Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu

 

Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. məişət zorakılığı — yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması;

1.0.2. məişət zorakılığından zərər çəkmiş şəxs (bundan sonra — zərər çəkmiş şəxs) — bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi bu Qanunun 1.0.3-1.0.6-cı maddələrində nəzərdə tutulmuş hərəkətlər nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxs;

1.0.3. məişət zəminində fiziki zorakılıq — bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması;

1.0.4. məişət zəminində psixi zorakılıq — bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri;

1.0.5. məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi — bu Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləri;

1.0.6. məişət zəminində cinsi zorakılıq — bu Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi;

1.0.7. məişət zorakılığının qarşısının alınması — məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlər;

1.0.8. yardım mərkəzləri — zərər çəkmiş şəxslərə hüquqi, tibbi, psixi, sosial və digər yardımın göstərilməsi məqsədi ilə yaradılan dövlət və qeyri-dövlət qurumları;

1.0.9. mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt.

Maddə 2. Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 3. Məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər

3.0. Məişət zorakılığının qarşısının alınmasının əsas prinsipləri aşağıdakılardan ibarətdir:

3.0.1. hər kəsin Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsas insan hüquq və azadlıqlarının təmin edilməsi;

3.0.2. qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsi;

3.0.3. qanunvericiliklə müəyyən edilmiş hallar və hüdudlar istisna olmaqla hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi;

3.0.4. şəxsi və ailə həyatı sirrinin qorunması məqsədi ilə konfidensiallığa riayət edilməsi;

3.0.5. zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası;

3.0.6. məişət zorakılığının qarşısının alınması sahəsində dövlət orqanlarının və qeyri-dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı.

Maddə 4. Bu Qanunun şamil edildiyi şəxslər

4.0. Bu Qanun aşağıdakı şəxslərə şamil edilir:

4.0.1. yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlara;

4.0.2. nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada;

4.0.3. qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə;

4.0.4. qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan yaxın qohumlarına.

II Fəsil. Məişət zorakılığı barədə şikayətlərə baxılması qaydası

Maddə 5. Məişət zorakılığı barədə şikayətlərə baxan dövlət orqanları

5.1. Məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır.

5.2. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 6. Məişət zorakılığı barədə şikayətlərin araşdırılması

6.1. Məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün aşağıdakılar səbəb ola bilər:

6.1.1. zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti;

6.1.2. fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil və ya səhiyyə müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən daxil olmuş müraciətlər.

6.2. Dövlət və yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, qəyyumluq və himayə orqanları, təhsil və səhiyyə müəssisələri, yardım mərkəzləri xidməti vəzifələrinin həyata keçirilməsi zamanı məişət zorakılığının törədilməsi barədə aldığı şikayətləri bu Qanunun 5-ci maddəsində müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər.

6.3. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır.

Maddə 7. Məişət zorakılığı ilə bağlı şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxıldıqda, cinayət təqibi ilə yanaşı görülməli tədbirlər

7.0. Cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələrlə yanaşı, məişət zorakılığı barədə məlumat təsdiqləndikdən sonra görülməli tədbirlər aşağıdakılardır:

7.0.1. zərurət olduqda zərər çəkmiş şəxsin dövlət vəsaiti hesabına dərhal tibbi yardımla, yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi, habelə onun barəsində psixoloji reabilitasiya kursunun aparılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərmək;

7.0.2. məişət zorakılığının yaranmasına səbəb olan halları aşkar etmək və onların qarşısını almaq istiqamətində tədbirlər görmək;

7.0.3. məişət zorakılığının qarşısının alınmasını, onun təkrarlanmamasını, araşdırmanın aparıldığı müddət ərzində zərər çəkmiş şəxsin təhlükəsizliyini təmin etmək;

7.0.4. araşdırmanın aparılması zamanı tərəflərin münasibətlərinin normallaşmasına və ailədə münasibətlərin bərpa olunmasına kömək göstərmək;

7.0.5. məişət zorakılığını törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və onlarla tərbiyəvi-qabaqlayıcı işin aparılması üçün tədbirlər görmək;

7.0.6. məişət zorakılığından əziyyət çəkən ailə üzvlərinə onların hüquqlarını, dövlət tərəfindən yaradılan və bu Qanunla müəyyən edilən vasitələrdən istifadə qaydalarını izah etmək;

7.0.7. zərər çəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər görmək;

7.0.8. məişət zorakılığı ilə bağlı şikayətin araşdırılması nəticəsində cinayət işinin başlanması üçün əsaslar müəyyən olunmadığı halda həmin şikayəti aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına göndərmək;

7.0.9. zəruri hallarda məişət zorakılığı barədə şikayətlər üzrə araşdırmanı aparan digər dövlət orqanlarına kömək göstərmək.

Maddə 8. Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri

8.0. Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri aşağıdakıların təmin edilməsindən ibarətdir:

8.0.1. məişət zorakılığı ilə bağlı daxil olmuş məlumatı qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etmək, qeydiyyatdan keçirmək, araşdırmanı mümkün qədər qısa müddətdə aparmaq, müvafiq hallarda dərhal hadisə yerində araşdırma aparmaq və tərəfləri ayrılıqda dinləmək;

8.0.2. məişət zorakılığı ilə bağlı daxil olmuş şikayətdə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat olduqda həmin şikayəti aidiyyəti üzrə göndərmək;

8.0.3. müraciət etmiş şəxsə onun hüquqlarını, zorakılığı törədən şəxsin məsuliyyətə cəlb edilməsi, habelə bu məsələ ilə bağlı məhkəməyə müraciət qaydasını izah etmək;

8.0.4. müraciətə səbəb olmuş hərəkətlərin təkrarlanmaması və məişət zorakılığının qarşısının alınması üçün tədbirlər görmək;

8.0.5. araşdırmanın aparıldığı müddət ərzində zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək;

8.0.6. zəruri hallarda zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək, onu dövlət yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə, tibbi və psixoloji yardımla təmin etmək, təhsil alması, işlə təmin olunması, yeni peşələrə yiyələnməsi üçün, habelə sosial müdafiəsi ilə bağlı tədbirlər görmək;

8.0.7. məişət zorakılığından əziyyət çəkən yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə bağlı tədbirlər görmək;

8.0.8. tərəflərin münasibətlərinin normallaşmasına və ailə münasibətlərinin bərpa olunmasına kömək göstərmək;

8.0.9. məişət zorakılığının təkrarlanmaması barədə zorakılıq törətmiş şəxsə xəbərdarlıq etmək və həmin xəbərdarlığın icrasına nəzarət etmək;

8.0.10. məişət zorakılığı törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görmək;

8.0.11. zərər çəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər görmək;

8.0.12. bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş tədbirləri təşkil etmək;

8.0.13. məlumatın konfidensiallığına dair qanunvericiliyin tələbləri nəzərə alınmaqla, məişət zorakılığı ilə bağlı məlumat bankını yaratmaq, statistik məlumatların toplanmasını təşkil etmək;

8.0.14. qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyəti ilə bağlı normativ tənzimləməni və onların akkreditasiyasını həyata keçirmək;

8.0.15. məişət zorakılığının qarşısının alınması sahəsində beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək.

Maddə 9. Məişət zorakılığı barədə şikayətlərə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmasının nəticələrinə dair qərar

9.0. Məişət zorakılığı barədə şikayətlərə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri qəbul olunur:

9.0.1. məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;

9.0.2. məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;

9.0.3. əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

9.0.4. zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

9.0.5. zərər çəkmiş şəxsin yardım mərkəzində sığınacaqla təmin edilməsi.

Maddə 10. Mühafizə orderi

10.1. Bu Qanuna uyğun olaraq zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.

10.2. Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər:

10.2.1. məişət zorakılığının təkrar törədilməsi;

10.2.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;

10.2.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

10.3. Uzunmüddətli mühafizə orderində bu Qanunun 10.1-ci maddəsində qeyd olunanlarla yanaşı aşağıdakılar nəzərdə tutula bilər:

10.3.1. məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;

10.3.2. yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;

10.3.3. zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;

10.3.4. mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat.

10.4. Mühafizə orderi icra haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada icra olunur.

Maddə 11. Məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və qısamüddətli mühafizə orderinin verilməsi

11.1. Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.

11.2. Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər.

11.3. Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.

Maddə 12. Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası

12.1. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

12.2. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

12.3. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qanunvericiliklə müəyyən edilmiş qaydada qapalı məhkəmə iclasında baxıla bilər.

12.4. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı qanunvericiliyə uyğun olaraq qüvvəyə minir və müddəti hesablanır. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərar qanunvericiliyə uyğun olaraq icraya yönəldilir.

12.5. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Yuxarı instansiya məhkəməsinə şikayətin verilməsi mühafizə orderi üzrə qərarın icrasını dayandırmır.

12.6. Uzunmüddətli mühafizə orderinin surəti onun çıxarıldığı gün tərəflərə verilməlidir.

III fəsil. Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlər

Maddə 13. Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin növləri

13.1. Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin aşağıdakı növləri vardır:

13.1.1. hüquqi xarakterli tədbirlər — məişət zorakılığı hallarının araşdırılması, məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;

13.1.2. sosial xarakterli tədbirlər — zərər çəkmiş şəxslərin sosial müdafiəsi üzrə, o cümlədən müvəqqəti sığınacaqla təmin edilməsi, onlara dövlət hesabına hüquqi və tibbi yardımın göstərilməsi, habelə digər sosial yönümlü tədbirlərin həyata keçirilməsi;

13.1.3. qabaqlayıcı tədbirlər — əhali arasında məişət zorakılığının mənfi hüquqi, tibbi və sosial nəticələrinin izah edilməsi, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş digər maarifləndirmə tədbirlərinin təşkili.

13.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığının qarşısının alınması ilə bağlı tədbirlər üzrə dövlət proqramları qəbul edilə bilər.

Maddə 14. Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi tədbirlər

14.0. Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi tədbirlər aşağıdakılardan ibarətdir:

14.0.1. məişət zorakılığı ilə bağlı cinayət təqibinin həyata keçirilməsi;

14.0.2. məişət zorakılığı törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi;

14.0.3. zərər çəkmiş şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi, araşdırmanın aparıldığı müddət ərzində müraciət etmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi;

14.0.4. zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi;

14.0.5. məişət zorakılığı ilə bağlı işlərə dair məhkəmə qərarlarının icrasının təmin edilməsi;

14.0.6. məişət zorakılığı ilə bağlı verilmiş xəbərdarlığın icrasına nəzarətin həyata keçirilməsi;

14.0.7. məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması;

14.0.8. məişət zorakılığı ilə bağlı statistik məlumatların toplanması;

14.0.9. qanunvericiliklə müəyyən edilmiş qaydada məişət zorakılığı ilə bağlı məlumatların konfidensiallığının təmin edilməsi;

14.0.10. qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyəti ilə bağlı normativ tənzimləmənin və həmin mərkəzlərin akkreditasiyasının həyata keçirilməsi.

Maddə 15. Məişət zorakılığının qarşısının alınması sahəsində sosial tədbirlər

15.0. Məişət zorakılığının qarşısının alınması sahəsində sosial tədbirlər aşağıdakılardan ibarətdir:

15.0.1. zərər çəkmiş şəxslərin sosial müdafiəsinin təşkili, onlara müvafiq sənədlərin və ya qanunvericiliklə müəyyən edilmiş sosial müavinətlərin alınmasında kömək göstərilməsi;

15.0.2. zərər çəkmiş şəxslərə təhsilin davam etdirilməsində kömək göstərilməsi;

15.0.3. zərər çəkmiş şəxslərin işlə təmin edilməsində, yeni peşələrə yiyələnməsində kömək göstərilməsi;

15.0.4. zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına tibbi yardımın göstərilməsi;

15.0.5. zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya kurslarının təşkili;

15.0.6. zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması;

15.0.7. zərər çəkmiş uşaqların sosial qayğı ilə təmin edilməsi üçün tədbirlərin görülməsi;

15.0.8. zərər çəkmiş şəxslərin sosial müdafiəsi istiqamətində digər tədbirlərin həyata keçirilməsi.

Maddə 16. Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər

16.1. Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər məişət zorakılığının qarşısının alınmasına, ailələrdə normal münasibətlərin yaradılmasına, məişət zorakılığı hallarının və ondan yaranan mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan qaldırılmasına yönəlir.

16.2. Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər aşağıdakılardan ibarətdir:

16.2.1. məişət zorakılığı əleyhinə maarifləndirmə işinin aparılması;

16.2.2. məişət zorakılığı hallarının və onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin izah edilməsi;

16.2.3. məişət zorakılığının qarşısının alınması üsullarının izah edilməsi;

16.2.4. əhali arasında yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi;

16.2.5. məişət zorakılığına səbəb olan halların araşdırılması, təhlil edilməsi, onların qarşısının alınmasına yönəlmiş tövsiyələrin, proqramların hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili;

16.2.6. məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması;

16.2.7. məişət zorakılığına görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyətin izah edilməsi;

16.2.8. məişət zorakılığı törətmiş şəxslərə belə halların təkrarlanmaması barədə xəbərdarlıq edilməsi;

16.2.9. məişət zorakılığı ilə bağlı sorğuların keçirilməsi.

16.3. Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 17. Zərər çəkmiş şəxslərə yardım göstərildikdə konfidensiallığın təmin edilməsi

17.1. Şəxs barəsində məişət zorakılığının törədilməsi faktı və zərər çəkmiş şəxslərə yardım göstərildiyi vaxt şəxsi və ailə həyatı barəsində müəyyən edilmiş məlumatlar konfidensial hesab olunur.

17.2. Məişət zorakılığı ilə bağlı müraciətlərin araşdırılması, məişət zorakılığı ilə bağlı statistik məlumatların toplanılması, zərər çəkmiş şəxslərə yardımın göstərilməsi zamanı məlumatların konfidensiallığı, şəxsi və ailə sirrinin yayılmaması təmin edilməlidir.

17.3. Məişət zorakılığı ilə bağlı məlumat bankında toplanmış məlumatların konfidensiallığı məlumat bankını aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunur. Məişət zorakılığı ilə bağlı məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada verilə bilər. Məişət zorakılığı ilə bağlı statistik məlumatlar adsızlaşdırılmış şəkildə açıqlanmalıdır.

17.4. Xidməti fəaliyyəti ilə bağlı məişət zorakılığı barədə müraciətlərin araşdırılması zamanı məlumatların konfidensiallığını təmin etməyən vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 18. Məişət zorakılığı ilə bağlı məlumat bankı

18.1. Məişət zorakılığı ilə bağlı məlumat bankı müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.

18.2. Məlumat bankında baş vermiş məişət zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, məişət zorakılığı halları ilə bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər, məhkəmə qərarları, o cümlədən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri, onların fəaliyyəti barədə və digər məlumatlar toplanır.

18.3. Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18.4. Dövlət orqanları və yardım mərkəzləri məişət zorakılığı halları ilə bağlı məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.

18.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı məlumat bankında məişət zorakılığı halları üzrə toplanan məlumatlar əsasında ümumiləşdirmələr və təhlil materialları hazırlanır.

Maddə 19. Yardım mərkəzləri

19.1. Zərər çəkmiş şəxslər üçün dövlət yardım mərkəzləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur. Dövlət yardım mərkəzlərinin göstərdiyi xidmətlər ödənişsizdir.

19.2. Yardım mərkəzlərinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

19.2.1. zərər çəkmiş şəxsləri hüquqi və (və ya) tibbi yardımla təmin etmək;

19.2.2. zərər çəkmiş şəxslərin işlə təmin edilməsinə, yeni peşələrə yiyələnməsinə kömək göstərmək;

19.2.3. zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya kursu təşkil etmək;

19.2.4. zərər çəkmiş şəxslərin sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasında və ya sosial müavinətlərin alınmasında kömək göstərmək;

19.2.5. zəruri hallarda zərər çəkmiş şəxsləri müvəqqəti sığınacaqla təmin etmək;

19.2.6. zərər çəkmiş şəxslərin ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün tədbirlər görmək;

19.2.7. məişət zorakılığı ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirmək;

19.2.8. zərər çəkmiş şəxslərin qarşılıqlı yardım qruplarını təşkil etmək;

19.2.9. zərər çəkmiş şəxslərin sosial müdafiəsi ilə bağlı digər tədbirlərin həyata keçirilməsini təmin etmək.

19.3. Yetkinlik yaşına çatmamış zərər çəkmiş şəxslər yardım mərkəzində 3 ay müddətinədək, digər zərər çəkmiş şəxslər isə 2 ay müddətinədək zəruri hallarda sığınacaqla təmin oluna bilərlər.

19.4. Yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, digər qurumlar və şəxslər yardım mərkəzlərini yarada bilərlər. Fiziki şəxslərin mənzillərindən onların razılığı əsasında xeyriyyəçilik məqsədilə yardım mərkəzi kimi istifadə oluna bilər.

19.5. Qeyri-dövlət yardım mərkəzləri müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçməlidir.

19.6. Yardım mərkəzlərinin fəaliyyəti qaydası və qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

IV fəsil. Yekun müddəalar

Maddə 20. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun və məişət zorakılığı ilə bağlı digər qanunvericilik aktlarının tələblərini pozan şəxslər Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 22 iyun 2010-cu il

№ 1058-IIIQ

«Respublika» qəzetində dərc edilmişdir (3 oktyabr 2010-cu il, № 214).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2010-cu il, № 10 (160), maddə 836)