III Fəsil. Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində təşkilatların və vətəndaşların vəzifələri
Maddə 7. Təşkilatların vəzifələri
7.1. Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində təşkilatlar öz səlahiyyətləri daxilində:
7.1.1. səfərbərlik hazırlığının təmin edilməsi üçün tədbirlər təşkil edir və keçirirlər;
7.1.2. səfərbərlik orqanları yaradırlar və ya səfərbərlik orqanlarının vəzifələrini yerinə yetirən işçiləri (bundan sonra—səfərbərlik işçiləri) təyin edirlər;
7.1.3. səfərbərlik planlarını işləyib hazırlayırlar;
7.1.4. səfərbərlik zamanı və müharibə dövründə səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi məqsədi ilə istehsalatın hazırlanmasına dair tədbirlər keçirirlər;
7.1.5. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada istehsalatın müharibə dövrünün iş rejiminə keçirilməsi üçün tədbirlər görürlər;
7.1.6. səfərbərlik hazırlığının və səfərbərliyin təmin edilməsi məqsədi ilə bağlanmış müqavilələrə müvafiq olaraq səfərbərlik tapşırıqlarını (sifarişlərini) yerinə yetirirlər;
7.1.7. dinc dövrdə və səfərbərlik zamanı müvafiq icra hakimiyyəti orqanlarına səfərbərlik işində köməklik göstərirlər;
7.1.8. səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan işçilərinin vaxtında xəbərdar edilməsini, toplanış məntəqələrinə, yaxud hərbi hissələrə gəlməsini təmin edirlər;
7.1.9. səfərbərlik planlarına müvafiq olaraq, texnikanın toplanış məntəqələrinə, yaxud hərbi hissələrə göndərilməsini təmin edirlər;
7.1.10. təşkilatlara vurulan zərərin əvəzinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tərəfindən ödənilməsi şərti ilə, səfərbərlik planlarına uyğun olaraq binaları, tikililəri, kommunikasiyaları, torpaq sahələrini, rabitə, nəqliyyat və digər vasitələri ayırırlar;
7.1.11. hərbi uçot bölmələri yaradır və bu təşkilatlarda işləyən hərbi vəzifəlilərin hərbi uçot və bron işlərini aparır, bron üzrə hesabatın təqdim edilməsini təmin edirlər;
7.1.12. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatları təqdim edirlər.
7.2. İstehsal gücü səfərbərlik tapşırıqlarını (sifarişlərini) yerinə yetirməyə imkan verən təşkilatlar, səfərbərliklə əlaqədar istehsalın genişləndirilməsi zərurəti yarandığı hallarda, bu tapşırıqların (sifarişlərin) yerinə yetirilməsi haqqında müqavilələrin bağlanmasından imtina edə bilməzlər.
7.3. Səfərbərlik üzrə çağırış və müharibə dövründə sonrakı çağırışlar zamanı vətəndaşların toplanış məntəqələrinə, yaxud hərbi hissələrə vaxtında gəlməsinə mane olan təşkilatların rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
7.4. Səfərbərlik tapşırığının (sifarişinin) yerinə yetirilməsi ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tərəfindən ödənilir.
Maddə 8. Vətəndaşların vəzifələri
8.1. Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində vətəndaşlar:
8.1.1. səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə çağırış vərəqəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına gəlirlər;
8.1.2. müvafiq icra hakimiyyəti orqanlarından aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəxslərin əmrlərində qeyd olunmuş tələbləri yerinə yetirirlər;
8.1.3. müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşlara vurulan zərərin əvəzinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tərəfindən ödənilməsi şərti ilə binaları, tikililəri, nəqliyyat vasitələrini və onların mülkiyyətində olan digər əmlakı təqdim edirlər.
8.2. Vətəndaşlar səfərbərlik zamanı və müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan işlərə cəlb olunur, habelə müəyyən olunmuş qaydada xüsusi birləşmələrə daxil edilirlər.
8.3. Səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.