I fəsil. Ümumi müddəalar

 

Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:
1.0.1. narkotik vasitələr—BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.
1.0.2. psixotrop maddələr—BMT-nin 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.
1.0.3. prekursorlar—narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması məqsədi ilə istifadə edilən kimyəvi maddələr və onların duzları, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan kimyəvi maddələr və onların duzlarıdır;
1.0.4. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi—Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra—nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır;
1.0.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi—Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir;
1.0.6. tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası—Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır;
1.0.7. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması—həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir;
1.0.8. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi—həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir;
1.0.9. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi—həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir;
1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması—məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir;
1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması—miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir;
1.0.12. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq orqanizmə yeridilməsi—narkotik vasitələrin və psixotrop maddələrin başqa şəxsin orqanizminə onun iradəsinə zidd olaraq hər hansı üsulla yeridilməsidir;
1.0.13. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əlavə edilməsi—narkotik vasitələrin və psixotrop maddələrin ərzaq məhsullarına, içkilərə və ya qidaya istehlakçının xəbəri olmadan əlavə edilməsidir;
1.0.14. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı—Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla, tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir;
1.0.15. narkotik vasitələrin və psixotrop maddələrin başqa şəxs tərəfindən qanunsuz istehlakına yardım edilməsi—narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı üçün başqa şəxslərə hər hansı bir şəxs tərəfindən vəsait, avadanlıq və ya yer verilməsi, yaxud da belə istehlaka bilavasitə köməklik göstərilməsidir;
1.0.16. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakına təhrik etmə—bədii, audio, video və sair materialların, o cümlədən kompüterləşdirilmiş informasiya və digər vasitələr ilə düzünə və ya dolayı yolla narkotik vasitələrin və psixotrop maddələrin istehlakına təhrik etmədir;
1.0.17. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakına cəlb etmə—nəticəsindən asılı olmayaraq, düzünə və ya dolayı yolla digər şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakına cəlb edilməsidir (təklif etmə, qonaq etmə və sair);
1.0.18. narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə—Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla, tibbi göstəriş əsasında həkimin təyinatı olmadan narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığa gətirə biləcək şəkildə onların qəbul edilməsidir;
1.0.19. narkomanlıq—xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və ya) fiziki asılılıqla, o cümlədən psixi və davranış pozuntuları ilə ifadə olunan xəstəlik vəziyyətidir;
1.0.20. narkomanlıq xəstəliyinə düçar olan şəxs—narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində onlardan psixi və (və ya) fiziki asılılıq vəziyyətinə düşən, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan və barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji-tibb müəssisəsi tərəfindən «narkomanlıq» diaqnozu təyin edilmiş şəxsdir;
1.0.21. könüllü müalicə—özünün və ya onun qanuni nümayəndəsinin razılığı ilə xəstənin narkomanlıqdan narkoloji-tibb müəssisəsində müalicəsidir;
1.0.22. məcburi müalicə—Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilən narkomanlıq xəstəliyinə düçar olan şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsidir.

Maddə 2. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında qanunvericilik

2.1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında qanunvericilik Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
2.2. Bu qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq olunur.