VI fəsil. Dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Maddə 30. Dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət və mübahisələrə baxılma qaydası
30.1. Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozan hüquqi şəxslər, vəzifəli şəxslər və vətəndaşlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
30.2. Müvafiq dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri məlumatların qeyri-qanuni yayılması üzrə qərar qəbul edərkən qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi haqqında ekspert rəyinə əsaslanırlar. Ekspert rəyinin hazırlanması və təsdiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30.3. Dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılması bütövlükdə Azərbaycan Respublikası və ya mərkəzi icra hakimiyyəti orqanı üzrə dövlətin təhlükəsizliyinə ziyan vurulmaqla nəticələndiyi hallarda məlumatların yayılması faktı üzrə materiallara müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və rəy verilir.
30.4. Vətəndaşların, dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisə, idarə və təşkilatların bu qanunla bağlı qanuni maraqlarının və hüquqlarının qorunması, mübahisələrə baxılması məhkəmə qaydasında və ya qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.