Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2004-cü il fevralın 27-də imzalanmış Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası Azərbaycan Respublikasının ona dair qeyd-şərtləri və bəyanatları ilə (qeyd-şərtlərin və bəyanatların mətnləri əlavə olunur) təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 30 sentyabr 2005-ci il
№ 1003-IIQ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2005-ci il, № 10, maddə 890).
Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası
Baş Assambleyanın 2003-cü il 31 oktyabr tarixli, 57/169 nömrəli Qətnaməsi ilə qəbul edilmişdir
Preambula
Bu Konvensiyanın iştirakçısı olan Dövlətlər,
korrupsiyanın, demokratik institutları və dəyərləri, etik dəyərləri və ədaləti sarsıdaraq, davamlı inkişafa və hüququn aliliyinə xələl gətirərək,
cəmiyyətin stabilliyi və təhlükəsizliyi üçün doğurduğu problemlərin və təhdidlərin ciddiliyindən narahat olaraq,
həmçinin korrupsiya və cinayətkarlığın digər formaları, xüsusən mütəşəkkil cinayətkarlıq və iqtisadi cinayətkarlıq, o cümlədən pul
vəsaitlərinin yuyulması arasında əlaqələrdən narahat olaraq,
dövlətlərin resurslarının xeyli hissəsini təşkil edə bilən böyük həcmli aktivlərlə bağlı olan, bu dövlətlərin siyasi stabilliyini və sabit inkişafını
təhlükə altına qoyan korrupsiya hallarından narahat olaraq,
korrupsiyanın artıq lokal problem deyil, bütün ölkələrin cəmiyyət və iqtisadiyyatına toxunan, buna görə də qarşısının alınması və əleyhinə
mübarizə aparılması sahəsində beynəlxalq əməkdaşlığın müstəsna dərəcədə vacib əhəmiyyət kəsb etdiyi transmilli bir təzahür olmasına əmin
olaraq,
korrupsiyanın səmərəli surətdə qarşısının alınması və ona qarşı mübarizə aparılması üçün ümuməhatəli və çoxşaxəli yanaşmanın zəruriliyinə
inanaraq,
texniki yardımın mövcudluğunun, habelə potensialı artırmaq və institutlar yaratmaq yolu ilə, korrupsiyanın səmərəli surətdə qarşısının
alınması və ona qarşı mübarizə aparılması sahəsində dövlətlərin imkanlarını genişləndirəcəyini qət edərək,
qanunsuz olaraq şəxsi var-dövlət əldə edilməsinin demokratik təsisatlara, milli iqtisadiyyata və hüquq qaydalarına ciddi ziyan vura bilməsinə
əmin olaraq,
qanunsuz əldə edilmiş aktivlərin beynəlxalq köçürmələrinin daha səmərəli surətdə qarşısını almaq, onları aşkarlamaq və dəf etmək, habelə
aktivlərin geri qaytarılması üzrə tədbirlər görülməsi sahəsində beynəlxalq əməkdaşlığı möhkəmlətmək əzmi ilə çıxış edərək,
cinayət təqibi, mülki və ya inzibati icraat gedişində əmlak hüquqlarının müəyyən edilməsi üçün düzgün hüquq tətbiqinin əsas prinsiplərini
təsdiq edərək,
korrupsiyanın qarşısının alınması və aradan qaldırılmasının bütün dövlətlərin vəzifəsi olduğunu, bu sahədə öz səylərinin səmərəliliyini təmin
etmək üçün dövlətlərin bir-biri ilə əməkdaşlıq etməli, habelə dövlət sektorundan xaricdə ayrı-ayrı şəxslərin və qrupların, məsələn vətəndaş
cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının icma bazasında fəaliyyət göstərən təşkilatların dəstəyinə və iştirakına güvənməli olduğunu nəzərə
alaraq,
həmçinin dövlət işlərinin və dövlət əmlakının düzgün idarə olunması, ədalət, məsuliyyət və qanun qarşısında bərabərlik prinsiplərini,
vicdanlılığın təmin olunması, korrupsiyanı istisna edən mədəniyyətin formalaşmasına imkan yaradılması zərurətini nəzərə alaraq,
Cinayətkarlığın qarşısının alınması və cinayət mühakiməsi Komissiyasının və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq
üzrə İdarəsinin korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə aparılması sahəsində gördüyü işlərə yüksək qiymət verərək,
digər beynəlxalq və regional təşkilatların, məsələn Afrika İttifaqının, Avropa Birliyinin, Ərəb Dövlətləri Liqasının, Amerika Dövlətləri
Təşkilatının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Avropa Şurasının və Gömrük Əməkdaşlığı Şurasının (həmçinin Ümumdünya
Gömrük Təşkilatı kimi tanınır) bu sahədə apardığı işlərə istinad edərək,
korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizə sahəsində çoxtərəfli sənədlərə, o cümlədən Amerika Dövlətləri Təşkilatı
tərəfindən 29 mart 1996-cı il tarixdə qəbul olunmuş Korrupsiya ilə mübarizəyə dair Amerika konvensiyasına, Avropa Birliyinin Şurası
tərəfindən 26 may 1997-ci il tarixdə qəbul olunmuş Avropa İttifaqının vəzifəli şəxsləri və Avropa Birliyinə üzv dövlətlərin vəzifəli şəxsləri ilə
bağlı korrupsiyaya qarşı mübarizəyə dair Konvensiyaya, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 21 noyabr 1997-ci il tarixdə
qəbul olunmuş Beynəlxalq kommersiya əqdlərində xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınmasına qarşı mübarizəyə dair Konvensiyaya,
Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 27 yanvar 1999-cu il tarixdə qəbul olunmuş Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti
haqqında Konvensiyaya, Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 4 noyabr 1999-cu il tarixdə qəbul olunmuş Korrupsiya ilə əlaqədar
mülki-hüquqi məsuliyyət haqqında Konvensiyaya və Afrika İttifaqı dövlət və hökumət başçıları tərəfindən 12 iyul 2003-cü il tarixdə qəbul
olunmuş Korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizə haqqında Afrika İttifaqı Konvensiyasına rəğbət hissi ilə diqqət
yetirərək,
Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasının 29 sentyabr 2003-cü il tarixdə qüvvəyə minməsini
alqışlayaraq,
aşağıdakılar barəsində razılığa gəlmişlər: