III fəsil. Terror aksiyaları nəticəsində dəyən ziyanın ödənilməsi. Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxslərin hüquqi və sosial müdafiəsi

 

Maddə 13. Terror aksiyaları nəticəsində dəyən ziyanın ödənilməsi və zərər çəkmiş şəxslərin sosial reabilitasiyası

Terror aksiyaları nəticəsində fiziki və hüquqi şəxslərin əmlakına dəyən ziyan dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.

Terror aksiyaları nəticəsində zərər çəkmiş şəxslərin sosial reabilitasiyası, həmin şəxslərə göstərilən hüquqi, psixoloji, tibbi, professional yardımları, onların işlə və mənzillə təmin olunmasını nəzərdə tutur.

Terror aksiyaları nəticəsində zərər çəkmiş, habelə bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş şəxslərin sosial reabilitasiyası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Terror aksiyaları nəticəsində zərər çəkmiş şəxslərin sosial reabilitasiyasının həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 14. Terrorçuluğa qarşı mübarizə aparan şəxslərin hüquqi və sosial müdafiəsi

Terrorçuluğa qarşı mübarizə aparan şəxslər dövlətin müdafiəsi altındadırlar. Hüquqi və sosial müdafiə tədbirləri aşağıdakı şəxslər barəsində tətbiq edilir:

1) müvafiq icra hakimiyyəti orqanının terrorçuluğa qarşı mübarizədə bilavasitə iştirak edən əməkdaşları;

2) dövlət orqanlarına daimi və ya müvəqqəti əsaslarla terror fəaliyyətinin qarşısının alınmasında, aşkar edilməsində və bu fəaliyyət nəticəsində dəyə biləcək ziyanın minimuma endirilməsində kömək edən şəxslər;

3) bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş şəxslər xidmət vəzifələrini yerinə yetirərkən onların yaxın qohumlarının sağlamlığına və ya əmlakına ziyan dəydiyi hallarda, həmin şəxslərin yaxın qohumları.

Terrorçuluğa qarşı mübarizə aparan şəxslərin sağlamlığına və əmlakına dəyən ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.

Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı həlak olduqda (vəfat etdikdə) onun ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına orta aylıq əmək haqqı məbləğinin yüz misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.

Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı xidmətinin davam etdirilməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, ona dövlət büdcəsinin vəsaiti hesabına orta əmək haqqı məbləğinin doxsan misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.

Maddə 15. Dəymiş ziyana görə məsuliyyətdən azad olma

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada terror əleyhinə aparılan əməliyyat zamanı terrorçuların həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyat zamanı vurulmuş bu cür ziyana görə məsuliyyət daşımır.

Maddə 16. Xidmət illərinin güzəştli hesablanması

Terrorçuluğa qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət edən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları üçün pensiyanın məbləğinin hesablanmasında xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə bir xidmət günü üç xidmət günü kimi hesablanır.