Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin fəaliyyətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 30 iyun 2001-ci il

№ 518

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2001-ci il, № 6, maddə 416).

30 iyun 2004-cü il tarixli, 83 nömrəli; 3 sentyabr 2004-cü il tarixli, 120 nömrəli; 29 iyun 2005-ci il tarixli, 254 nömrəli; 16 dekabr 2005-ci il tarixli, 333 nömrəli; 25 iyul 2006-cı il tarixli, 428 nömrəli; 1 avqust 2006-cı il tarixli, 433 nömrəli; 28 iyun 2007-ci il tarixli, 602 nömrəli; 27 sentyabr 2007-ci il tarixli, 631 nömrəli; 26 oktyabr 2007-ci il tarixli 642 nömrəli; 23 noyabr 2007-ci il tarixli, 658 nömrəli; 6 mart 2008-ci il tarixli, 719 nömrəli; 6 avqust 2008-ci il tarixli, 812 nömrəli; 12 may 2009-cu il tarixli, 90 nömrəli; 21 dekabr 2009-cu il tarixli, 195 nömrəli; 10 fevral 2010-cu il tarixli, 219 nömrəli; 15 mart 2010-cu il tarixli, 234 nömrəli; 15 fevral 2011-ci il tarixli, 381 nömrəli; 25 iyun 2011-ci il tarixli, 453 nömrəli; 12 sentyabr 2011-ci il tarixli, 497 nömrəli; 4 sentyabr 2012-ci il tarixli, 700 nömrəli; 7 may 2013-cü il tarixli, 890 nömrəli; 1 noyabr 2013-cü il tarixli, 16 nömrəli; 22 dekabr 2014-cü il tarixli, 419 nömrəli; 11 fevral 2015-ci il tarixli 465 mrəli; 3 iyun 2015-ci il tarixli 541 nömrəli; 30 dekabr 2015-ci il tarixli 720 nömrəli;11mart 2016-cı il tarixli 834 nömrəli Fərmanlara əsasən dəyişikliklər və əlavələrlə .

Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 30 iyun tarixli
518 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında
Əsasnamə

  1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra — Nazirlik) Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni, habelə Nazirliyin normativ hüquqi aktlarını rəhbər tutur.

1.3. Nazirlik ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyində olan orqanlar vasitəsi ilə həyata keçirir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, daxili qoşunlar,yanğın təhlükəsizliyi qurumları, ərazi və ixtisaslaşdırılmış polis orqanları, nizami polis hissələri, tədris, təhsil və tibb müəssisələri, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu, idman cəmiyyəti, habelə digər qurumlar Nazirliyin vahid sistemini təşkil edir.

1.4. Nazirlik müstəqil balansa, öz əmlakına, bank idarələrində hesablara, Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Nazirliyin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki təchizatı Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.

1.6. Nazirlik Bakı şəhərində yerləşir.

  1. Daxili İşlər Nazirliyinin funksiyaları

2.1. Nazirlik öz işini insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik, habelə təkbaşçılıq prinsiplərinin uzlaşdırılması əsasında qurur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində aşağıdakı funksiyaları həyata keçirir:

2.1.1. ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması işinin təşkili;

2.1.2. cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, cinayətlərin açılması işinin və istintaqın təşkili;

2.1.3. yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin təşkili;

2.1.4. dövlət yanğın təhlükəsizliyi sisteminin yaradılması və onun fəaliyyətinin təşkili;

2.1.5. daxili qoşunların fəaliyyətinin təşkili.

  1. Daxili İşlər Nazirliyinin vəzifələri

3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada Nazirlik aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir, cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktika tədbirlərinin həyata keçirilməsini təmin edir;

3.1.2. cinayətkarlığın vəziyyətini təhlil edir, kriminogen qurumun operativ və uzunmüddətli proqnozlarını hazırlayır və bu əsasda müvafiq dövlət hakimiyyəti orqanlarına ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlıqla mübarizənin səmərəsinin artırılması və səlahiyyətlərinə aid olan digər məsələlər barədə təkliflər verir, bu sahədə dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin, daxili işlər orqanlarının səlahiyyətlərinə aid olan işlər üzrə təhqiqatın və ibtidai istintaqın, habelə kriminalistik və başqa tədqiqatların aparılmasını təşkil edir;

3.1.4. dövlət daktiloskopik qeydiyyatının keçirilməsini təmin edir, əməliyyat-məlumat, əməliyyat-sorğu, axtarış, kriminalistika, statistika və digər məlumatların, hesabatların məlumat banklarını yaradır, bu banklardakı məlumatların üzərində iş aparılmasını və onlardan istifadəni təşkil edir, arayış-məlumat fəaliyyətini həyata keçirir;

3.1.5. cinayətlərin vahid statistikasının və Nazirlik sistemində statistikanın aparılmasını təşkil edir, məlumatların işlənməsi və ötürülməsi üzrə avtomatlaşdırılmış sistemin inkişaf etdirilməsini və təkmilləşdirilməsini həyata keçirir, sənədlərin arxivdə saxlanılmasını təmin edir;

3.1.6. təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən və cəzadan yayınanların axtarışını, xəbərsiz itkin düşmüş şəxslərin, şəxsiyyətinin tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi işini, habelə oğurlanmış əmlakın axtarılmasını təşkil edir və həyata keçirir;

3.1.7. daxili işlər orqanlarında təhqiqatın və istintaqın aparılması üzrə təşkilati-metodiki vasitələrin, Nazirlik sistemi üçün digər təlimatların hazırlanmasını təşkil edir;

3.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqat, istintaq orqanlarının və məhkəmələrin qərarlarının icrası işini təşkil edir;

3.1.9. Azərbaycan Respublikası qanunvericiliyi ilə daxili işlər orqanlarının səlahiyyətinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılmasını, habelə xüsusi icazələrin (lisenziyaların) verilməsini təşkil edir;

3.1.10. daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin — Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir;

3.1.11. aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirləri həyata keçirir;

3.1.12. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə daxili işlər orqanlarına həvalə edilən məsələləri həll edir, o cümlədən yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınmasında digər dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edir;

3.1.12-1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak edir;

3.1.12-2. Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlayır;

3.1.13. müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi işini təşkil edir, ölkə ərazisində yerləşən xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin təhlükəsizliyinin təmin olunmasında iştirak edir;

3.1.14. sahibsiz əmlakın, tapılmış dəfinələrin, sənədlərin və əşyaların saxlanılması və mühafizəsi işini təşkil edir;

3.1.15 Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda və qaydada cinayət işi üzrə zərər çəkən şəxslərin, şahidlərin və cinayət prosesinin digər iştirakçılarının, habelə məhkəmə və hüquq dövlət mühafizə orqanları işçilərinin və onların yaxın qohumlarının dövlət müdafiəsi və əmlakının mühafizəsi işinin təşkilində iştirak edir;

3.1.16. Azərbaycan Respublikasının qanunvericiliyi əsasında və beynəlxalq normalara uyğun olaraq İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosunun fəaliyyətini təşkil edir;

3.1.17. yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların işlənib hazırlanmasında iştirak edir;

3.1.18. avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsini, onlara dövlət nömrə nişanlarının verilməsini, habelə yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanlar qəbul edilməsini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsini təşkil edir, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə qeydiyyatın, təhqiqatın və istintaqın aparılmasını təmin edir, yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotunu müəyyən edir və hesabatını aparır;

3.1.18-1. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına (standart sığorta müqaviləsi növünə münasibətdə) nəzarət edir;

3.1.19. dövlət yanğından mühafizə işini həyata keçirir və bu sistemə başçılıq edir, yanğınların söndürülməsini təmin edir, yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin hazırlanmasını və icrasını, yanğınların və onların nəticələrinin statistika uçotunun vahid dövlət sisteminin fəaliyyətini təşkil edir;

3.1.20 Nazirlik sistemində rabitə sisteminin və vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi və məlumat təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görür;

3.1.21. daxili təhqiqatların aparılmasını təşkil edir;

3.1.22. daxili qoşunlar tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrin icrasını təşkil edir;

3.1.23. daxili qoşunların inkişaf, səfərbərlik, yerləşdirmə, tətbiq planları, ştatları, strukturu və sayı barədə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

3.1.24. daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətini əlaqələndirir;

3.1.25. Azərbaycan Respublikasının bütün ərazisində və ya onun ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə və ya hərbi vəziyyət rejiminin təminində, fövqəladə halların qarşısının alınmasını və onların aradan qaldırılması üzrə vahid dövlət tədbirlərinin, həmçinin karantin tədbirlərinin həyata keçirilməsində iştirak edir;

3.1.25. səlahiyyətləri çərçivəsində mülki müdafiə və səfərbərlik tədbirlərinin həyata keçirilməsində iştirak edir;

3.1.27. səlahiyyətinə aid məsələlər üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqi praktikasını ümumiləşdirir, daxili işlər orqanlarına və daxili qoşunlara normativ hüquqi işin təşkilində praktiki və metodiki kömək göstərir, hüquqi biliklərin təbliğini təşkil edir;

3.1.28. elmi tədqiqat işlərinin keçirilməsini, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin daxili işlər orqanlarında tətbiqini təmin edir;

3.1.29. daxili işlər orqanlarının və daxili qoşunların kadr təminatı proqramını hazırlayır və həyata keçirir, Nazirliyin, digər dövlət orqanlarının və xarici ölkələrin təhsil müəssisələrində kadrların hazırlanmasını, əməkdaşların əlavə təhsilini və mənəvi-psixoloji hazırlığını təmin edir;

3.1.30. daxili işlər orqanları əməkdaşlarının, hərbi qulluqçuların, Nazirlik sistemi işçilərinin və təqaüdçülərinin, həmçinin onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər tədbirləri hazırlayır və həyata keçirir, daxili işlər orqanları əməkdaşlarının, hərbi qulluqçuların, digər işçilərin sosial müdafiəsini təmin edir;

3.1.31. səlahiyyətləri çərçivəsində hərbi daşımaları həyata keçirir, daxili işlər orqanlarının və daxili qoşunların hərbi və xüsusi texnika, rabitə vasitələri, xüsusi vasitələr, silah, sursat və digər maddi-texniki ehtiyatlarla təmin edilməsini, dövlət büdcəsi və sair mənbələrdən maliyyələşməsini təmin edir;

3.1.31-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirir;

3.1.32 səlahiyyətləri çərçivəsində obyektlərin əsaslı tikintisini, layihə-tədqiqat işlərinin aparılmasını təşkil edir, əməkdaşların və hərbi qulluqçuların mənzillə təmin edilməsi, onların yerləşdirilməsi və məişət təminatının yaxşılaşdırılması üçün tədbirlər görür;

3.1.33. Azərbaycan Respublikasının hüquq mühafizə və digər dövlət və bələdiyyə orqanları ilə daxili işlər orqanlarının və daxili qoşunların qarşılıqlı fəaliyyətini təmin edir;

3.1.34. daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə dair vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin qəbulu, qeydiyyatı və baxılması, vətəndaşların qəbulu işini təşkil edir;

3.1.35. ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması, cinayətkarlıqla mübarizə məsələlərinə dair əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini və nəşriyyat fəaliyyətinin həyata keçirilməsini təmin edir, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqəni təşkil edir, yayılan məlumatlar üzrə müvafiq qərarlar qəbul edir;

3.1.36. qarşısına qoyulmuş vəzifələri yerinə yetirmək üçün digər hüquq mühafizə orqanları ilə əməkdaşlıq edir;

3.1.37. öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirir;

3.1.38. hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq edir.

3.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

  1. Daxili İşlər Nazirliyinin hüquqları

4.1. Nazirlik öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları həyata keçirmək;

4.1.2. əməliyyat-axtarış, təhqiqat, ibtidai istintaq və kriminalistik tədqiqat fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hüquqları həyata keçirmək;

4.1.3. daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə dair qanun və digər normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onların təkmilləşdirilməsi barədə təkliflər vermək, öz fəaliyyətinin normativ tənzimlənməsini həyata keçirmək;

4.1.4. səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Azərbaycan Respublikasının qanunvericilik aktlarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin daxili işlər orqanları və daxili qoşunlar tərəfindən icrasına nəzarət etmək;

4.1.5. müvəqqəti saxlanılma yerlərində xidmətin təşkilinə nəzarət etmək;

4.1.6. xüsusi icazə (lisenziya) verilməsi sahəsində daxili işlər orqanlarının səlahiyyətinə aid edilmiş fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək;

4.1.7. aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə miqrasiya sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları həyata keçirmək;

4.1.8. yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin etmək;

4.1.9. yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirmək;

4.1.10. yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə inzibati icraatın həyata keçirilməsini və tənbehlərin tətbiqini təşkil etmək, avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki vəziyyətinə nəzarəti təmin etmək;

4.1.11. dövlət yanğın nəzarətinin həyata keçirilməsini, sertifikatlaşdırma fəaliyyətini, inzibati təsir tədbirlərinin tətbiq olunmasını təmin etmək;

4.1.12. xidməti və mülki silahın dövriyyəsinə və döyüş sursatının saxlanılması qaydalarına riayət olunmasına nəzarət etmək;

4.1.12—1. öz səlahiyyətləri daxilində özəl mühafizə fəaliyyətinə, eləcə də bu fəaliyyət çərçivəsində xüsusi vasitələrin dövriyyəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək;

4.1.13. mülkiyyətçilərin əmlakının qorunması sahəsində tam təsərrüfat hesabı əsasında fəaliyyət göstərmək, müqavilələr bağlamaq, mühafizənin texniki vasitələrinin istehsalı üçün ixtisaslaşan müəssisələr yaratmaq;

4.1.14. daxili işlər orqanlarını və daxili qoşunları insanların xilas edilməsi üzrə təxirəsalınmaz tədbirlərin keçirilməsi, ağır və irimiqyaslı qəzaların, yanğınların, təbii fəlakətlərin, kütləvi iğtişaşların və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı ictimai qaydanın təmin olunması işinə, həmçinin digər xüsusi əməliyyatların və tədbirlərin keçirilməsinə cəlb etmək, onların qüvvə və vasitələrinin operativ idarə olunmasını həyata keçirmək;

4.1.15. Nazirlik sisteminə daxil olan orqan və hissələrin, müəssisələrin və təşkilatların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək;

4.1.16. Nazirlik sistemi əməkdaşlarının Nazirliyin təhsil müəssisələrinə qəbul imtahanlarını keçirmək, bu təhsilmüəssisələrinə rəhbərlik etmək;

4.1.16-1. Nazirliyin tabeliyində olan müalicə, profilaktika və sanatoriya-kurort müəssisələr tərəfindən yerinə yetirilən xidmətlərə («Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»yə uyğun olaraq pulsuz tibb xidməti almaq hüququ olan, habelə sanatoriya-kurort müəssisələrində imtiyazlı istirahət hüququ olan şəxslərə göstərilən xidmətlər istisna olmaqla) ödənişlərin tətbiq edilməsinə razılıq vermək;

4.1.17. Nazirlik sistemində maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək;

4.1.18. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

4.1.19. daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə dair qəzetlər, jurnallar, bülletenlər, normativ hüquqi aktlar toplusu, digər materiallar nəşr etmək;

4.1.20. müvafiq beynəlxalq təşkilatlarla, xarici ölkələrin hüquq mühafizə orqanları və qarşılıqlı əlaqələri həyata keçirmək, səlahiyyətinə aid məsələlərin həlli üçün xarici dövlətlərə və beynəlxalq təşkilatlara öz nümayəndələrini göndərmək;

4.1.21. öz səlahiyyətlərinə aid edilən məsələlərə dair məhkəmələrdə iddia ilə çıxış etmək.

4.2. Qanunvericiliklə müəyyən edilən digər hüquqları həyata keçirmək.

  1. Daxili İşlər Nazirliyinin fəaliyyətinin təşkili

5.1. Nazirliyə Azərbaycan Respublikasının Daxili İşlər naziri rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər naziri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.

5.2. Daxili İşlər nazirinin birinci müavini və müavinləri nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.

5.3. Azərbaycan Respublikasının Daxili İşlər naziri:

5.3.1. Nazirliyin işini təşkil edir və təkbaşçılıq prinsipi əsasında daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə rəhbərlik edir;

5.3.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların məsuliyyət dərəcəsini və səlahiyyətlərini müəyyən edir, Nazirlik sisteminin digər vəzifəli şəxslərin operativ, təşkilati-ştat, kadr, maliyyə, təsərrüfat-istehsalat və Nazirliyin vəzifələrinə aid digər məsələlər üzrə müstəqil qərar qəbul etmək səlahiyyətlərini müəyyən edir;

5.3.3. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

5.3.4. Nazirliyin mərkəzi aparatının strukturu barədə, Nazirlik sisteminə daxil olan xidmətlərin, o cümlədən baş idarələrin, şəhər, rayon polis orqanlarının yaradılması və ləğv edilməsinə dair Azərbaycan Respublikası Prezidentinə təkliflər verir;

5.3.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir, habelə Nazirliyin daxili nizam qaydalarını müəyyən edir;

5.3.6. Nazirlik sistemində icrası məcburi olan əmrlər verir, əsasnamələri, nizamnamələri, təlimatları, qaydaları, standartları, normaları və digər normativ hüquqi aktları təsdiq edir, habelə dövlət hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə və ya onlarla razılaşdırılmış əmrlər, sərəncamlar, göstərişlər verir, onların icrasına nəzarəti təşkil edir;

5.3.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sıravi və rəis heyəti vəzifələrinin, bu vəzifələrə uyğun xüsusi rütbə hədlərinin siyahısını təsdiq edir;

5.3.8. vəzifəyə təyin və vəzifədən azad etmə ilə bağlı Nazirliyin vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyən edir və müvafiq siyahı (nomenklatur) təsdiq edir;

5.3.9. daxili işlər orqanlarının vəzifəli şəxslərinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına zidd olan əmr və göstərişlərini ləğv edir;

5.3.10. dövlət büdcəsi vəsaiti hesabına saxlanılan orqanların limit sayı haqqında təkliflər verir;

5.3.11. daxili işlər orqanlarına və daxili qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün müvəqqəti strukturların yaradılması və ləğv edilməsi qaydalarını müəyyən edir;

5.3.11-1. daxili qoşunların hərbi şurasının tərkibini müəyyən edir;

5.3.12. Azərbaycan Respublikasının qanunvericiyi ilə müəyyən olunmuş qaydada daxili işlər orqanlarını əməkdaşlarını və hərbi qulluqçuları Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarına ezam edir;

5.3.13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada daxili işlər orqanların və daxili qoşunların şəxsi heyətini vəzifəyə təyin və vəzifədən azad edir, sıravi, kiçik, orta və böyük rəis heyətlərinə xüsusi rütbələr, Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi və daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verir, xüsusi və hərbi rütbələrdən məhrum edir, ali hərbi və ali heyət rütbələrinin verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırır, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, nazirliyin baş idarə və idarələrinin, ərazi və ixtisaslaşmış polis idarə və şöbələrinin, Polis Akademiyasının rəislərini vəzifəyə təyin və vəzifədən azad edir ;

5.3.14. Nazirlik sisteminə işə götürülən digər işçilərlə əmək müqavilələrinin bağlanılması və onlara xitam verilməsi məsələlərinə dair Nazirliyin vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyən edir;

5.3.15. daxili işlər orqanları əməkdaşlarını və hərbi qulluqçuları Azərbaycan Respublikasının dövlət mükafatlarına təqdim edir, qanunvericiliklə müəyyən olunmuş qaydada səlahiyyətləri çərçivəsində medallarla təltif edir ;

5.3.16. daxili işlər orqanları əməkdaşlarının, hərbi qulluqçuların və Nazirlik sistemi işçilərinin, habelə Nazirliyin üzərinə qoyulmuş vəzifələrin həyata keçirilməsinə kömək göstərmiş şəxslərin təltif olunmaları üçün müəyyən olunmuş qaydada döş nişanlarını təsis edir, onların təsvirini və əsasnaməsini təsdiq edir, həmin şəxsləri döş nişanları, fəxri fərmanlarla təltif edir, habelə normativ hüquqi aktlarla nəzərdə tutulmuş digər həvəsləndirmə növlərini tətbiq edir;

5.3.17. Nazirlik sistemində geyim formasının, fərqlənmə nişanlarının və digər rəmzlərin təsis edilməsi barədə Azərbaycan Respublikası Prezidentinə təkliflər verir, Nazirliyin tabeliyindəki müvafiq struktur qurumlarına şərti adlar verir və tanınma nişanlarının təsvirini təsdiq edir ;

5.3.18. daxili işlər orqanları əməkdaşlarının, hərbi qulluqçuların, Nazirlik sisteminin digər işçilərinin, habelə Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə kömək göstərmiş digər şəxslərin təltif olunmaları üçün hədiyyə və mükafatlandırma, o cümlədən silah fondları yaradır;

5.3.19. daxili işlər orqanları əməkdaşları, hərbi qulluqçular və Nazirlik sisteminin digər işçiləri barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş həcmdə intizam tənbehi tədbirləri tətbiq edir;

5.3.20. səlahiyyətləri daxilində daxili işlər orqanları əməkdaşlarını və hərbi qulluqçuları xidmətdən (hərbi xidmətdən) xaric edir;

5.3.21. dövlət büdcəsindən ayrılan və bücədənkənar vəsaitin, o cümlədən xarici valyutanın sərəncamçısı olmaqla maliyyə vəsaitini tabeliyindəki qurumlar arasında bölüşdürür, xərclənməsinin həcmini və qaydalarını müəyyən edir, xidmətin xüsusatları və ayrılmış məbləğin həddi nəzərə alınmaqla, daxili işlər orqanlarının sıravi və rəis heyətinin, hərbi qulluqçularının vəzifə maaşlarına əlavə təyin edir, maddi yardım və mükafatlar verir, bu səlahiyyətləri başqa vəzifəli şəxslərə həvalə edir, müvafiq vəzifələr üzrə imtiyazların müəyyən edilməsi barədə təkliflər verir;

5.3.22. təbii fəlakət, fövqəladə vəziyyət şəraitində və ya ayrı-ayrı hallarda, eləcə də birdəfəlik təcili tapşırıqların yerinə yetirilməsi zamanı daxili işlər orqanları əməkdaşları və hərbi qulluqçuları üçün müvəqqəti ərzaq payı normalarını müəyyən edir;

5.3.23. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatları ilə münasibətlərdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq müqavilələri, sazişləri və protokolları imzalayır;

5.3.24. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir və Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsi məsuliyyət daşıyır.

5.4. Azərbaycan Respublikasının Daxili İşlər naziri öz səlahiyyətlərinin həyata keçirilməsini nazirin birinci müavininə, o olmadıqda nazir müavinlərindən birinə tapşıra bilər.

5.5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Nazirliyin rəhbər işçilərindən ibarət məşvərətçi orqan — kollegiya yaradılır. Kollegiyanın sədri — tutduğu vəzifəyə görə Daxili İşlər naziri, üzvləri isə Nazirliyin digər rəhbər vəzifələri üzrə müəyyən olunur. Kollegiyanın tərkibini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

5.6. Nazirliyin kollegiya iclasında daxili işlər orqanları fəaliyyətinin əsas istiqamətləri, ictimai təhlükəsizliyin və ictimai qaydanın təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin və icra intizamının vəziyyəti, kadr məsələləri, əmrlərin və digər aktların layihələri müzakirə edilir, daxili işlər orqanlarının vəzifəli şəxslərinin hesabatları dinlənilir, Nazirliyin fəaliyyəti ilə bağlı digər mühüm məsələlərə baxılır və müvafiq qərarlar çıxarılır.

5.7. Kollegiya üzvləri müzakirə edilən məsələlərə dair qərar qəbul edərkən səsvermədə bərabər hüquqlara malikdirlər. Kollegiyanın qərarları, onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, nazirin əmri ilə elan olunur və həyata keçirilir.

5.8. Kollegiyanın sədri və kollegiya üzvləri arasında fikir ayrılığı olduqda, kollegiyanın sədri öz əsaslandırılmış qərarını həyata keçirir və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.

Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 30 iyun tarixli
518 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu

  1. Rəhbərlik

Nazir

Nazirin birinci müavini

Nazir müavini

Nazir müavini

Nazir müavini — Daxili Qoşunların komandanı.

Nazir müavini — Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi

  1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparatı

Katiblik (baş idarə səlahiyyətli)

Baş Təşkilat-İnspeksiya İdarəsi

Növbətçi Hissələri İdarəetmə Xidməti (idarə səlahiyyətli)

Baş Cinayət Axtarışı İdarəsi

Baş İstintaq və Təhqiqat İdarəsi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi

Baş Narkotiklərlə Mübarizə İdarəsi

Daxili Təhlükəsizlik İdarəsi

Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş idarəsi

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsii

Kriminalistik Tədqiqatlar İdarəsi

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi

Baş İctimai Təhlükəsizlik İdarəsi

Daxili Qoşunların Baş İdarəsi

Nəqliyyatda Baş Polis İdarəsi

Baş Dövlət Yol Polisi İdarəsi

Baş Mühafizə İdarəsi

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi

Səfərbərlik İşləri və Mülki Müdafiə Şöbəsi

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu (baş idarə səlahiyyətli)

Baş Kadrlar İdarəsi

Daxili Təhqiqatlar İdarəsi

Şəxsi Heyətlə İş İdarəsi

Beynəlxalq Əməkdaşlıq İdarəsi

Baş İnformasiya-Kommunikasiya İdarəsi

Mətbuat Xidməti (idarə səlahiyyətli)

Maliyyə-Plan İdarəsi

Maddi-Texniki Təminat Baş İdarəsi

Tibb İdarəsi

Komendant Xidməti (idarə səlahiyyətli)

İdman Cəmiyyəti (idarə səlahiyyətli).

  1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sisteminə daxil olan qurumlar

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi

Daxili Qoşunların hərbi hissə və bölmələri

Daxili Qoşunların Ali Hərbi Məktəbi

Polis Akademiyası (baş idarə səlahiyyətli)

Sıravi və kiçik rəis heyəti hazırlayan məktəb

Əlahiddə Çevik Polis Alayı və digər nizami polis hissələri

Bakı Şəhər Baş Polis İdarəsi

Gəncə Şəhər Baş Polis İdarəsi

digər ərazi və ixtisaslaşdırılmış polis orqanları və qurumlar