II Fəsil. Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri
Maddə 5. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri
5.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı səfərbərlik hazırlığı və səfərbərlik sahəsində:
5.1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin, iqtisadiyyatın və idarəetmənin səfərbərlik planlarını təsdiq edir;
5.1.2. səfərbərlik hazırlığının və səfərbərliyin məqsəd və vəzifələrini müəyyən edir;
5.1.3. səfərbərlik hazırlığı və səfərbərlik sahəsində müvafiq normativ-hüquqi aktlar qəbul edir;
5.1.4. səfərbərlik hazırlığı və səfərbərlik sahəsində dövlət hakimiyyəti orqanlarının razılaşdırılmış fəaliyyətini və qarşılıqlı əlaqəsini müəyyən edir;
5.1.5. səfərbərlik hazırlığının vəziyyəti barədə illik məruzələrin təqdim edilməsi qaydalarını müəyyən edir;
5.1.6. səfərbərlik hazırlığı və səfərbərlik sahəsinə dair Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalayır;
5.1.7. Azərbaycan Respublikasına qarşı real silahlı hücum edildiyi və ya bilavasitə real silahlı hücum təhlükəsi olduğu, habelə Azərbaycan Respublikasına qarşı yönəldilmiş silahlı münaqişə yarandığı hallarda, dərhal ümumi və ya qismən səfərbərlik elan edir;
5.1.8. səfərbərlik zamanı və müharibə dövründə icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatlarının iş rejimini müəyyən edir;
5.1.9. dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifələrin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi işinin təşkil olunması qaydalarını müəyyən edir;
5.1.10. vətəndaşlara, yaxud vətəndaşların ayrı-ayrı kateqoriyalarına səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ verir və ya möhlət hüququnu dayandırır;
5.1.11. səfərbərlik elan edildikdə, Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarını müəyyən edir;
5.1.12. səfərbərlikdən tərxisetmə elan edir;
5.1.13. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
5.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı səfərbərlik hazırlığı və səfərbərlik sahəsində öz səlahiyyətləri daxilində:
5.2.1. səfərbərlik hazırlığına və səfərbərliyə rəhbərlik edir;
5.2.2. səfərbərlik hazırlığının və səfərbərliyin təmin edilməsinə dair tədbirləri həyata keçirir;
5.2.3. müvafiq icra hakimiyyəti orqanının göstərişi əsasında səfərbərlik hazırlığı və səfərbərlik sahəsində icra hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyənləşdirir, habelə onların fəaliyyətinə rəhbərlik edir;
5.2.4. müharibə dövründə dövlətin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin tələbatlarının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədi ilə səfərbərlik planlarının işlənib hazırlanmasını təşkil edir;
5.2.5. təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi və həmin tapşırıqların (sifarişlərin) maddi-texniki ehtiyatlarla təmin edilməsinə dair müqavilələrin bağlanması qaydasını müəyyən edir;
5.2.6. səfərbərlik hazırlığı və səfərbərlik tədbirlərinin maliyyələşdirilmə qaydasını və mənbəyini müəyyən edir;
5.2.7. dövlət büdcəsindən səfərbərlik hazırlığı və səfərbərlik üçün vəsait ayrılması və səfərbərlik tapşırıqları (sifarişləri) olan təşkilatlara güzəştlərin verilməsi məsələlərini həll edir;
5.2.8. səfərbərlik hazırlığı sahəsində, habelə səfərbərlik zamanı və müharibə dövründə tətbiq edilməli olan normativ-hüquqi aktların layihələrini işləyib hazırlayır;
5.2.9. səfərbərlik hazırlığı və səfərbərlik sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinin yerinə yetirilməsini təşkil edir;
5.2.10. səfərbərlik hazırlığı və səfərbərliyin elmi, metodiki və informasiya təminatını təşkil edir;
5.2.11. səfərbərlik orqanı yaradır;
5.2.12. səfərbərlik orqanları işçilərinin ixtisasının artırılmasını təşkil edir;
5.2.13. səfərbərlik hazırlığını təşkil edir, səfərbərlik hazırlığı barədə statistik hesabatı müəyyən edir, Azərbaycan Respublikasının səfərbərlik hazırlığının vəziyyətini qiymətləndirir və hər il bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məruzə edir;
5.2.14. səfərbərlik elan edildikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə nəzarəti həyata keçirir;
5.2.15. səfərbərlik elan edildikdə, Azərbaycan Respublikası iqtisadiyyatının müəyyən olunmuş qaydada müharibə dövrü şəraitinə keçirilməsini təşkil edir;
5.2.16. dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin hərbi uçotunu, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsini təşkil edir;
5.2.17. səfərbərlik planlarının yerinə yetirilməsi üzrə təlim və məşqlərin keçirilməsini təşkil edir;
5.2.18. maddi sərvətlərin səfərbərliyi və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması, təzələnməsi və istifadə olunması qaydalarını müəyyən edir;
5.2.19. silah və hərbi texnikaya, mühüm mülki məhsullara, yüksək təhlükə obyektlərinə, əhali üçün həyati əhəmiyyətli sistemlərə və milli sərvət hesab olunan obyektlərə dair sənədlərin ehtiyat fondunun yaradılması, saxlanılması və istifadə olunması qaydasını müəyyən edir;
5.2.20. dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların ehtiyat idarəetmə məntəqələrinin siyahısını təsdiq edir;
5.2.21. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
5.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları səfərbərlik hazırlığı və səfərbərlik sahəsində öz səlahiyyətləri daxilində;
5.3.1. səfərbərlik hazırlığını və səfərbərliyi təşkil və təmin edirlər;
5.3.2. qarşılıqlı fəaliyyət göstərdikləri, yaxud onların səlahiyyət dairəsində olan təşkilatların səfərbərlik hazırlığına rəhbərlik edirlər;
5.3.3. səfərbərlik orqanları yaradırlar;
5.3.4. səfərbərlik hazırlığı üçün işlərin maliyyələşdirilməsinin həcmini müəyyən edirlər;
5.3.5. səfərbərlik planlarını işləyib hazırlayırlar;
5.3.6. qarşılıqlı fəaliyyət göstərdikləri, yaxud onların səlahiyyət dairəsində olan təşkilatlarla səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi barədə müqavilələr bağlayırlar;
5.3.7. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada təşkilatların müharibə dövrünün iş rejiminə keçirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsini təşkil edirlər;
5.3.8. səfərbərlik hazırlığının və səfərbərliyin təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər;
5.3.9. səfərbərlik tapşırıqları (sifarişləri) olan təşkilatlar müflisləşdiyi (iflas olduğu) hallarda, bu tapşırıqların (sifarişlərin) başqa təşkilatlara verilməsi üçün tədbirlər görürlər;
5.3.10. dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin hərbi uçotunu, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsini təşkil edir və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada bron edilməyə aid hesabatın təqdim edilməsini təmin edirlər;
5.3.11. səfərbərlik orqanları işçilərinin ixtisasının artırılmasını təşkil edirlər.
Maddə 6. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri və funksiyaları
6.1. Müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları səfərbərlik hazırlığı və səfərbərlik sahəsində öz səlahiyyətləri daxilində:
6.1.1. səfərbərlik orqanları yaradırlar;
6.1.2. səfərbərlik hazırlığını və səfərbərliyi təşkil və təmin edirlər;
6.1.3. səfərbərlik hazırlığına və səfərbərliyə dair normativ-hüquqi aktların həyata keçirilməsini təmin edirlər;
6.1.4. səfərbərlik planlarını işləyib hazırlayırlar;
6.1.5. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə səfərbərlik planlarının yerinə yetirilməsini təmin edən tədbirlər keçirirlər;
6.1.6. səfərbərlik hazırlığının və səfərbərliyin təmin edilməsi məqsədi ilə malların göndərilməsi, işlərin görülməsi, qüvvə və vasitələrin ayrılması, xidmətlərin göstərilməsi barədə təşkilatlarla müqavilələr bağlayırlar;
6.1.7. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada iqtisadiyyatın müharibə dövrü şəraitinə keçirilməsinə dair tədbirlər görürlər;
6.1.8. dinc dövrdə və səfərbərlik zamanı müvafiq icra hakimiyyəti orqanlarına səfərbərlik işində köməklik göstərirlər;
6.1.9. səfərbərlik planlarına uyğun olaraq, səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan vətəndaşların vaxtında xəbərdar edilməsini və gəlməsini, texnikanın toplanış məntəqələrinə, yaxud hərbi hissələrə göndərilməsini, binaların, tikililərin, kommunikasiyaların, yer sahələrinin, nəqliyyat və digər maddi vəsaitlərin təyinatları üzrə istifadəyə verilməsini müəyyən olunmuş qaydada təşkil edirlər;
6.1.10. inzibati ərazi vahidində olan təşkilatlar barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumatların verilməsini təmin edirlər;
6.1.11. səfərbərlik orqanları işçilərinin ixtisasının artırılmasını təşkil edirlər.
6.2. Qanunvericilik və icra hakimiyyəti orqanları səfərbərlik hazırlığı və səfərbərlik sahəsində yerli özünüidarəetmə orqanlarına əlavə səlahiyyətlər həvalə etdikdə, bu səlahiyyətləri həyata keçirmək üçün onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri maliyyə vəsaitləri ilə təmin edilirlər.