Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

 

Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Bu qanun Azərbaycan Respublikasının müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılmasına yönəlmişdir.

I fəsilÜmumi müddəalar

Maddə 1. Azərbaycan Respublikasının milli təhlükəsizliyi

Azərbaycan Respublikasının milli təhlükəsizliyi—dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir.

Maddə 2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektləri

2.0. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektləri aşağıdakılardır:

2.0.1. insan—onun hüquq və azadlıqları;

2.0.2. cəmiyyət—onun maddi və mənəvi dəyərləri;

2.0.3. dövlət—onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü.

Maddə 3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin subyektləri

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin subyektləri insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqanlarıdır.

Maddə 4. Milli təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi

Milli təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyası, bu qanun və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 5. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri

5.0. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri aşağıdakılardır:

5.0.1. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsi;

5.0.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin vahid dövlət siyasətinə əsaslanması və onun təmin olunması istiqamətlərinin tarazlaşdırılması və əlaqələndirilməsi;

5.0.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən orqanlar arasında səlahiyyətlərin dəqiq müəyyən edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və həmin orqanların bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırması;

5.0.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı ilə əlaqədar fəaliyyətin həyata keçirilməsinə nəzarət;

5.0.5. beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya;

5.0.6. insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti.

Maddə 6. Azərbaycan Respublikasının milli maraqları

6.1. Azərbaycan Respublikasının milli maraqları—Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur.

6.2. Azərbaycan Respublikasının siyasi sahədə əsas milli maraqları aşağıdakılardır:

6.2.1. dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü;

6.2.2. konstitusiya quruluşunun qorunması, demokratik, hüquqi, dünyəvi dövlətin mövcudluğu;

6.2.3. Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması;

6.2.4. vətəndaş cəmiyyətinin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması;

6.2.5. ictimai-siyasi sabitliyin təmin edilməsi;

6.2.6. kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması;

6.2.7. dünya azərbaycanlılarının həmrəyliyi;

6.2.8. xaricdə yaşayan həmvətənlərimizin hüquqlarının müdafiəsi;

6.2.9. Azərbaycanın dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması, bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafı, Avropa və dünya birliyinə inteqrasiya;

6.2.10. beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılması.

6.3. Azərbaycan Respublikasının iqtisadi sahədə əsas milli maraqları aşağıdakılardır:

6.3.1. iqtisadi potensialın artırılması;

6.3.2. bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi;

6.3.3. iqtisadi sabitliyin təmin olunması;

6.3.4. iqtisadiyyatın inkişafı üçün daxili və xarici investisiyalardan ötrü əlverişli şəraitin yaradılması;

6.3.5. təbii və maddi sərvətlərin qorunması və səmərəli istifadə edilməsi;

6.3.6. regional və dünya bazarlarının formalaşdırılmasında və fəaliyyət göstərməsində azad və bərabər hüquqlu iştirakın təmin edilməsi.

6.4. Azərbaycan Respublikasının sosial sahədə əsas milli maraqları Azərbaycan xalqının genofondunun qorunması, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi məqsədilə səhiyyə və sosial müdafiə sisteminin səmərəli fəaliyyət göstərməsidir.

6.5. Azərbaycan Respublikasının hərbi sahədə əsas milli maraqları—dövlətin müdafiə qüdrətinin, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin komplektləşdirilməsinin, döyüşə və səfərbərliyə hazırlığının, hərbi-texniki təchizatının təmin edilməsidir.

6.6. Azərbaycan Respublikasının informasiya sahəsində əsas milli maraqları aşağıdakılardır:

6.6.1. məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması kimi vətəndaşların konstitusiya hüquqlarının təmin edilməsi;

6.6.2. informasiya ehtiyatlarının qorunması və inkişaf etdirilməsi;

6.6.3. informasiya məkanının formalaşdırılması və onun qorunmasının təmin edilməsi;

6.6.4. dünya rabitə və informasiya sisteminə daxil olma.

6.7. Azərbaycan Respublikasının ekoloji sahədə əsas milli maraqları—cəmiyyətin yaşayışı üçün təhlükəsiz ekoloji və texnoloji şəraitin yaradılmasıdır.

6.8. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində əsas milli maraqları—Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması və ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk və milli iftixar hissinin, intellektual səviyyəsinin inkişaf etdirilməsi, elmi potensialdan səmərəli istifadə olunması və onun artırılmasıdır.

Maddə 7. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər

7.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər Azərbaycan Respublikası milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillərdir.

7.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər mümkünlüyündən asılı olaraq potensial və real olur.

7.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər mənbələrindən asılı olaraq xarici və daxili təhdidlərdən ibarətdir.

7.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə potensial və real, daxili və xarici təhdidlər əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində təzahür edir.

7.5. Siyasi sahədə əsas təhdidlər aşağıdakılardır:

7.5.1. Azərbaycan Respublikasının dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər;

7.5.2. ictimai-siyasi sabitliyin pozulması;

7.5.3. insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, demokratik təsisatlara qarşı daxili və xarici təzyiqlər;

7.5.4. dövlət orqanlarının təşkilat strukturunun dağıdılması, onların fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsi;

7.5.5. milli və dini münasibətlərin kəskinləşməsi, separatçılıq, etnik, dini və siyasi ekstremizm hallarının yayılması;

7.5.6. ictimai təhlükəsizliyin pozulması, hüquqpozmaların sosial profilaktikasının səmərəsizliyi, cinayətkarlığın, xüsusən onun mütəşəkkil, transmilli formalarının artması;

7.5.7. qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılması, silahlı qiyamın təşkil edilməsi;

7.5.8. xarici xüsusi xidmət orqanlarının və başqa təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasına qarşı kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti;

7.5.9. dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə görə onun həyatına sui-qəsd edilməsi;

7.5.10. digər dövlətlər tərəfindən Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə;

7.5.11. Azərbaycan Respublikasının maraqlarına toxuna bilən mövcud və potensial regional münaqişələrin olması;

7.5.12. beynəlxalq terrorçuluq.

7.6. İqtisadi sahədə əsas təhdidlər aşağıdakılardır:

7.6.1. dövlətin iqtisadi potensialının tükənməsi, yaxud qeyri-səmərəli istifadəsi, milli iqtisadiyyatın digər ölkələrdən maliyyə və texnoloji asılılığının yaranması, boru kəmərlərinin, digər kommunikasiyaların və nəqliyyat dəhlizlərinin fəaliyyətinin pozulması;

7.6.2. iqtisadi əlaqələri nizamlayan dövlət sisteminin pərakəndəliyi, iqtisadiyyatın qeyri-mütənasib inkişafı;

7.6.3. Azərbaycan Respublikasının dünya iqtisadiyyatından təcrid olunması;

7.6.4. maliyyə-kredit sisteminin pozulması, maddi və maliyyə vəsaitlərinin ölkədən qanunsuz çıxarılması;

7.6.5. təbii və maddi sərvətlərin talan edilməsi və səmərəsiz istifadəsi;

7.6.6. investisiya aktivliyinin zəifləməsi.

7.7. Sosial sahədə əsas təhdidlər aşağıdakılardır:

7.7.1. müxtəlif sosial təbəqələr arasında qütbləşmənin kəskinləşməsi, yoxsulluğun və işsizliyin aradan qaldırılması istiqamətində tədbirlərin səmərəsizliyi;

7.7.2. sosial hüquqların pozulması;

7.7.3. demoqrafik vəziyyətin kəskinləşməsi və nəzarətsiz miqrasiya proseslərinin intensivləşməsi;

7.7.4. əhalinin fiziki sağlamlığının təmin edilməsi sahəsində tədbirlərin görülməməsi;

7.7.5. sosial müdafiə sisteminin zəifliyi.

7.8. Hərbi sahədə əsas təhdidlər aşağıdakılardır:

7.8.1. Azərbaycan Respublikasına qarşı təcavüz və gücün tətbiqi və ya tətbiq edilməsi hədəsi, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi;

7.8.2. digər ölkələr tərəfindən Azərbaycan Respublikasının hərbi konfliktlərə, regional münaqişələrə cəlb edilməsi;

7.8.3. xarici ölkələrin Azərbaycan Respublikası ilə sərhədlərinin yaxınlıqlarında yaranmış qüvvələr nisbətini pozan qoşun qruplaşmalarının artırılması;

7.8.4. Azərbaycan Respublikası ilə qonşu olan dövlətlərdə hərbi-siyasi vəziyyətin qeyri-sabit olması, həmsərhəd dövlətlərin ərazisində ölkəmizə qarşı düşmənçilik siyasətini yeridən digər dövlətlərin qoşunlarının yerləşdirilməsi;

7.8.5. Azərbaycan Respublikasına qarşı kütləvi qırğın silahlarının tətbiqi və ya tətbiqinin mümkünlüyü;

7.8.6. kütləvi qırğın silahlarının komponentlərinin və texnologiyalarının, onları hədəfə çatdırma vasitələrinin, yeni hərbi istehsalat texnologiyalarının yayılmasında ölkə ərazisinin tranzit kimi istifadə edilməsi cəhdləri;

7.8.7. silahların məhdudlaşdırılması və ixtisarı barədə beynəlxalq razılaşmaların pozulması;

7.8.8. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyət;

7.8.9. Azərbaycan Respublikasının dövlət sərhədlərindəki ərazilərə, obyektlərə və qurğulara basqın edilməsi, sərhəd münaqişələri və silahlı fitnəkarlıq;

7.8.10. başqa dövlətlərin ərazisində Azərbaycan Respublikasının əleyhinə göndərilməsi üçün silahlı birləşmələrin və qrupların hazırlanması.

7.9. İnformasiya sahəsində əsas təhdidlər aşağıdakılardır:

7.9.1. informasiya texnologiyaları sahəsində geriləmə və dünya informasiya məkanına daxil olmağa maneələrin mövcudluğu;

7.9.2. informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər;

7.9.3. dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər;

7.9.4. digər ölkələr tərəfindən informasiya təcavüzü, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin təhrif edilməsi;

7.9.5. informasiya sisteminə və ehtiyatlarına qarşı qəsdlər.

7.10. Ekoloji sahədə əsas təhdidlər aşağıdakılardır:

7.10.1. ekoloji tarazlığın pozulması və ekoloji vəziyyətin kəskin pisləşməsi;

7.10.2. ekoloji cəhətdən zərərli texnologiyaların təhlükə yaradacaq miqyaslarda tətbiqi, təsərrüfat obyektlərinin təbii fəlakətlərə, texnogen xarakterli fövqəladə hadisələrə və təxribatlara məruz qalma ehtimalı, epidemiya və epizootiyaların yayılması;

7.10.3. su mənbələrinin, atmosferin və dəniz mühitinin təhlükəli miqyaslarda çirklənməsi;

7.10.4. ekoloji mədəniyyət səviyyəsinin aşağı olması.

7.11. Elm, mədəniyyət və mənəviyyat sahəsində təhdidlər aşağıdakılardır:

7.11.1. təhsilin keyfiyyət səviyyəsinin, elmi-texniki və intellektual səviyyənin zəifləməsi;

7.11.2. Azərbaycanın tarixinə, dilinə, mədəni irsi və mənəvi sərvətlərinə qəsd edilməsi, onların xarici və daxili təzyiqlərə məruz qalması.

7.12. Azərbaycan Respublikasının milli maraqları, milli təhlükəsizliyinə yaranan təhdidlər və milli təhlükəsizliyin təmin olunması tədbirləri qanunvericiliklə nəzərdə tutulmuş konsepsiyada və onun əsasında hazırlanmış konkret proqramlarda öz əksini tapır.

II fəsilAzərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sistemi

Maddə 8. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sistemi və onun məqsədləri

8.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında qarşılıqlı fəaliyyət göstərən və öz səlahiyyətləri çərçivəsində milli təhlükəsizliyin təmin olunmasına cavabdeh olan qüvvələr və digər dövlət orqanları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sistemini təşkil edirlər və milli təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyırlar.

8.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sistemi vahid dövlət siyasətinin hazırlanması, siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, elm, mədəniyyət və mənəviyyat, habelə digər sahələrdə milli maraqların qorunması prosesinin kompleks fəaliyyət şəklində səmərəli tətbiqi üçün yaradılır.

8.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədləri aşağıdakılardır:

8.3.1. insanın təhlükəsizliyi—insanın hərtərəfli inkişafı üçün əlverişli şəraitin mövcudluğu, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ümumdövlət tədbirlərinin həyata keçirilməsi;

8.3.2. cəmiyyətin təhlükəsizliyi—Azərbaycan xalqının həyati əhəmiyyətli maraq və tələbatlarının, habelə ictimai dəyərlər sisteminin təhlükə və təhdidlərdən qorunması;

8.3.3. dövlətin təhlükəsizliyi—Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun və həyati əhəmiyyətli digər maraqlarının təhdidlərdən qorunması.

Maddə 9. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sisteminin əsas vəzifələri

9.0. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sisteminin əsas vəzifələri aşağıdakılardır:

9.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin aşkarlanması, təhlili və proqnozlaşdırılması;

9.0.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin qabaqlanması və qarşısının alınması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi;

9.0.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvə və vasitələrin formalaşdırılması və hazırlığının təmin edilməsi;

9.0.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə bilavasitə təhdid və qəsdlərin yarandığı təqdirdə bütün qüvvə və vasitələrin səfərbər edilməsi, müvafiq əks tədbirlər kompleksinin həyata keçirilməsi, yaranmış vəziyyətin mümkün nəticələrinin lokallaşdırılması və aradan qaldırılması;

9.0.5.Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olaraq ümumi və regional təhlükəsizliyin təmin olunmasında iştirak.

Maddə 10. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları

10.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları—dövlət tərəfindən yaradılan, qanunvericilik çərçivəsində fəaliyyət göstərən və Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin etmə qabiliyyətinə malik olan qurumlardır.

10.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları aşağıdakılardır:

10.2.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələr;

10.2.2. Azərbaycan Respublikasının xüsusi xidmət orqanları;

10.2.3. polis, prokurorluq, gömrük, vergi və digər hüquq mühafizə orqanları;

10.2.4. sənaye, energetika, nəqliyyat sahəsində işlərin təhlükəsiz görülməsi qaydalarına məsuliyyət daşıyan, rabitə və informasiya təhlükəsizliyini, ətraf mühitin mühafizəsini və əhalinin sağlamlığının qorunmasını təmin edən dövlət orqanları və milli təhlükəsizliyinin təmin olunmasında iştirak edən digər dövlət orqanları.

10.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada qarşılıqlı fəaliyyət göstərir və səlahiyyətləri ilə bağlı məsələlərlə əlaqədar bir-birini qarşılıqlı surətdə məlumatlandırırlar.

Maddə 11. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələrin və dövlət orqanlarının səlahiyyətləri

11.0. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları öz səlahiyyətləri daxilində:

11.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması ilə əlaqədar tədbirlər planlaşdırır və həyata keçirirlər;

11.0.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər verirlər;

11.0.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyi sahəsində qanunlara və digər normativ-hüquqi aktlara riayət olunmasını təmin edirlər;

11.0.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təhdid edən, milli maraqlara zərər vura bilən fəaliyyətin qarşısının alınması üçün müvafiq tədbirlər görürlər.

Maddə 12. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında vətəndaşların iştirakı

12.0. Azərbaycan Respublikasının vətəndaşları:

12.0.1. seçki, referendum və qanunla müəyyən olunmuş digər demokratik vasitələrlə Azərbaycan Respublikasının milli maraqları və onların müdafiəsinin yolları haqda öz fikir və təkliflərini ifadə və icra edirlər;

12.0.2. qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədi ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən hazırlanmış tədbirləri könüllü və ya konstitusiya vəzifələrinin yerinə yetirilməsi şəklində həyata keçirirlər;

12.0.3. ölkə həyatının müxtəlif sahələrində təzahür edən təhlükəli hallara dövlət və ictimai təsisatların diqqətini cəlb edir, bütün qanuni vasitələrlə dövlətin təhlükəsizliyi, habelə hüquq və maraqlarının müdafiə olunmasına çalışırlar.

Maddə 13. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında insan hüquq və azadlıqlarının müdafiəsi

13.1. Azərbaycan dövləti Azərbaycan Respublikasının qanunvericiliyinə və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq öz ərazisində olan hər bir şəxsin təhlükəsizliyini təmin edir. Azərbaycan Respublikası ərazisindən kənarda müvəqqəti və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsi üçün tədbirlər görür və onlara hamilik edir.

13.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yalnız qanunla müəyyən edilmiş hallarda yol verilə bilər. Hər bir şəxs öz hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı milli təhlükəsizliyi təmin edən subyektlərdən qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat almaq hüququna malikdir.

13.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında səlahiyyət həddini aşmış vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

13.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında kömək göstərmiş hər bir şəxsə dövlət himayəsi, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada hüquqi müdafiə təminatı verilir.

13.5. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyan zərərçəkənlərin tələbi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməlidir.

III fəsilAzərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının tərkib hissələri və sahələri

Maddə 14. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının tərkib hissələri

14.0. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin mənbələrindən asılı olaraq, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması vəhdət təşkil edən iki tərkib hissənin məcmusudur:

14.0.1. xarici təhlükəsizlik—Azərbaycan Respublikasının həyati əhəmiyyətli mənafelərinin kənardan mümkün risk, təhlükə və təhdidlərdən qorunması üçün siyasi-diplomatik və ya hərbi, yaxud eyni zamanda həm diplomatik, həm də hərbi tədbirlər kompleksinin həyata keçirilməsi;

14.0.2. daxili təhlükəsizlik—Azərbaycan Respublikasında siyasi, iqtisadi və sosial sabitliyin, cəmiyyətdə vətəndaş həmrəyliyinin qorunması üçün müvafiq şəraitin yaradılması.

Maddə 15. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sahələri

15.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyi siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələr üzrə təmin olunur.

15.2. Dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər, hüquqi və fiziki şəxslər siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələrdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədi ilə həyata keçirilən tədbirlərdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada iştirak edirlər.

15.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sahələrinin dəqiq müəyyənləşdirilməsi və vahid dövlət siyasəti kimi həyata keçirilməsi üçün müvafiq konsepsiya və onun əsasında konkret proqramlar qəbul edilir və təşkilati tədbirlər həyata keçirilir.

Maddə 16. Azərbaycan Respublikasının siyasi sahədə milli təhlükəsizliyinin təmin olunması

16.1. Azərbaycan Respublikasının siyasi sahədə milli təhlükəsizliyinin təmin olunması Azərbaycan xalqının və onun yaratdığı siyasi təsisatların dövlət hakimiyyəti məsələlərini müstəqil həll etmək, insan və cəmiyyətin maraqları naminə suveren daxili və xarici siyasəti həyata keçirmək imkanının və qabiliyyətinin təmin edilməsidir.

16.2. Azərbaycan Respublikasının siyasi sahədə milli təhlükəsizliyinin təmin olunması üçün əsas tədbirlər aşağıdakılardır:

16.2.1. Azərbaycan Respublikasının dövlət müstəqilliyi, suverenliyi və konstitusiya quruluşunun qorunması və ərazi bütövlüyünün təminatı məqsədilə zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi;

16.2.2. Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə cəhdlərinin qarşısının alınması;

16.2.3. ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və dayanıqlılığının təmin olunması;

16.2.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sisteminin yaradılması və onun səmərəli fəaliyyətinin təmin edilməsi;

16.2.5. ictimai təhlükəsizliyin təmin edilməsi;

16.2.6. Azərbaycan Respublikası vətəndaşlarının ölkənin daxilində və xaricində hüquqlarının müdafiəsi məqsədilə müvafiq hüquqi mexanizmlərin inkişaf etdirilməsi;

16.2.7. vətənpərvərliyə və millətlərarası həmrəyliyə əsaslanan ümummilli psixologiyanın formalaşdırılması, xalqın vahidliyinin möhkəmləndirilməsi;

16.2.8. Azərbaycan xalqının vahidliyi, vətəndaş birliyi və ictimai həmrəyliyinə qarşı yönəlmiş hərəkətlərin qarşısının alınması;

16.2.9. vətəndaş cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının təmin olunması;

16.2.10. separatçılığın, siyasi, etnik, dini ekstremizmin qarşısının alınması üçün millətlər və dini təriqətlər arasında münasibətlərin tənzimlənməsi;

16.2.11. mövcud məzhəb ayrılıqlarının və müxtəlif dini baxışların siyasi məqsədlərlə istifadə cəhdlərinin qarşısının alınması;

16.2.12. Azərbaycan Respublikasının milli maraqlarının xarici ölkələrdə təmin olunması üçün mütəşəkkil diasporun təşkil olunması;

16.2.13. sülh və insanlıq, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə cinayətlərin, xarici xüsusi xidmət orqanlarının və başqa təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasına qarşı kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətlərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması;

16.2.14. beynəlxalq təhlükəsizlik sistemlərində iştirak edilməsi;

16.2.15. Azərbaycan Respublikasının digər dövlətlərlə əməkdaşlığının bərabər tərəfdaşlıq əsasında həyata keçirilməsi;

16.2.16. beynəlxalq terrorçuluğa və transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.

Maddə 17. Azərbaycan Respublikasının iqtisadi sahədə milli təhlükəsizliyin təmin olunması

17.1. Azərbaycan Respublikasının iqtisadi sahədə milli təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının milli iqtisadiyyatının və iqtisadi münasibətlərinin inkişafına təhlükə yaradan daxili və xarici amillərdən qorunmasıdır.

17.2. Azərbaycan Respublikasının iqtisadi sahədə milli təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı tədbirlər görülür:

17.2.1. Azərbaycan Respublikasının iqtisadi potensialının artırılması və bazar münasibətlərinin inkişaf etdirilməsi yolu ilə iqtisadi müstəqilliyinin təmin olunması;

17.2.2. ölkə iqtisadiyyatının inkişafını təmin edən təbii ehtiyatların, energetika əsaslarının və tranzit imkanlarının qorunması və möhkəmləndirilməsi;

17.2.3. ölkədaxili və beynəlxalq maliyyə təsisatları arasında qarşılıqlı sərfəli əməkdaşlığın gücləndirilməsi, daxili və xarici maliyyə ehtiyatlarının ölkə iqtisadiyyatının inkişafına yönəldilməsi;

17.2.4. Azərbaycan Respublikasının iqtisadi potensialının qorunması məqsədi ilə büdcə vəsaitlərinin və dövlət ehtiyatlarının səmərəsiz istifadəsinə yol verilməməsi;

17.2.5. iqtisadiyyatın inkişafının təmin edilməsi məqsədi ilə bank sisteminin təkmilləşdirilməsi;

17.2.6. iqtisadiyyatda dövlət idarəetməsinin təkmilləşdirilməsi;

17.2.7. iqtisadiyyatda qeyri-mütənasib inkişafın qarşısının alınması;

17.2.8. iqtisadi sahədə həyata keçirilən sosial yönümlü islahatların hüquqi təminatının təkmilləşdirilməsi;

17.2.9. milli məhsulların rəqabət qabiliyyətinin artırılması məqsədi ilə yerli istehsalçıların hüquqlarının müdafiə olunması;

17.2.10. enerji ehtiyatlarının istehsalı, nəqli, nəqliyyat dəhlizinin istismarı ilə bağlı layihələrin həyata keçirilməsi vasitəsi ilə Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası;

17.2.11. iqtisadi fəaliyyət sahəsində cinayətkarlığa qarşı mübarizə aparılması.

17.3. Azərbaycan Respublikasının sənaye potensialının saxlanılması və möhkəmləndirilməsi üçün dövlət xarici sərmayəçilərə verilmiş zəmanətlərə riayət etməklə, xarici hüquqi və fiziki şəxslərin iştirakı ilə yaradılmış müəssisələrin istifadəsinə, yaxud mülkiyyətindəki iqtisadi obyektlərin vəziyyətinə və istismarına nəzarəti həyata keçirir.

17.4. Azərbaycan Respublikasının strateji ehtiyatlarının istifadəsi üzrə müqavilələrin bağlanmasında və yerinə yetirilməsində milli təhlükəsizliyin təmin olunması tələbləri mütləq nəzərə alınır.

17.5. Azərbaycan Respublikasında daxili bazarın vahid və müstəqil maliyyə sisteminin, milli valyutanın qorunması, maddi və maliyyə vəsaitlərinin ölkə hüdudlarından qanunsuz çıxarılmasının qarşısının alınması, kommunikasiya və energetika sisteminin fasiləsiz və etibarlı fəaliyyətinin təmin olunması məqsədi ilə kompleks tədbirlər həyata keçirilir.

Maddə 18. Azərbaycan Respublikasının sosial sahədə milli təhlükəsizliyinin təmin olunması

18.1. Azərbaycan Respublikasının sosial sahədə milli təhlükəsizliyinin təmin olunması vətəndaşların həyatı, sağlamlığı və maddi rifahının qorunmasının, cinayətkarlığın qarşısının alınmasının, miqrasiya və demoqrafik proseslərinin tənzimlənməsinin təmin edilməsidir.

18.2. Azərbaycan Respublikasının sosial sahədə milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:

18.2.1. vətəndaşların şəxsi təhlükəsizliyi, hüquq və azadlıqlarının təmin olunması zəmanətlərinin möhkəmləndirilməsi;

18.2.2. əhalinin sosial müdafiəsinin yüksəldilməsi və fiziki sağlamlığının qorunması üçün sosial müdafiə və səhiyyə sisteminin dünya standartlarına uyğunlaşdırılması;

18.2.3. cəmiyyətin kəskin təbəqələşməsinə yol verilməməsi üçün müvafiq sosial müdafiə və sosial inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi;

18.2.4. vətəndaşların sosial müdafiəsi üçün ayrılan vəsaitlərin səmərəli bölgüsünün və ünvanlı istifadəsinin təmin edilməsi;

18.2.5. qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsi;

18.2.6. yoxsulluğun aradan qaldırılması;

18.2.7. miqrasiya və demoqrafik proseslərin tənzimlənməsi.

Maddə 19. Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması

19.1. Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi xarakterli real və potensial təhdidlərdən müdafiə sahəsində tədbirlər kompleksinin həyata keçirilməsi və milli maraqların hərbi vasitələrlə qorunması qabiliyyətinin təmin edilməsidir.

19.2. Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:

19.2.1. Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi hazırlıq səviyyəsinin və döyüş qabiliyyətinin artırılması, mövcud hərbi ehtiyatların səfərbərlik üçün hazır vəziyyətdə saxlanılması;

19.2.2. hərbi-sənaye kompleksinin inkişafı, müasir silah və hərbi-texniki nailiyyətlərin tətbiq edilməsi;

19.2.3. Azərbaycan Respublikasının dövlət sərhədləri yaxınlığında əlverişli qüvvələr nisbətinin yaranmasının əldə olunması;

19.2.4. Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi;

19.2.5. kütləvi qırğın silahlarının işlənib hazırlanmasının, istehsalının, yayılmasının, ehtiyatlarının yaradılmasının və tətbiqinin qarşısının alınması istiqamətində fəaliyyət göstərilməsi;

19.2.6. hərbi təhsil sisteminin inkişaf etdirilməsi, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin ixtisaslı kadrlarla təminatı işinin yaxşılaşdırılması;

19.2.7. hərbi xidmət əleyhinə cinayətkarlığa qarşı mübarizə aparılması;

19.2.8. Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması məqsədilə xarici ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi;

19.2.9. kütləvi qırğın silahlarının komponentlərinin və texnologiyalarının, onları hədəfə çatdırma vasitələrinin, yeni hərbi istehsal texnologiyalarının qanunsuz yayılmasında ölkə ərazisinin tranzit kimi istifadə edilməsinin qarşısının alınması;

19.2.10. Azərbaycan Respuspublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, döyüşə hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyətin aşkarlanması, qabaqlanması və qarşısının alınması;

19.2.11. müdafiə kompleksi sahəsində strateji əhəmiyyətli obyektlərin, həmçinin hərbi maraqlar baxımından əhəmiyyət kəsb edən elmi-texniki araşdırmaların və bu fəaliyyətin nəticələrinin, o cümlədən məlumatların, sənədlərin və proqram təminatı vasitələrinin təhlükəsizliyinin təmin edilməsi.

19.3. Hərbi və hərbi-texniki müqavilələrin bağlanmasında və yerinə yetirilməsində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması tələbləri mütləq nəzərə alınır.

19.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr istisna olmaqla, ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, habelə hərbi qüvvələrin, silah, hərbi texnika, kütləvi qırğın silahı komponentləri və texnologiyalarının tranzit daşımalarına yol verilmir.

Maddə 20. Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması

20.1. Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsidir.

20.2. Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:

20.2.1. Azərbaycan Respublikasında informasiyanın, həmçinin dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemin yaradılması və möhkəmləndirilməsi;

20.2.2. dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya təminatının həyata keçirilməsi məqsədilə obyektiv və qabaqlayıcı məlumatların toplanılması;

20.2.3. informasiya infrastrukturunun inkişaf etdirilməsi;

20.2.4. dövlət sirlərinin qorunmasının hüquqi mexanizmlərinin təkmilləşdirilməsi;

20.2.5. kibercinayətlərə qarşı mübarizə;

20.2.6. informasiya təhlükəsizliyinin və azadlığının təmin olunması.

Maddə 21. Azərbaycan Respublikasının ekoloji sahədə milli təhlükəsizliyinin təmin olunması

21.1. Azərbaycan Respublikasının ekoloji sahədə milli təhlükəsizliyinin təmin olunması ətraf mühitin ona zərərli təsirlər nəticəsində yaranan təhdidlərdən qorunmasıdır.

21.2. Azərbaycan Respublikasının ekoloji sahədə milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:

21.2.1. ekoloji təhlükəsizlik siyasətinin konseptual əsaslarının hazırlanması və tətbiqi;

21.2.2. Azərbaycan Respublikasının ekoloji sahədə milli təhlükəsizliyinə xarici təhdidlər, ətraf mühitə təsir vasitələrinin hərbi və ya digər düşmən niyyətlə tətbiqini qadağan edən beynəlxalq müqavilələrə zidd olan xarici dövlət və təşkilatların niyyət və tədbirləri haqqında məlumatların əldə edilməsi;

21.2.3. radioaktiv, bakterioloji və kimyəvi maddələrlə ölkənin əhalisinə və iqtisadiyyatına zərər vurmaq məqsədi ilə ətraf mühitə təsir edilməsinə yönəldilmiş fəaliyyətin qarşısının alınması;

21.2.4. yüksək ekoloji təhlükəli obyektlərə qəsdlər üçün zəmin yaradan cinayət əməllərinin aşkarlanması və qarşısının alınması;

21.2.5. müasir texnologiyaların tətbiqi ilə təbii ehtiyatların səmərəli istifadəsinin və ətraf mühitin mühafizəsinin gücləndirilməsi;

21.2.6. enerji ehtiyatlarının istehsalı və nəqli ilə bağlı yaradılan və istismar olunan infrastrukturun təbii fəlakətlərə, fövqəladə hadisələrə, təxribatlara məruz qalma ehtimalına qarşı kompleks tədbirlərin həyata keçirilməsi;

21.2.7. təbiətdən istifadə və ətraf mühitin mühafizəsi sahəsində elmi cəhətdən əsaslandırılmış normativ-hüquqi bazanın təkmilləşdirilməsi və onun tətbiqinə nəzarətin həyata keçirilməsi;

21.2.8. insan fəaliyyətinin təbiətə zərərli təsirinin azaldılması istiqamətində tədbirlər görülməsi, vətəndaşların sağlamlığı üçün yaranmış təhlükələr barədə onların vaxtında xəbərdar edilməsi və bu təhlükələrin aradan qaldırılması;

21.2.9. əhalinin ekoloji maarifləndirilməsi;

21.2.10. təbii fəlakətlərin vaxtında proqnozlaşdırılması, qoruyucu və qabaqlayıcı tədbirlərin görülməsi.

21.2.11. ekoloji cinayətlərə qarşı mübarizə aparılması.

Maddə 22. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində milli təhlükəsizliyinin təmin olunması

22.1. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində milli təhlükəsizliyinin təmin olunması Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin, mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunması və inkişaf etdirilməsidir.

22.2. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün əsas tədbirlər aşağıdakılardır:

22.2.1. Azərbaycan xalqının tarixi və mədəni irsinin, dilinin, adət-ənənələrinin, milli özünüdərkinin xarici təhdidlərdən qorunması və inkişaf etdirilməsi;

22.2.2. ümumdünya mədəniyyətinin qloballaşması prosesində milli mədəniyyətimizin özünəməxsusluğunun qorunması;

22.2.3. dünyanın mədəni nailiyyətlərindən milli mədəniyyətimizin tərəqqisində istifadə üçün imkanların yaradılması;

22.2.4. beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının tarixi və mədəni abidələrinin qorunmasının təmin edilməsi;

22.2.5. elmi potensialın qorunmasına və inkişafına dair dövlət siyasətinin uzunmüddətli proqramlarının hazırlanıb həyata keçirilməsi;

22.2.6. elm və təhsilin keyfiyyət səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələrinin genişlənməsi, beynəlxalq təcrübənin öyrənilməsi;

22.2.7. ictimai mənəviyyat əleyhinə cinayətkarlığa qarşı mübarizə.

Maddə 23. Azərbaycan Respublikasının dövlət təsisatlarının təhlükəsizliyinin təmin edilməsi

23.1. Azərbaycan Respublikasının dövlət təsisatlarının təhlükəsizliyinin təmin olunması dövlət orqanlarının və vəzifəli şəxslərin vəzifəsi və onların xidməti fəaliyyətinin əsas göstəricilərindən biridir.

23.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması tələbləri mütləq qaydada aşağıdakı hallarda nəzərə alınmalıdır:

23.2.1. ölkənin inkişaf istiqamətlərinin, sosial-iqtisadi mərhələlərinin strateji planlaşdırılması zamanı;

23.2.2. qanunların və digər normativ-hüquqi aktların hazırlanması, qəbulu və icrası zamanı.

23.3. Azərbaycan Respublikasının dövlət orqanlarının formalaşdırılmasına və fasiləsiz fəaliyyət göstərməsinə qarşı yönəlmiş hər hansı hərəkətə və qərar qəbul edilməsinə yol verilmir.

23.4. Dövlət aşağıdakı istiqamətlərə yönəlmiş tədbirlər görür:

23.4.1. dövlət orqanlarında qulluğun nüfuzunun və hörmətinin yüksəldilməsi;

23.4.2. müəyyən edilmiş tələblərə uyğun gəlməyən şəxslərin dövlət orqanlarında qulluğa daxil olmasını istisna edən təşkilati-hüquqi mexanizmlərin yaradılması.

23.5. Azərbaycan Respublikasının dövlət qulluqçuları öz fəaliyyətlərində ümumdövlət maraqlarını rəhbər tutmağa borcludurlar. Dövlət qulluqçularının dövlət hakimiyyətinin nüfuzuna xələl gətirən qərarlar qəbul etməsi və hərəkətlərə yol verməsi qadağandır.

Maddə 24. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması tədbirlərinin həyata keçirilməsi tələbləri və vasitələri

24.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması tədbirləri həyata keçirilərkən aşağıdakı tələblər nəzərə alınmalıdır:

24.1.1. vahid dövlət siyasətinin həyata keçirilməsində bütün dövlət orqanlarının və vəzifəli şəxslərin səlahiyyətlərinin dəqiq bölünməsi, onların əlaqəli fəaliyyət göstərməsi üçün bu siyasətin ardıcıl reallaşdırılması, həmçinin qanuni əsaslarla vətəndaşların həmin tədbirlərdə iştirak etməsi;

24.1.2. milli maraqların qorunması üçün real və potensial, daxili və xarici təhdidlərə qarşı adekvat tədbirlərin görülməsi;

24.1.3. insanın, cəmiyyətin və dövlətin qarşılıqlı məsuliyyəti, onların maraqlarının tarazlaşdırılması.

24.2. Azərbaycan Respublikası öz milli təhlükəsizliyini sərəncamında olan bütün siyasi, iqtisadi, hərbi, hüquqi və digər vasitə və metodlarla birtərəfli qaydada və yaxud beynəlxalq müqavilələrə müvafiq olaraq təmin edir.

24.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyi milli maraqların müdafiəsinin zəruri səviyyəsinin əldə edilməsi və saxlanılması vasitəsi ilə təmin olunur:

24.3.1. dövlətin bu sahədəki fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi;

24.3.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin aşkarlanması və proqnozlaşdırılması;

24.3.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin qabaqlanması və qarşısının alınması üzrə əməliyyat və uzunmüddətli kompleks tədbirlərin həyata keçirilməsi, o cümlədən bu təhdidləri doğuran səbəb və şərtlərin aradan qaldırılması;

24.3.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə bilavasitə təhdid və qəsdlərin yarandığı təqdirdə, o cümlədən dövlətdaxili, transsərhəd və qlobal xarakterli ekstremal və fövqəladə vəziyyətlərdə milli təhlükəsizliyin təmin edilməsi üçün qüvvə və vasitələrin səfərbər edilməsi;

24.3.5. Azərbaycan Respublikasının milli maraqlarının qorunması, milli təhlükəsizliyə qəsd edən qeyri-qanuni fəaliyyətin qarşısının alınması üçün təxirəsalınmaz qərarlar qəbul edilməsi və tədbirlər görülməsi;

24.3.6. Azərbaycan Respublikasının milli maraqlarına qarşı yönəlmiş qəsdlərin nəticələrinin lokallaşdırılması və ləğv edilməsi, kompleks bərpa tədbirlərinin həyata keçirilməsi.

IV fəsilYekun müddəalar

Maddə 25. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması tədbirlərinin maliyyələşdirilməsi

Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələrin və dövlət orqanlarının fəaliyyəti və buna yönəlmiş tədbirlərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının büdcəsi və qeyri-büdcə vəsaitləri hesabına həyata keçirilir.

Maddə 26. Milli təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Milli təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasına görə hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 27. Beynəlxalq müqavilələr və milli təhlükəsizlik

Azərbaycan Respublikasının suveren hüquqlarını məhdudlaşdıran, dövlət müstəqilliyinin itirilməsinə yönəlmiş, yaxud Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcək beynəlxalq müqavilələrin bağlanılmasına yol verilmir.

Maddə 28. Normativ-hüquqi aktların bu qanuna uyğunluğu

Bu qanunun müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatında ayrı-ayrı sahələri və vasitələri tənzimləyən qanunverici və digər normativ-hüquqi aktların hazırlanması və qəbul edilməsi üçün əsasdır.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 29 iyun 2004-cü il.

№ 712-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (6 avqusta 2004-cü il, № 181) («VneshExpertService» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2004-cü il, № 8, maddə 602) («VneshExpertService» LLC).

21 dekabr 2010-cu il tarixli, 38-IVQD nömrəli; 21 dekabr 2012-ci il tarixli, 522-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə.