Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotron maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan

 

Qərar № 71
Bakı şəhəri, 17 aprel 2000-ci il

«Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair kompüterləşdirilmiş ümummilli məlumat bankı təşkil edilsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki, ümummilli məlumat bankının təşkili üçün tələb olunan əməkdaşların sayının bu nazirliyin təsdiq edilmiş ştat sayı hesabına müəyyən etsin və onların maliyyələşdirilməsini 2000-ci il üçün təsdiq edilmiş dövlət büdcəsində nazirliyə ayrılmış vəsait dairəsində həyata keçirsin.

3. «Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası» təsdiq edilsin (əlavə olunur).

4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2000-ci il, № 4, 2-ci kitab, maddə 317) («VneshExpertService»).
4 fevral 2002-ci il tarixli 21 nömrəli; 2 iyun 2003-cü il tarixli 73 nömrəli qərarlara əsasən əlavələr və dəyişikliklərlə («VneshExpertService»).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli, 71 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində təşkil edilmiş ümummilli məlumat bankına narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair məlumatlar daxil edilir.

2. Ümummilli məlumat bankı aşağıdakı üç bölmədən ibarət olur:
narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə və belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;
narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə və belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;
narkomanlıq xəstəliyinə düçar olan və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərə dair məlumat bölməsi.

3. Ümummilli məlumat bankına məlumatlar aşağıdakı qaydada göndərilir:

3.1. Səhiyyə Nazirliyinin müvafiq idarə və şöbələri: tibbi məqsədlə istifadə etmək üçün respublikaya daxil olan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahısı və miqdarı barədə məlumatı; narkotik vasitələri, psixotrop maddələri və prekursorları istifadə edən ixtisaslaşdırılmış dövlət və qeyri-dövlət tibb müəssisələrindən aldıqları məlumatları; məhkəmə-narkoloji ekspert komissiyalarının keçirdikləri ekspertizalar əsasında əldə edilən məlumatları; narkoloji tibb müəssisələrində ümumi əsaslarla müalicə olunan şəxslər haqqında məlumatları; narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi ilə bağlı hər bir fəaliyyət növü ilə məşğul olmaq üçün qeyri-dövlət təşkilatlarına verilmiş xüsusi razılıq barədə bildirişi (bildirişdə təşkilatın tam adı, fəaliyyət növü, hüquqi ünvanı, müəssisənin təsisçiləri barədə məlumatlar, xüsusi razılığın müddəti, istifadə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların azərbaycanca və latınca adı, saxlanma yeri, müddəti göstərilməlidir) ümummilli məlumat bankına göndərir.

3.2. Narkoloji tibb müəssisələri hər bir narkomanın müalicəsi barədə, narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində detoksifikasiyanın aparıldığı hər bir hal barədə məlumatları, aparılan tibbi müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumatı və könüllü olaraq anonim müalicə kursu keçmək üçün müraciət etmiş narkoman şəxslər haqqında məlumatı ümummilli məlumat bankına göndərirlər. Bu məlumat ümummilli məlumat bankında kodlaşdırılmış qapalı bölmədə saxlanılır.
Narkoloji xəstələrin qeydiyyatını aparan dövlət narkoloji tibb müəssisəsi narkomanlığa düçar olan, habelə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər barəsində kəmiyyət göstəricilərini ümummilli məlumat bankına daxil edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir.

3.3. Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti  öz işlərində respublika ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən şəxslər haqqında məlumatı ümummilli məlumat bankına göndərirlər.

3.4. Ədliyyə Nazirliyi azadlıqdan məhrum etmə yerlərində narkomaniyaya qarşı müalicə keçən şəxslər, məcburi müalicənin tətbiq edilməsi, cəzanın müddəti və onun icra olunduğu yer, narkoloji xəstənin cəzanı icra edən müəssisədən azad olunması, habelə barəsində məcburi tədbirlərin dayandırılması, təxirə salınması qərarı olan şəxslər haqqında məlumatları ümummilli məlumat bankına təqdim edir.

3.5. Səlahiyyətli dövlət orqanları narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə qanunsuz dövriyyəsinə aid məlumatları ümummilli məlumat bankına təqdim etməyə borcludurlar.

4. Ümummilli məlumat bankına məlumatlar dəqiqləşdirildikdən sonra 10 gün müddətində göndərilir.

5. Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Ticarət Nazirliyinin, Respublika Prokurorluğunun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin digər aidiyyəti olan dövlət strukturlarının nəzdində fəaliyyət göstərən idarələr, komissiyalar, istintaq orqanları ümummilli məlumat bankının informasiya mərkəzlərindən onlara aid məlumatları almaq üçün təsdiq edilmiş xüsusi sorğu tərtib edib ümummilli məlumat bankına müraciət edirlər.
Ümummilli məlumat bankı sorğunu öyrənir, onun qanunauyğun, aidiyyətli olduğunu müəyyən edir və qanunvericilikdə nəzərdə tutulmuş vaxt ərzində sorğu barədə məlumat verir.
Narkoloji tibb müəssisələrində könüllü oaraq anonim müalicə kursu keçmiş narkoman şəxslər haqqında məlumatlar ümummilli məlumat bankından yalnız həmin şəxs inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edildikdə hüquq-mühafizə orqanına verilə bilər.
Narkoloji xidməti və nəzarəti həyata keçirən, habelə xidməti vəzifələri həyata keçirərkən qulluq mövqeyinə görə narkoloji xəstələr barəsində məlumatları əldə edən digər şəxslər həmin məlumatların yayılmasına yol verməməlidirlər.

6. Səhiyyə Nazirliyində, Daxili İşlər Nazirliyində, Milli Təhlükəsizlik Nazirliyində, Ədliyyə Nazirliyində, Ticarət Nazirliyində, Respublika Prokurorluğunda, Dövlət Gömrük Komitəsində, Dövlət Sərhəd Xidmətində və digər aidiyyəti olan dövlət orqanlarında ümummilli məlumat bankına informasiya göndərilməsinin vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək və oradan məlumat alınmasını təşkil etmək üçün cavabdeh şəxs təyin olunur.