Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir.

  • Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və formada onlara verilən şəxsiyyət vəsiqəsidir.
  1. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi;
  2. b) Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi;
  3. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi.
  • Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyalı və nömrəsi, sahibinin soyadı və adı, valideyinlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, hansı ölkədən gəldiyi, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı və verilmə tarixi göstərilir.
  • Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində bu Əsasnamənin 4-cü bəndində göstərilən məlumatlardan başqa onun ailə vəziyyəti, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası göstərilir və fotoşəkil əks olunur. Həmin şəxsiyyət vəsiqəsində şəxsin valideyinlərinin soyadı və adı əvəzinə yalnız atasının adı göstərilir.
  • Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində Azərbaycan dövlətinin adı, dövlət gerbi, ölkənin kodu, şəxsiyyət vəsiqəsiin seriyası və nömrəsi, sahibinin soyadı, adı, atasının adı, hansı ölkədən gəldiyi, doğulduğu yer və tarix, cinsi, qan qrupu, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası, onunla birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsi və doğulduğu tarix, şəxsiyyət vəsiqəsinə aid tələblər göstərilir və şəxsiyyət vəsiqəsi sahibinin fotoşəkili əks olunur.
  • vətəndaşlığı olmayan şəxs 16, 20 yaşına çatdıqdan sonra isə hər 5 ildən bir və ya vətəndaşlığı olmayan şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti dəyişdikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə həmin vəziyyəti təsdiq edən sənədi təqdim edərək müvafiq hal baş verəndən sonra bir ay ərzində Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.

Azərbaycan Respublikasının ərazisində 30 gündən artıq yaşamaq istəyən əcnəbi yaşayış yeri üzrə qeydiyyata alınmaqdan ötrü yaşayış yerinə gəldiyi vaxtdan 3 gün ərzində müvafiq ərazi polis idarəsinin və ya şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə müraciət etməlidir. Qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məsul əməkdaşı əcnəbini yaşayış yeri üzrə qeydiyyata almaq üçün ondan qeyd vərəqəsinin ikinci hissəsi ilə birlikdə aşağıda göstərilən sənədləri tələb etməlidir:

  • Ərizə-Anket
  • pasport
  • lazım olduqda giriş icazəsi (vizası)
  • yaşayış sahəsinə köçmək üçün əsas verən order (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya əcnəbiyə yaşayış sahəsi verən şəxsin ərizəsi
  • bir neqativdən eyni ölçüdə çıxarılmış, başıaçıq, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən təsvir edilmiş görünüşü olan 25mmX30mm ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil
  • dövlət rüsumunun ödənilməsi barədə qəbz, əgər onlar müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad ediliblərsə bu faktı təsdiq edən sənədin surəti.

Əcnəbi müraciət etdikdən sonra 3 gün müddətində ona yaşayış yeri üzrə qeydiyyata alınması barədə qeydiyyat vəsiqəsi verilir.Qeydiyyat vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, sahibinin soyadı və adı tam şəkildə, doğulduğu yer və tarix, vətəndaşlıq mənsubiyyəti, cinsi, vəsiqəni verən orqanın adı və verilmə tarixi göstərilir.

Azərbaycan Respublikasına rəsmi icazə (viza) əsasında gələn əcnəbinin yaşayış yeri üzrə qeydiyyat müddəti, onun icazə (viza) müddətindən artıq olmamalıdır.

«Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq:

  1. Əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən vergi və rüsumlar tutulması Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri əsasında həyata keçirilir (Maddə 23).
  2. Azərbaycan Respublikası ərazisində cinayət, inzibati və digər hüquqpozma törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (Maddə 24).
  3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olma qaydalarını pozduqları hallarda (Maddə 25):
  • Azərbaycan Respublikasında olmaq üçün müvafiq sənədləri olmadıqda;
  • Azərbaycan Respublikasında etibarsız sənədlər əsasında yaşadıqda;
  • qanunvericilikdə müəyyən edilmiş hərəkət etmə, yaşayış yeri seçmə və qeydiyyat qaydalarına riayət etmədikdə;
  • işə düzələrkən müəyyən edilmiş qaydaları pozduqda;
  • olma müddəti qurtardıqdan sonra Azərbaycan Respublikası ərazisini vaxtında tərk etmədikdə;

Azərbaycan Respublikası ərazisindən tranzit keçidi qaydalarına əməl etmədikdə – Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

  1. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma müddətləri qısaldıla bilər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma müddətlərinin qısaldılması haqqında qərarı müvafiq dövlət orqanları qəbul edir (Maddə 26).

  1. Milli təhlükəsizliyin təmin olunması, ictimai asayişin mühafizəsi, əhalinin səhhəti, hüquqları və mənafelərinin qorunması zəruriliyi olduqda və həmçinin Azərbaycan Respublikasının əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda əcnəbilər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bir gündən yeddi günədək müddətdə müvafiq dövlət orqanının qərarına əsasən Azərbaycan Respublikası hüdudlarından kənara çıxarıla bilər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması «İnzibati hüquqpozmalar haqqında» Azərbaycan Respublikası Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması haqqında qərarda müəyyən olunmuş müddətdə Azərbaycan Respublikası ərazisini tərk etməlidir. Azərbaycan Respublikası ərazisini tərk etməkdən boyun qaçıran əcnəbi və vətəndaşlığı olmayan şəxs, Azərbaycan Respublikası Baş prokurorunun və Naxçıvan Muxtar Respublikası prokurorunun sanksiyası əsasında tutulur və məcburi qaydada Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması haqqında qərardan məhkəməyə şikayət verilə bilər. Şikayət verilməsi qərarın icrasını dayandırmır.

  1. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə bu Qanunla müəyyən edilmiş qaydalardan fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir (Maddə 28).
  2. Bu Qanun Azərbaycan Respublikası qanunları və iştirakçısı olduğu beynəlxalq müqavilələri əsasında diplomatik immunitetə və imtiyazlara malik olan şəxslərin hüquqlarına toxunmur (Maddə 29).
Azərbaycan Respublikası DİN-nin Pasport, Qeydiyyat İdarəsi