Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsvirinin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsviri təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 11 mart 2002-ci il
№ 676.
«Azərbaycan» qəzetində dərc edilmişdir (13 mart 2002-ci il, № 58) («VneshExpertService» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 3, maddə 126) ( «VneshExpertService» LLC).
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 11 mart
tarixli, 676 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında
Əsasnamə
- Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi hərbi qulluqçuların, həmçinin silahların, hərbi və digər texnikanın Daxili Qoşunlara mənsubiyyətini bildirən nişandır.
- Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi Daxili Qoşunların Komandanı və onun müavinlərinin əmr və direktiv blanklarında, künc ştamplarında, Daxili Qoşunların Baş İdarəsinin, hərbi hissələrin, tədris mərkəzinin künc ştamplı blanklarında yerləşdirilir.
- Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi silahların və hərbi texnikanın üzərində dövlət mənsubiyyətinin tanınma nişanı kimi təsvir edilir.
- Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi hərbi hissələrin və tədris mərkəzinin Döyüş Bayrağında «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında» Əsasnaməsi ilə müəyyən edilmiş qaydada, fərqlənmə və hərbi qulluqçuların fərqləndirmə nişanlarında, hərbi geyim formasının predmetlərində «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında» Əsasnamənin tələblərinə uyğun olaraq yerləşdirilir.
- Azərbaycan Respublikası Daxili Qoşunlarının embleminin təsvirinin verilməsinə aşağıdakı hallarda icazə verilir:
- Azərbaycan Respublikası Daxili Qoşunlarının çap məhsullarında, həmçinin qoşunların buraxdığı kino, video və fotomateriallarda;
- Azərbaycan Respublikası Daxili Qoşunlarının sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər, kiçik bayraqlar, medalyonlar, dəftərxana ləvazimatları və digər məhsullar).
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 11 mart
tarixli, 676 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin
Təsviri
Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi mətinlik və dözümlük rəmzi olan palıd budaqları ilə haşiyələnmiş, tiyəsi aşağı baxan qılınc üzərində yuxarı yönəldilmiş iti ucları arasında səkkizguşəli ulduz olan ayparadan ibarətdir.
Palıd budaqlarının saplaqları qılıncın tiyəsinin aşağı hissəsində çarpazlaşır, ucları isə onun dəstəyinə birləşir. Səkkizguşəli ulduz, aypara, qılınc və palıd budaqları qızılı (ağ) rəngdədir.
Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi həmçinin ağ-qara təsvirdə hazırlana bilər.