedurların düzgün tətbiq edilməsinin sonradan yoxlanmasını asanlaşdırmaq məqsədilə, dövlət satınalmaları qərarları
üçün obyektiv və əvvəlcədən müəyyənləşdirilən meyarlardan istifadə olunması;

d) bu bəndə uyğun olaraq müəyyən edilən qayda və prosedurlara əməl olunmadığı hallarda hüquqi mübahisələndirmə və hüquqi
müdafiə vasitələrini təmin edən səmərəli daxili nəzarət sistemi, o cümlədən səmərəli şikayət sistemi;

e) lazım gəldikdə, satınalmalara görə məsul olan heyətlə bağlı məsələlərin tənzimlənməsi tədbirləri, məsələn, konkret dövlət
satınalmalarında maraqlı olan şəxslərin bu barədə bəyanat vermək vəzifəsi, dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının
qabaqcadan yoxlanılması prosedurları və treninq tələbləri.

2. Hər bir İştirakçı Dövlət, öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, dövlət maliyyəsinin idarə olunmasında şəffaflığı və
hesabatlılığı stimullaşdırmaq üçün müvafiq tədbirlər görür. Belə tədbirlər digər məsələlərlə yanaşı, həmçinin aşağıdakıları nəzərdə tutur:

a) milli büdcənin təsdiq olunması prosedurlarını;

b) gəlirlər və xərclərə dair hesabatların mütəmadi təqdimini;

c) mühasibat uçotu və audit standartları sistemini və onlarla bağlı nəzarəti;

d) risklərin idarə olunmasının və daxili nəzarətin səmərəli və təsirli sistemlərini və;

e) lazım gəldikdə, bu bənddə müəyyən olunmuş tələblərin pozulduğu halda düzəliş tədbirlərini.

3) Dövlət gəlir və xərclərinə aid olan mühasibat kitablarının, qeydlərinin, maliyyə cədvəllərinin və digər sənədlərin tamlığını qorumaq və
onların saxtalaşdırılmasının qarşısını almaq üçün hər bir İştirakçı Dövlət daxili qanunvericiliyin əsas prinsiplərinə uyğun olaraq zəruri ola
bilən mülki-hüquqi və inzibati tədbirləri görür.

Maddə 10. İctimaiyyətin məlumatlandırılması

Korrupsiya ilə mübarizənin zəruriliyini nəzərə alaraq, hər bir İştirakçı Dövlət, daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, öz
administrasiyasında, o cümlədən onun təşkilində, fəaliyyətində və lazım gəldikdə, qərarlar qəbulu prosesində şəffaflığı gücləndirmək üçün
müvafiq tədbirləri görür. Belə tədbirlər, digər məsələlərlə yanaşı, həmçinin aşağıdakıları əhatə edə bilər:

a) geniş ictimaiyyətin nümayəndələri tərəfindən, lazım gəldikdə, dövlət administrasiyasının təşkili, fəaliyyəti və qərar qəbulu prosesləri,
habelə şəxsi həyatın və şəxsi məlumatların qorunması şərtlərinə əməl edilməklə, ictimaiyyətin mənafeyinə toxunan qərar və hüquqi
aktlar barədə məlumat alınmasına imkan verən prosedur və qaydaların qəbul edilməsi;

b) qərar qəbul edən səlahiyyətli orqanlara müraciət edilməsini asanlaşdırmaq üçün, lazım gəldikdə, inzibati prosedurların
sadələşdirilməsi; və

c) dövlət administrasiyasında korrupsiyanın təhlükələri barədə dövri hesabatları da özündə əks etdirə bilən məlumatların dərc
olunması.

Maddə 11. Məhkəmə və prokurorluq orqanları barədə tədbirlər

1. Məhkəmə hakimiyyətinin müstəqilliyini və korrupsiya ilə mübarizədə onun həlledici rolunu nəzərə alaraq hər bir İştirakçı Dövlət, öz
hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq və məhkəmə orqanlarının müstəqilliyinə xələl gətirmədən, məhkəmələrin və məhkəmə
orqanları işçilərinin vicdanlılığının möhkəmləndirilməsi və onlar arasında korrupsiya imkanlarına yol verilməməsi üçün lazımi tədbirləri
görür. Belə tədbirlərə məhkəmə orqanları işçilərinin davranışı ilə bağlı qaydalar daxil ola bilər.

2. Prokurorluq orqanları məhkəmə hakimiyyətinin tərkibinə daxil olmayan, lakin məhkəmə orqanları ilə analoci müstəqillikdən istifadə edən
İştirakçı Dövlətlərdə, bu maddənin 1-ci bəndinə əsasən qəbul edilən eyni mahiyyətli tədbirlər prokurorluq orqanlarına münasibətdə qəbul
edilə və tətbiq edilə bilər.

Maddə 12. Özəl sektor

1. Hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, özəl sektorla bağlı korrupsiyanın qarşısının alınması,
bu sektorda mühasibat uçotu və audit standartlarının gücləndirilməsi üçün tədbirlər görür və lazım gəldikdə, bu tədbirlərə əməl
edilməməsinə görə səmərəli, müvafiq və çəkindirici təsir göstərən mülki-hüquqi, inzibati və ya cinayət sanksiyaları müəyyən edir.

2. Bu məqsədlərə nail olunmasına yönəlmiş tədbirlər, digər məsələlərlə yanaşı, həmçinin aşağıdakıları əhatə edə bilər:

a) hüquq mühafizə orqanları və müvafiq özəl təşkilatlar arasında əməkdaşlığın təşviqi;

b) müvafiq özəl təşkilatların fəaliyyətində vicdanlılığın təmin edilməsinə yönəlmiş standart və prosedurların, habelə sahibkarlar və
bütün müvafiq peşə nümayəndələri tərəfindən fəaliyyətin düzgün, vicdanlı və lazımi formada həyata keçirilməsi, maraqlar
toqquşmasının qarşısının alınması və kommersiya müəssisələri arasında, o cümlədən onların dövlətlə müqavilə münasibətlərində
vicdanlı kommersiya praktikasından istifadənin təşviqi üçün davranış kodekslərinin hazırlanmasına yardım;

c) özəl təşkilatların fəaliyyətində şəffaflığın təmininə yardım edilməsi, lazım gəldikdə, həmçinin korporativ təşkilatların yaradılması və
idarə olunmasında iştirak edən hüquqi və fiziki şəxslərin müəyyənləşdirilməsi üzrə tədbirlər görülməsi;

d) özəl təşkilatların fəaliyyətini tənzim edən prosedurlardan, o cümlədən kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün dövlət
orqanlarının verdiyi subsidiya və lisenziyalara aid prosedurlardan sui-istifadə hallarının qarşısının alınması;

e) keçmiş dövlət vəzifəli şəxslərin peşəkar fəaliyyəti və ya dövlət vəzifəli şəxslərin istefaya və ya pensiyaya çıxmasından sonra özəl
sektordakı işi onların dövlət vəzifəsində olduğu dövrdə yerinə yetirdikləri və ya yerinə yetirilməsinə nəzarət etdikləri funksiyalarla
birbaşa bağlı olduqda, zəruri hallarda və ağlabatan müddətə məhdudiyyətlər qoymaq yolu ilə, maraqlar toqquşmasının qarşısının
alınması;

f) strukturundan və ölçülərindən asılı olaraq özəl təşkilatlarda korrupsiya əməllərinin qarşısının alınması və aşkara çıxarılmasına
kömək məqsədi daşıyan qənaətbəxş daxili audit mexanizmləri yaradılmasının, habelə bu təşkilatların hesablarında və tələb olunan
maliyyə cədvəllərində müvafiq audit və sertifikatlaşdırma prosedurlarının tətbiqinin mümkünlüyünün təmin edilməsi.

3. Korrupsiyanın qarşısını almaq məqsədilə hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinə və mühasibat uçotunun aparılmasını, maliyyə
hesabatlarının təqdimini, habelə mühasibat uçotu və audit standartlarını tənzim edən qaydalara əsasən, bu Konvensiyaya uyğun olaraq
tanınmış hər hansı hüquqpozmanın törədilməsinə yönəlmiş aşağıdakı hərəkətlərin qadağan edilməsi üçün lazım olan tədbirləri görür:

a) uçotdankənar hesabların tərtib olunması;

b) uçota alınmamış və ya düzgün qeydiyyata alınmamış əməliyyatların aparılması;

c) mövcud olmayan xərclərin uçotunun aparılması;

d) obyekti düzgün müəyyən edilməyən passivlərin qeydə alınması;

e) saxta sənədlərdən istifadə olunması; və

f) mühasibat sənədlərinin qanunvericiliklə müəyyən edilmiş müddət başa çatmadan qəsdən məhv edilməsi.

4. Hər bir İştirakçı Dövlət bu Konvensiyanın 15 və 16-cı maddələrinə uyğun olaraq təsbit edilən hüquqpozmaların tərkibinin əlamətlərindən
biri olan rüşvət hesab olunan xərclərin, habelə lazım gəldikdə, korrupsiya əməllərinə yardım məqsədilə çəkilmiş xərclərin vergitutmadan
azad olunmasından imtina edir.

Maddə 13. İctimaiyyətin iştirakı

1. Dövlət sektoruna aid olmayan şəxslərin və qrupların, məsələn, vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, icma bazasında
fəaliyyət göstərən təşkilatların korrupsiyanın qarşısının alınmasında və korrupsiyaya qarşı mübarizədə fəal iştirakına yardım etmək üçün,
habelə korrupsiyanın mövcudluğu, onun səbəbləri, təhlükəli xarakteri və təhdidləri barədə cəmiyyətin maarifləndirilməsini artırmaq üçün
hər bir İştirakçı Dövlət daxili qanunvericiliyin əsas prinsiplərinə uyğun olaraq və öz imkanları daxilində lazımi tədbirləri görür. Belə iştirak
aşağıdakı tədbirlərin köməyi ilə gücləndirilməlidir:

a) qərarların qəbul edilməsi prosesində şəffaflığın gücləndirilməsi və bu prosesdə ictimaiyyətin iştirakının təşviq edilməsi;

b) ictimaiyyətin məlumatlardan səmərəli istifadə etməsinə imkan yaradılması;

c) əhalidə korrupsiyaya qarşı dözümsüzlük ruhunun yaranmasına xidmət edən məlumatlandırma tədbirlərinin, habelə məktəb və
universitetlər də daxil olmaqla, ictimai tədris proqramlarının təşkil edilməsi;

d) korrupsiyaya dair məlumatların axtarılması, əldə edilməsi, dərc etdirilməsi və yayılması azadlığına hörmət edilməsi, təşviq edilməsi və
müdafiə edilməsi. Göstərilən azadlığa məhdudiyyətlər müəyyən oluna bilər, ancaq belə məhdudiyyətlər qanunla nəzərdə tutulur və
aşağıdakı zərurətlərdən irəli gəlir:

i) başqa şəxslərin hüquqlarına və nüfuzuna hörmət edilməsi; ii) milli təhlükəsizliyin və ya ictimai qaydanın, yaxud əhalinin
sağlamlığının və ya mənəviyyatının qorunması.

2. Hər bir İştirakçı Dövlət bu Konvensiyada göstərilmiş korrupsiya ilə mübarizə aparan orqanların ictimaiyyətə məlum olmasını təmin edən
tədbirlər görür və lazım gəldikdə, bu Konvensiya ilə əhatə olunan hər hansı hüquqpozma yarada bilən hallar barədə məlumatların, anonim
forma da daxil olmaqla, həmin orqanlara verilməsi üçün imkan yaradır.

Maddə 14. Pul vəsaitlərinin yuyulmasının qarşısının alınması üzrə tədbirlər

1. Hər bir İştirakçı Dövlət:

a) pul vəsaitlərinin və qiymətlilərin köçürülməsi ilə bağlı rəsmi və ya qeyri-rəsmi xidmət göstərən bank və bank sayılmayan maliyyə
təsisatlarına, o cümlədən fiziki və hüquqi şəxslərə, habelə zəruri hallarda, pul vəsaitlərinin yuyulması baxımından öz səlahiyyətləri
daxilində xüsusən zəif sayılan digər orqanlara pul vəsaitlərinin yuyulmasının bütün formalarının qarşısının alınması və aşkar edilməsi
məqsədilə ümuməhatəli daxili tənzim və nəzarət recimi müəyyən edir ki, bu recim ilk növbədə, müştərilərin, lazım gəldikdə isə benefisiar
mülkiyyətçilərin şəxsiyyətinin müəyyənləşdirilməsi, hesabat aparılması və şübhəli əqdlərlə bağlı məlumatlar verilməsi kimi tələblərə
əsaslanır;

b) bu Konvensiyanın 46-cı maddəsinə zidd olmamaq şərtilə, pul vəsaitlərinin yuyulması ilə mübarizə aparan inzibati, tənzimləyici,
hüquq mühafizə və digər orqanların (həmçinin daxili qanunvericilik nəzərdə tutduqda, məhkəmə orqanlarının) daxili qanunvericiliklə
müəyyən olunmuş şərtlərlə milli və beynəlxalq səviyyədə əməkdaşlıq və məlumat mübadiləsi edə bilmələrini təmin edir və bu məqsədlə,
pul vəsaitlərinin yuyulmasının bütün mümkün hallarına aid məlumatların yığılması, təhlili və yayılması üçün milli mərkəz kimi fəaliyyət
göstərəcək maliyyə-kəşfiyyat qurumunun təsis olunması məsələsini nəzərdən keçirir.

2. İştirakçı Dövlətlər nağd pul vəsaitlərinin və müvafiq dövriyyə alətlərinin onların sərhədindən keçməsi hallarının aşkar edilməsi və belə
yerdəyişməyə nəzarət edilməsi üzrə parktiki mümkün tədbirlərin tətbiqi barədə məsələni nəzərdən keçirirlər, bir şərtlə ki, bu zaman
məlumatların düzgün istifadəsini vəd edən təminatlar pozulmamalı, habelə qanuni kapitalın yerdəyişməsinə hər hansı çətinlik
yaradılmamalıdır. Həmin tədbirlərə, həmçinin fiziki şəxslərin və kommersiya müəssisələrinin xeyli miqdarda nağd pul vəsaitlərinin və
müvafiq dövriyyə alətlərinin transsərhəd yerdəyişmələri barədə məlumat verməli olması tələbi daxil edilə bilər.

3. İştirakçı Dövlətlər lazımi və praktiki mümkün tədbirləri tətbiq edərək maliyyə müəssisələrinin, o cümlədən pul vəsaitlərinin köçürülməsi
üzrə müəssisələrin öhdəsinə elə vəzifələr qoyurlar ki, onlar:

a) vəsaitlərin elektron köçürmələri üzrə formulyarlara və onlarla bağlı məlumatlara göndərici barədə dəqiq və məzmunlu informasiya
daxil edirlər;

b) ödənişin həyata keçirilməsinin bütün şəbəkələri üzrə həmin informasiyaları saxlayırlar; və

c) göndərici barədə tam informasiya olmayan hallarda vəsaitlərin köçürülməsini dərindən yoxlayırlar.

4. Bu maddənin müddəalarına uyğun olaraq və bu Konvensiyanın başqa maddələrinə zidd olmamaq şərtilə daxili tənzim və nəzarət
recimlərini müəyyən edərkən İştirakçı Dövlətlərə regional, regionlararası və çoxtərəfli təşkilatların pul vəsaitlərinin yuyulmasına qarşı
yönəlmiş müvafiq təşəbbüslərini rəhbər tutmaq təklif olunur.

5. İştirakçı Dövlətlər pul vəsaitlərinin yuyulmasına qarşı mübarizə məqsədilə məhkəmə və hüquq mühafizə orqanları, habelə maliyyə tənzimi
orqanları arasında qlobal, regional, regionlararası və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə və stimullaşdırılmasına səy göstərirlər.