VI fəsil. Texniki yardım və məlumat mübadiləsi
Maddə 60. Kadr hazırlığı və texniki yardım
1. Hər bir İştirakçı Dövlət korrupsiyanın qarşısının alınması və onunla mübarizəyə görə məsuliyyət daşıyan heyəti üçün zəruri olan həddə
xüsusi hazırlıq proqramları işləyib hazırlayır, həyata keçirir və ya təkmilləşdirir. Belə hazırlıq proqramları, digər məsələlərlə yanaşı, həmçinin
aşağıdakı sahələri əhatə edir:
a) korrupsiyanın qarşısının alınması, aşkar edilməsi, cəzalandırılması, habelə sübutların toplanması və istintaq aparılması
metodlarından istifadə də daxil olmaqla onunla mübarizə üçün səmərəli tədbirlər;
b) korrupsiyaya əks təsir üzrə strateci siyasətin işlənib hazırlanması və planlaşdırılması sahəsində potensialın yaradılması;
c) qarşılıqlı hüquqi yardıma dair bu Konvensiyanın tələblərinə uyğun sorğuların tərtib olunması məsələsi üzrə səlahiyyətli orqan
əməkdaşlarının hazırlanması;
d) təsisatların, dövlət xidmətlərini idarəetmənin, dövlət maliyyələrini, həmçinin dövlət satınalmalarını idarəetmənin və özəl sektorun
dəyərləndirilməsi və möhkəmləndirilməsi;
e) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin köçürülməsinin qarşısının alınması, habelə belə
gəlirlərin götürülməsi;
f) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin köçürülməsi üzrə əməliyyatların aşkar olunması
və dayandırılması;
g) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin yerdəyişməsinin, habelə belə gəlirlərin
köçürülməsi, gizlədilməsi və ya ört-basdır edilməsi üçün istifadə olunan metodların izlənməsi;
h) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin geri qaytarılmasına imkan verən müvafiq və
səmərəli hüquqi və inzibati mexanizm və metodlar;
i) məhkəmə orqanları ilə əməkdaşlıq edən zərərçəkən və şahidlərin müdafiəsi üçün istifadə edilən metodlar;
c) əməkdaşların milli və beynəlxalq qaydalara, habelə dillərin öyrənilməsinə aid məsələlər üzrə hazırlanması.
2. İştirakçı Dövlətlər özlərinin korrupsiya ilə mübarizə üzrə müvafiq plan və proqramları ilə bağlı bir-birinə, xüsusən inkişaf etməkdə olan
ölkələrin mənafeyi naminə, öz imkanları daxilində ən geniş formada texniki yardım göstərmək məsələsini nəzərdən keçirirlər ki, belə
yardıma, həmçinin bu maddənin 1-ci bəndində göstərilən sahələr üzrə maddi yardım və kadr hazırlığı, habelə ekstradisiya və qarşılıqlı
hüquqi yardım sahəsində İştirakçı Dövlətlər arasında beynəlxalq əməkdaşlığa kömək edəcək kadr hazırlığı, yardım göstərilməsi və müvafiq
təcrübə və xüsusi biliklərin qarşılıqlı mübadiləsi daxildir.
3. İştirakçı Dövlətlər beynəlxalq və regional təşkilatlarda, habelə, müvafiq ikitərəfli və çoxtərəfli saziş və ya müqavilələr çərçivəsində görülən
praktiki və treninq tədbirlərinin səmərəliliyinin yüksəldilməsinə yönəlmiş səylərini zəruri olan dərəcədə gücləndirirlər.
4. İştirakçı Dövlətlər səlahiyyətli orqanların və ictimaiyyətin iştirakı ilə korrupsiyaya qarşı mübarizə strategiyasının və fəaliyyət planlarının
hazırlanması məqsədilə, öz ölkələrində korrupsiyanın növləri, səbəbləri, nəticələri və məsrəfləri ilə bağlı qiymətləndirmələrin, tədqiqat və
işlərin aparılmasında bir-birinə müvafiq sorğu üzrə yardım etmək imkanlarını nəzərdən keçirirlər.
5. Bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin tutulmasına yardım məqsədilə İştirakçı Dövlətlər bu
məqsədə nail olmağa kömək edəcək ekspertlərin adlarını bir-birinə bildirmək üçün əməkdaşlıq edə bilərlər.
6. İştirakçı Dövlətlər əməkdaşlığa və texniki yardıma imkan yaratmaq, habelə qarşılıqlı maraq doğuran problemlərin, o cümlədən inkişaf
etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin xüsusi problem və tələbatının müzakirəsini stimullaşdırmaq üçün subregional,
regional və beynəlxalq konfrans və seminarlardan istifadə imkanlarını nəzərdən keçirirlər.
7. İştirakçı Dövlətlər inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin texniki yardım sahəsində proqram və layihələr həyata
keçirməklə, bu Konvensiyanı tətbiq etmək səylərinə maliyyə dəstəyi vermək üçün könüllü mexanizmlərin yaradılması imkanlarını nəzərdən
keçirirlər.
8. Hər bir İştirakçı Dövlət inkişaf etməkdə olan ölkələrdə bu Konvensiyanın həyata keçirilməsinə yönəlmiş proqram və layihələrin realizəsinə
Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi vasitəsilə yardım etmək məqsədilə, İdarənin ehtiyacları üçün
könüllü ianələrin ayrılması imkanlarını nəzərdən keçirir.
Maddə 61. Korrupsiyaya dair məlumatların toplanması və təhlili, bu məlumatların mübadiləsi
1. Hər bir İştirakçı Dövlət öz ərazisində korrupsiya sahəsində təmayüllərin, habelə korrupsiya hüquqpozmalarının törədildiyi şəraitin
ekspertlərin iştirakı ilə təhlil edilməsi imkanlarını nəzərdən keçirir.
2. İştirakçı Dövlətlər korrupsiyaya dair analitik biliklərin, statistik məlumatların və korrupsiyanın qarşısının alınması və onunla mübarizə
üçün mümkün dərəcədə ümumi anlayışlar, standartlar və metodologiyalar hazırlamaq məqsədilə, həmçinin ən yaxşı praktika haqqında
məlumatların hazırlanmasını və onların birbaşa və beynəlxalq və ya regional təşkilatlar vasitəsilə mübadiləsini nəzərdən keçirirlər.
3. Hər bir İştirakçı Dövlət korrupsiya ilə mübarizə üzrə öz siyasətinə və praktiki tədbirlərinə nəzarət edilməsi, habelə onların səmərəliliyinin
və təsirliliyinin qiymətləndirilməsi imkanlarını nəzərdən keçirir.
Maddə 62. Başqa tədbirlər: bu Konvensiyanın iqtisadi inkişaf və texniki yardım vasitəsilə həyata keçirilməsi
1. İştirakçı Dövlətlər korrupsiyanın bütövlükdə cəmiyyət üçün, o cümlədən sabit inkişaf üçün mənfi nəticələrini nəzərə alaraq, beynəlxalq
əməkdaşlıq vasitəsilə bu Konvensiyanın optimal səviyyədə həyata keçirilməsinə imkan verən tədbirlər görürlər.
2. İştirakçı Dövlətlər aşağıdakı məqsədlərə nail olmaq üçün bir-biri ilə, habelə beynəlxalq və regional təşkilatlar ilə koordinasiya şəraitində və
imkan daxilində konkret səylər göstərirlər:
a) inkişaf etməkdə olan ölkələrin korrupsiyanın qarşısının alınması və onunla mübarizə sahəsində imkanlarını gücləndirmək məqsədilə
bu ölkələrlə müxtəlif səviyyələrdə əməkdaşlığın fəallaşdırılması;
b) inkişaf etməkdə olan ölkələrin korrupsiyanın səmərəli surətdə qarşısının alınması və onunla mübarizə üzrə səylərini dəstəkləmək və
onlara bu Konvensiyanı müvəffəqiyyətlə həyata keçirməkdə kömək etmək məqsədilə maliyyə və maddi yardımın genişləndirilməsi;
c) inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin bu Konvensiyanın həyata keçirilməsi ilə bağlı tələbatlarının
ödənilməsinə kömək etmək üçün onlara texniki yardım göstərilməsi. Bunun üçün, İştirakçı Dövlətlər Birləşmiş Millətlər Təşkilatı
tərəfindən yaradılmış maliyyələşdirmə mexanizmində konkret olaraq həmin məqsəd üçün nəzərdə tutulmuş hesaba müntəzəm olaraq
kifayət miqdarda könüllü ianələr köçürməyə çalışırlar. İştirakçı Dövlətlər bu Konvensiyanın müddəalarına əsasən müsadirə olunmuş
pul vəsaitlərinin müəyyən hissəsini və ya cinayət yolu ilə əldə edilmiş gəlirlərin və ya əmlakın müvafiq qismini yuxarıda göstərilən
hesaba köçürmək məsələsini öz daxili qanunvericiliyinə və bu Konvensiyanın müddəalarına uyğun olaraq ayrıca nəzərdən keçirə
bilərlər;
d) digər İştirakçı Dövlətləri və maliyyə qurumlarını, lazımi hallarda bu maddəyə uyğun olaraq həyata keçirilən səylərə qoşulmağa,
xüsusən inkişaf etməkdə olan ölkələrə bu Konvensiyada nəzərdə tutulmuş məqsədlərə nail olmaqda yardım etmək üçün daha çox
hazırlıq proqramları və müasir avadanlıqla təmin etməyə həvəsləndirmə və inandırma.
3. Bu tədbirlər ikitərəfli, regional və ya beynəlxalq səviyyəli xarici yardım və ya maliyyə əməkdaşlığı barədə digər müqavilələrə aid mövcud
öhdəliklərə imkan daxilində xələl gətirmir.
4. İştirakçı Dövlətlər bu Konvensiya ilə nəzərdə tutulmuş beynəlxalq əməkdaşlığın səmərəliliyinin təmin edilməsi, habelə korrupsiyanın
qarşısının alınması və aşkar edilməsi və onunla mübarizə aparılması üçün zəruri olan maliyyə müqavilələrini nəzərə alaraq öz aralarında
maddi-texniki yardıma dair ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələr bağlaya bilərlər.