V fəsil. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar həyata keçirilən tədbirlər

 

Maddə 24. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar həyata keçirilən tədbirlər
Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına qarşı mübarizəni həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəzarətli göndərişi həyata keçirmək, göndərilən yükləri, poçt göndərişlərini yoxlamaq, nəzarət qaydasında narkotik vasitələri və psixotrop maddələri almaq və qanunla nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərindən istifadə etmək hüququna malikdirlər.
Maddə 25. Tibbi müayinə
25.1. Tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir.
25.2. Tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir.
25.3. Şəxsin tibbi müayinədən keçməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 26. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi
26.1. Cinayət törətmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi müalicə olunurlar. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində bu xəstəliklə əlaqədar məcburi müalicə tədbirləri, həmin şəxsə cinayət törətdiyinə görə cəza verməklə yanaşı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən tətbiq edilir. Məcburi tədbirlərin tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicəyə müraciət etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son nailiyyətlərinə əsaslanır. Məcburi müalicəyə cəlb edilmiş xəstələrin cəzaçəkmə yerlərində saxlama və müalicə rejimləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən olunur.
26.2. Azadlıqdan məhrumetmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər cəza çəkdikləri müddət ərzində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müalicə olunurlar.
26.3. Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanında təşkil edilmiş ixtisaslaşdırılmış tibb müəssisəsində stasionar və ya ambulator müalicə olunurlar. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicənin şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.3-1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən məcburi müalicə təyin edilir.
26.4. Cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilir.
26.5. Əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəlikləri olan şəxslər barəsində müalicə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əsasən tətbiq olunur.
26.6. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin məcburi müalicəyə göndərilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 27. Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi
27.1. Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər:
27.1.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda;
27.1.2. narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda.
27.2. Məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin narkoloji-tibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi, həmin müəssisənin müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə alınmaqla, yerli məhkəmənin qərarı əsasında həyata keçirilir.
Maddə 28. Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin məcburi müalicə müddətinin uzadılması
Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər mütəmadi olaraq müalicə rejimini pozduqda və bununla əlaqədar həyata keçirilən müalicə tədbirləri müsbət nəticə vermədikdə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qərarı əsasında belə şəxslərin məcburi müalicə müddəti uzadıla bilər.
Maddə 29. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar əməliyyat-axtarış fəaliyyəti
Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar hüquq pozuntularının aşkar edilməsi məqsədi ilə bu qanunun 24-cü maddəsində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Maddə 30. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişi
30.1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişi—narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində ibtidai araşdırma aparmaq səlahiyyətinə malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının ərazisində qanunsuz hesab edilən və ya şübhə doğuran narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının daşınması, göndərilməsi və ya digər üsulla yerinin dəyişdirilməsidir.
30.2. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişinin həyata keçirilməsinə yalnız mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı sahəsində törədilən və ya hazırlanan cinayətlərin qarşısının alınması, açılması, həmin cinayətləri törədən şəxslərin vaxtında aşkar edilməsi və onların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə yol verilir.
30.3. Nəzarətli göndərişin keçirilməsinə dair qərar yalnız narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində ibtidai araşdırma aparmaq səlahiyyətinə malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Həmin qərarda istifadə edilən narkotik vasitənin, psixotrop maddənin və ya onların prekursorlarının əldə edilməsinin mənbəyi və miqdarı barədə məlumatlar mütləq göstərilməlidir.
30.4. Nəzarətli göndərişin həyata keçirilməsinə dair qərarı qəbul etmək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları həmin əməliyyatın Azərbaycan Respublikasının ərazisində aparılmasına bilavasitə rəhbərlik edirlər.
Maddə 31. Nəzarət qaydasında qanunsuz hesab edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınması
Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar cinayətkar fəaliyyət haqqında sübut əldə etmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzarət qaydasında narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını almaq hüququna malikdirlər.
Maddə 32. Müsadirə
32.1. Qanunsuz dövriyyədə olan narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, eləcə də onların qanunsuz hazırlanması üçün istifadə edilən alət və avadanlıq, habelə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında istifadə edilən və bunun nəticəsində əldə olunan əmlak və maliyyə vəsaitləri aşkar edildikdə, onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görülür.
32.2. Qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi, yalnız Azərbaycan Respublikasının məhkəmə, prokurorluq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət tərkibdə yaradılmış komissiya tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
32.3. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar cinayət-hüquq tədbirlərinin tətbiq edilməsi nəticəsində müsadirə olunmuş və dövlət hesabına yönəldilmiş əmlak, yalnız narkomanlığın profilaktikasına və narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsinə və sosial reabilitasiyasına sərf edilir.